Maaş və pensiyaların artırılmasına hazırlıq gedir
06:00 / 12.01.2016
696
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, 2016-cı ildə pensiya və əmək haqlarının artırılması ilə bağlı hökumət təkliflər hazırlamalıdır. Prezident inflyasiya səviyyəsinə uyğun olaraq indeksasiya aparılmasının vacibliyini vurğulayıb. Bəs maaşlar və pensiyalar nə qədər artırıla bilər? Dövlətin maddi resursları buna imkan verirmi?
İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında bildirdi ki, 4 faizlik indeksləşmə - artım olacaq: "Çünki qanunvericiliyə görə rəsmi inflyasiya göstəricisinə qədər maaşlar və təqaüdlər artmalıdır. Bu olacaq, dəqiqdir. Ancaq sonrakı zamanda hansı şərtlər daxilində maaş və təqaüdlərdə hansı dərəcədə artım ola biləcəyi qaranlıq görünür. Çünki büdcədə bununla bağlı vəsait nəzərdə tutulmayıb. Bu addımın atılması üçün ən azından büdcəyə yenidən baxılmalıdır. Büdcə parametrləri dəyişdirilməlidir və yenidən Milli Məclisdə müzakirə olunub, təsdiq olunmalıdır. Hələ ki, belə bir təklif gəlməyib. Ancaq fakt odur ki, imkan var".
İqtisadçı ekspert Rəşad Həsənov da bildirdi ki, hazırda bununla bağlı fikir demək çətindir. Çünki müşavirədə də ölkə başçısı bu məsələni Nazirlər Kabinetinə tapşırdı: "Məsələ ondadır ki, Azərbaycanda hazırkı situasiyada əmək haqlarının və pensiyaların artırılması çox çətin məsələdir. Maliyyə çatışmazlığı məsələsi var, 2016-cı il dövlət büdcəsinin icrası təhlükə altındadır. Böyük ehtimalla proqnazlaşdırılan büdcəni icra etmək mümkün olmayacaq. Eyni zamanda proqnoz büdcənin özündə belə böyük rəqəmlə ifadə olunan 1,7 milyardlıq kəsir nəzərdə tutulub. Bu prizmadan yanaşdıqda ilk növbədə maliyyə qaynağı məsələsində problem var. Daha bir problem isə ondan ibarətdir ki, əmək haqlarının və müavinətlərin artırılması əslində dövriyyəyə daha çox manatın daxil olması deməkdir. Bu faktor əlavə xarici valyuta təşkili yarada bilər ki, o da öz növbəsində digər problemlərə gətirib çıxara bilər."
R.Həsənovun fikrincə, hökumət çalışacaq ki, minimum imkanlar daxilində artımları etsin: "Böyük ehtimalla ciddi artımlardan söhbət getməyəcək. Burda bir çox vətəndaşlar fikirləşir ki, manat dollar konvertasiyasına uyğun olaraq, devalvasiyanın həcmi qədər artımlar olacaq. Bu doğru yanaşma deyil. Ciddi addımlar təbii ki, olacaq. Hökumət büdcə xərclərindən qənaət olunan vəsaitlər hesabına bunu edəcək. Çünki Maliyyə Nazirliyinin son açıqlamalarından görünən odur ki, 2016-cı ildə prioritet olmayan layihələrin icrası ilə bağlı yenidən məsləhətləşmələr aparılacaq. Mühüm əhəmiyyət daşımayan layihələrlə bağlı xərc istiqamətlərinin dayandırılması prosesi həyata keçiriləcək. Əgər belə olacaqsa, buradan qənaət olunmuş vəsaitlərin bir qismi əmək haqlarının artırılmasına yönəldilə bilər. Bu üsul dövriyyədə manat kütləsinin artmasına səbəb olmaz. Ancaq hansısa formada büdcənin şişirdilməsi son nəticədə manatın daha ciddi rəqəmlərlə ifadə olunan dəyər itirməsinə gətirib çıxaracaq. Bu isə özü-özlüyündə yeni bir böhran mərhələsi deməkdir".
İqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, Maliyyə Nazirliyi hazırda əmək haqqı və pensiyaların artırılması ilə bağlı layihə üzərində işləyir və bu layihə yaxın vaxtlarda tamamlanıb ölkə başçısına təqdim olunacaq.
Ekspertin fikrincə, bununla əlaqədar 2016-cı ilin dövlət büdcəsi haqqında qanuna dəyişiklik ediləcək: "Dəyişikliyə bu ilin may ayında baxılacaq. Amma əmək haqlarının daha tez müddətdə artırılması mümkündür. Ölkədə son zamanlar qiymət artımı müşahidə olunur. Qiymət artımına uyğun olaraq əmək haqqının və pensiyaların da indeksasiyasına ehtiyac var ki, son vəziyyət vətəndaşların sosial vəziyyətinə mənfi təsir göstərməsin. Həm idxal olunan, həm də yerli məhsullarda qiymət artımı var. Təklif edirik ki, istehlak bazarındakı mövcud inflyasiya səviyyəsini, qiymət artımlarını nəzərə alaraq kateqoriyalardan asılı olaraq əmək haqqı və pensiyalar 30 faiz artırılsın".
İqtisadçının sözlərinə görə, nəzərə alsaq ki, 2016-cı ilin dövlət büdcəsində sosial xərclər üçün ayrılan vəsaitin həcmi 5.7 milyard manat olub, bu vəsaitin 3.6 milyard manatı birbaşa əmək haqqı ilə bağlı xərclərdir.
"Dövlət Neft Fondunun transfert imkanları və qeyri-neft sektorundan büdcəyə daxilolmaların həcmi imkan verir ki, 2016-cı ildə əmək haqqı və pensiyalar 30 faiz artsın".
Milli Məclisin deputatı Vahid Əhmədovun fikrincə, əmək haqqı və pensiyaların artırılması vacibdir: "Əmək haqqı və pensiyalar 20-30 faiz arasında artırıla bilər. Amma sözsüz ki, imkana baxmaq lazımdır. Dövlət büdcəsinə yenidən baxılacaq, Neft Fondundan transfert olunacaq və s. bunlar hesablanıb baxılmalıdır. Bu baxımdan ölkə başçısının tapşırığı mühüm addımdır və düşünürəm ki, yaxın vaxtlar öz müsbət təsirini göstərəcək".