Ölümdən sonra bizi gözləyən SONSUZ HƏYAT: - Başqa bədəndə dirilənlər - FOTOLAR

Ölümdən sonra bizi gözləyən SONSUZ HƏYAT: - Başqa bədəndə dirilənlər - FOTOLAR

İnsan həmişə sonsuz həyat – öldükdən sonra da yaşamaq haqqında düşünür. Kimisi şübhə içindədir, kimisi də öz inancına görə, öldükdən sonra yaşayacağına əmindir.

Cebhe.info xəbər verir ki, həmişə isə bir sual – "Öldükdən sonra yaşayacağıq?” düşüncəsi beyinləri "yeyir”.

"Scole” təcrübəsi

1993-cü ildə reallaşan təcrübə həyatın görünməyən tərəfi üzərində təkid edirdi. "Scole” təcrübəsi əsasən foto-şəkillər və lentlərlə reallaşdırıldı. Hər şey İngiltərənin kiçik Skol qəsəbəsindən başladı. İnsanlar qəsəbədə fenomenal hadisələrin baş verdiyini deyirdilər. Şikayətlərin sayı hər keçən gün çoxalırdı. Vəziyyətin qorxulu hal almasından sonra 6 kahin və 15 elm adamından ibarət araşdırma qrupu yaradıldı. Qrup qəsəbədə baş verənlərin təbiət xaricində olduğunu isbat etməyə çalışırdı. Araşdırmanın ilk mərhələsi 1998-ci ildə başa çatdı. Montag Kiin, Artur Elison və David Fontana sirli foto-şəkil əldə etdilər. 1999-2006-cı illər aralığında işin ikinci mərhələsində Qrant və Ceyn Solomon daha ilginc detallara rast gəldi. 1996-cı ildə çəkilmiş foto-şəkil lentlərində naməlum yazı vardı. Lakin elm adamları bundan qorxduqları üçün araşdırmanı dayandırdılar. 2008-ci ildə Dr.Hans Şayer, Robin Foy və Ceyn Solomon yenidən işə start verdi. Lentlərdə yenə də naməlum əlifba ilə yazılmış yazı ilə yanaşı almanca "Küləkdə toz kimi” yazısına rast gəlindi. Digər əlifbanı oxumaq mümkün deyildi. Bu yazının sirri Pasxa adasında tapılan kiçik yazılı lövhədən sonra məlum oldu. "Rongorongo” keçmiş Pasxa adası aborigenlərinin istifadə etdiyi və hələ sirri açılmayan əlifbadır. İddiaya görə, "Scol” təcrübəsi ölümdən sonrakı həyat və ruhlar aləminin dəlillərini ortaya çıxardı. 2008-ci ildən sonra isə heç bir elm adamı qorxusundan bu araşdırmanı davam etdirməyə cəsarət etmir.

Ramster təcrübəsi

Avstraliyalı psixoloq Peter Ramster 1983-cü ildə bir sənədli film çəkdi. "Reinkarnasiya təcrübələri” adını verdiyi bu filmdə o, ölümdən sonrakı həyatın varlığını sübut etdi. Ramster bir qadını hipnoz etdi. Fransız dilini bilməyən qadın paralel həyata keçdikdən sonra psixoloqun suallarına fransız dilində cavab verdi. Məlum oldu ki, şüuraltı heç vaxt yaşanmamış bir hadisəni çaşdırıcı həqiqətə çevirə bilir. Lakin heç vaxt danışmadığı dildə danışmaq şüuraltının xaricindədir.

21 Qram təcrübəsi

1907-ci ildə Dr. Dunkan MakDuqall ölüm yatağındakı 6 xəstəni tərəzi üzərində hazırlanmış xüsusi yatağa yatırtdı. Xəstələrin son nəfəslərini verdikləri an çəkidən 21 qram itirdiklərini aşkar etdi. MakDuqall təcrübəni 15 it üzərində də apardı, eyni nəticəni almadı. O, insan ruhunun çəkisinin olduğunu iddia etdi. Hələ də insan öldüyü an çəkisindən itirdiyi 21 qram şeyin nə olduğu bilinmir.

"Hər kəsi sonsuz həyat gözləyir”

Almaniyanın Berlin Universitetinin elm adamları 2014-cü ildə həyatın sonsuz olduğunu sübut etdiklərini açıqladılar. 4 il ərzində 944 könüllü üzərində aparılan araşdırma nəticəsində bu nəticəyə gəlmişdilər. Bertold Akkerman və qrupu tərəfindən uğurla sınaqdan çıxmış və "AutoPulse”, yaxud CPR ("Ürək masajı”) adlanan təcrübə bu gün də ABŞ və Avropa xəstəxanalarına istifadə olunur. Akkerman 40 dəqiqə və 1 saat arasında kliniki ölüm vəziyyətdə olan insanların dirildikdən sonra danışdıqlarını sənədləşdirdi. Qənaət budur ki, ölümdən sonrakı həyat zehin və bədən arasında dualizm formasındadır. Akkermanın hesabatında qeyd olunur ki, kliniki ölüm keçirib dirilənlərin əksəriyyətinin xatirələri var. Böyük əksəriyyət eyni hadisələrlə rastlaşdığını deyir: bədəndən ayrılmaq, havaya qalxmaq, sakitlik, istilik hissi və parlaq işıq. Akkerman yazır ki, ölümdən sonra həyat var və hər kəsi etibarlı sonsuz həyat gözləyir.

