Maaşlarından şikayət edən deputatlar nə qədər qazanır?

Maaşlarından şikayət edən deputatlar nə qədər qazanır?

 Xəbər verildiyi kimi, bir qədər əvvəl Mill Məclisdə 2018-ci il üzrə büdcə müzakirələri aparılarkən bəzi deputatlar maaşlarının artırılmasını tələb etmişdilər.  Deputatlar bunun onunla əsaslandırmışdılar ki, hazırkı əməkhaqları onlara normal fəaliyyət göstərmək üçün kifayət etmir. 


Sfera.az xəbər verir ki, bununla əlaqədar olaraq FED.az Azərbaycanda Milli Məclisin deputatlarının əməkhaqqı və imtiyazlarını araşdırıb.  Araşdırma göstərir ki, minimum əməkhaqqının 116 manat, pensiyanın isə 110 manat (hər iki rəqəm deputatların özü tərəfindən təsdiqlənib – red.), orta əməkhaqqının isə 550 manat olduğu ölkədə deputatların maaşları və imtiyazları ilə nəinki həm dolanmaq, həm də işinin öhdəsindən gələrək cəmiyyətə fayda vermək mümkündür. Gəlin rəqəmlərə nəzər salaq.  


Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti Milli Məclisə mənsubdur. Milli  Məclisin tərkibi 125 deputatdan ibarətdir.


Seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaş qanunla nəzərdə tutulmuş qaydada Milli Məclisə deputat seçilə bilər.


Həmçinin deputat seçilməyə namizəd olan şəxsə ali təhsilin olması ilə bağlı hər hansı bir şərt qoyulmayıb.  Milli Məclisin deputatı toxunulmazdır və vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək səlahiyyətinə malikdirlər.


Məlumdur ki, hər bir şəxs kimi deputatların da maddi təminatı vardır.  Bu da öz növbəsində  hər ay vəzifə maaşı və deputatlar səlahiyyətlərini yerinə yetirilməsi ilə əlaqədar olaraq vergilərdən tam azad olunmuş pul təminatından ibarətdir. Eyni zamanda, özünün nümayəndəlik səlahiyyətlərini yerinə yetirmək üçün hər il vəzifə maaşının 2 ( iki) mislində müavinət alır.


Bəs Milli Məclis deputatlarının vəzifə maaşı nə qədərdir?


Milli Məclisin sədrinin müavini, komissiya və komitə sədri, müavinləri, deputatların vəzifə maaşları Milli Məclisin sədrinin vəzifə maaşına faiz nisbətində müəyyən olunur.


Belə ki, Milli Məclisin sədri 2250 manat miqdarında aylıq vəzifə maaşı alır. 


Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi (2025 manat), Milli Məclis sədrinin müavini - 85 faizi (1912 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1800 manat), Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi (1687 manat), Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi (1575 manat) miqdarında aylıq vəzifə maaşı alır.


Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar (787-1125 manat arasında).


Milli Məclisin deputatları üçün əlavə hansı təminat və öhdəliklər vardır?


Səlahiyyət müddəti deputatın tam iş stajına daxil edilir və bu müddət bitdikdən sonra işə düzələnədək 1 (bir) il ərzində vəzifə maaşının 80 faizi miqdarında müavinət alır. Milli Məclis tətilə buraxılan zaman deputatlara məzuniyyət verilir və bu müddət ərzində istirahət,müalicə xərclərinin qarşılanması üçün 2 (iki) aylıq vəzifə maaşı miqdarında müavinət alır.


Deputatın mənzil təminatı qanunla tənzimlənir. 


Belə ki, Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.


Deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq Bakı hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsi ilə təmin edilir, həmçinin ölkə daxilində dəmiryolu, su, hava, avtomobil nəqliyyat vasitələrindən istifadə üçün sənədləri növbədənkənar əldə etmək hüququna malikdir.


Dövlət deputatın təhlükəsizliyinə zəmanət verir və səlahiyyət müddəti ərzində hərbi toplanış və çağırışdan azad olunur.


Deputat mütəmadi olaraq seçicilərlə əlaqə saxlaması, ölkənin hər şəhərində və rayon mərkəzində seçicilərlə görüşü üçün otaqla təmin olunur.

DİGƏR XƏBƏRLƏR