Maliyyə amnistisiyası elan olunmalıdır, amma… - EKSPERTDƏN AÇIQLAMA

Maliyyə amnistisiyası elan olunmalıdır, amma… - EKSPERTDƏN AÇIQLAMA
 

"Maliyyə amnistisiyasının verilməsi o anlama gəlməməlidir ki, proses bir dəfə baş verdikdən sonra insanlar yenidən qeyri-qanuni yollarla maliyyə əldə etsələr dövlət nə vaxtsa növbəti dəfə amnistiyaya gedərək onları bağışlayacaq”.


Sfera.az-a açıqlamasında bu sözləri maliyyə amnistiyasının verilməsi vacibliyilə bağlı Milli Məclisdə səslənən fikirlərə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:


"Azərbaycanda ilkin kapital yığımı məsələsində ciddi problemlər var. Ölkədə inhisarçılıq və korrupsiyanın olduğu hər kəsə bəllidir. Bununla bağlı uzun illərdir problem yaşandığından Azərbaycanda ilkin kapital yığımının müxtəlif üsullarla həyata keçirildiyi də sirr deyil. Ona görə əldə olunan kapitalın leqallaşdırılması və bunun üçün maliyyə amnistisiyasının elan edilməsi vacibdir. Eyni zamanda, həmin prosedur çox şəffaf şərtlərlə həyata keçməlidir ki, ondan sonra hər hansı bir formada gizli kapital toplayanlara qarşı çox sərt mübarizə aparılsın. Yəni, maliyyə amnistisiyasının verilməsi o anlama gəlməməlidir ki, proses bir dəfə baş verdikdən sonra, insanlar yenidən qeyri-qanuni yollarla maliyyə əldə etsələr dövlət nə vaxtsa növbəti dəfə maliyyə amnistisiyasına gedərək onları bağışlayacaq. Bu olmamalıdır”.

 

Həmsöhbətimiz maliyyə amnistiyasının verilməsi fonunda sərt mexanizmlərin işlənib hazırlanmasını da təklif etdi: "Bu istiqamətdə sərt mexanizmlər işlənib hazırlanmalıdır ki, maliyyə amnistisiyasından sonra əldə olunan qeyri-leqal gəlirlərin bir hissəsi vergi şəklində dövlət büdcəsinə ödənilsin. Ondan sonra isə hər hansı bir formada qeyri-leqal vəsait əldə edənlərə qarşı sərt mübarizə aparılmalıdır. Bu baş verəcəksə, məsələnin həllinə kompleks şəklində yanaşılacaqsa, maliyyə amnistisiyasının xeyri və ölkə üçün ciddi praktik nəticələri də olacaq. Ancaq proses tam düşünülməmiş şəkildə həyata keçəcəksə, nəzarət gücləndirilməsə, bir müddətdən sonra yenidən qeyri-qanuni kapital yığımının şahidi olacağıq. Ona görə də məsələnin həlli düşünülmüş və kompleks yanaşma tələb edir”.

 

Qeyd edək ki, Milli Məclisin son iclasında deputatlardan Tahir Kərimli maliyyə amnistiyasının elan edilməsini təklif edib. Hansı ki, bu məsələ uzun illərdir ki, həm ekspertlər, həm də deputatlar səviyyəsində müzakirə olunur.

Elçin

 

 


OXŞAR XƏBƏRLƏR