İnsan qəbirdə dirilir?

İslam inancına görə, hər kəs qəbiristanlığı tərk edəndə ruhu bədəninə geri qaytarılan ölü qalxıb getmək istəyir. Bunu etmək istəyəndə başı yanındakı daşa dəyir. İnanca görə, insanın ruhu bədən öldükdən sonra dəfn olunanadək öz cəsədini izləyir. Yəni ruh bədənini təqib edir. Lakin dəfn olunub hər kəs getdikdən sonra baş verənləri başa düşür. Bu, şüurun öldükdən sonra oyaq qalması məsələsidir. Elm adamları da öldükdən sonra şüurun oyaq olmasını isbat ediblər. İngiltərə, ABŞ və Avstriyada 15 xəstəxanada kiliniki ölüm keçirən 2 min xəstə üzərində aparılan araşdırmada 40%-in beyin fəaliyyəti dayansa da, şüurunun oyaq olduğu aşkar olundu. İnfarkt keçirən 57 yaşlı ingilis ürək fəaliyyətinin 3 dəqiqə dayanmasına baxmayaraq, oyandıqdan sonra ətrafındakı həkim və tibb bacılarının nələr etdiyini danışdı. Bəzi xəstələr ağ, parlaq işıq gördüklərini, bəziləri isə boğulduqlarını dedilər. Bəziləri də qorxu və qarışıqlıq içində yaşadıqlarını bildirdilər. Araşdırmanı həyata keçirən Sem Parni bu qənaətə gəldi ki, insan öldükdən sonra şüuru oyaq qalır və ətrafda baş verənləri hiss edir.

Cənnət və cəhənnəm

Dinlərə görə, şüurun oyaq qalması ruhun yaşamasıdır və ölən insan müəyyən mərhələdən sonra dirilərək cənnət və cəhənnəm adı verilən həyatlara göndəriləcəklər. Cənnət insanın yaradıldığı yerə dönüşdür. Allah Adəmi Aden bağçasında yaradıb. Aden bağçası Allahın hüzurunun olduğu yerdir. Bura həm də öldükdən sonra insanın Allahla birlikdə olacağı bir məkandır. İsa peyğəmbər cənnəti kral məclisinə oxşatmışdı. Cənnəti şənlik məclisi üçün açılmış böyük bir süfrə və kralla eyni süfrə arxasında oturmağın verdiyi sevinc, dinclik, güvən və imtiyaz formasında izah edirdi İsa.

Cəhənnəm cənnətin əksidir. Dinlərə görə, cəhənnəm Allahın dincliyini pozan bir məkandır. Bir sıra din adamlarına görə, cəhənnəm qorxulu, acı və kədərlə dolu məkan, yandırıcı alovdan ibarət olmaqdan çox, insanın sahib olduğu varlıqdan məhrum olduğu yerdir. Ən qorxulu iddia isə budur ki, insan günahlarının kəffarəsini burada fiziki ağrılarıyla ödəyəcək. Səmavi dinlərə görə, Allah cəhənnəmi Şeytan və üsyankar mələkləri üçün yaradıb, insan üçün yox. Amma inanca görə, bu dünyada Şeytanın yolunu gedən insanlar da cəhənnəmə gedəcəklər.

 

Ruh köçü

Reinkarnasiya öldükdən sonra yenidən doğulmaq, yaxud ruhun başqa bədəndə yaşaması kimi xarakterizə olunur. Ümumi mənası ruhun köçü deməkdir. Bir sıra dinlər reinkarnasiya prosesinə müəyyən inanc baxışı ortaya qoyurlar.

İslamda reinkarnasiya ilə bağlı dəlil yoxdur. Lakin batinilərə görə, "Qurani-Kərim”in bəzi ayələrində üstü örtülü işarələr var. "Quran”da reinkarnasiyanın olduğunu iddia edənlərin istinad etdiyi ayələr bunlardır:

"Allahın varlığını necə inkar edirsiniz ki, sizi öldükdən sonra O diriltdi. Sonra yenə sizi O öldürəcək, yenə sizi O dirildəcək. Nəhayət axirətdə yalnız Ona qaytarılacaqsınız”. ("Bəqərə”, 28)

"Sizin yerinizə kimləri gətirmək və sizi bilmədiyiniz bir şəkildə yenidən yaratmaq üçün aranızda ölümü Biz müəyyən etdik”. ("Vaqiə”, 60-61)

Yəhudilikdə ruh köçü anlayışı yoxdur. Lakin bir sıra dini şərhlərdə reinkarnasiyaya dair izlər var, xüsusilə Kobudla təlimində. Bir sıra yəhudi təlimləri Adəm peyğəmbərin əvvəl Nuh, sonra İbrahim, daha sonra Musa olduğuna inanırlar.

Reinkarnasiya Xristian dinində müzakirə olunan əsas mövzulardan biridir. XIX əsrdən sonra ortaya çıxan bir sıra xristian cərəyanları ruh köçünə inanırlar. Bu spritual cərəyanlara görə, ilk xristianlar reinkarnasiyaya inanıblar, lakin sonradan dini kitabın dəyişdirilməsindən sonra bu yox olub. "Christian Community”, "Liberal Catholic Church”, "Unity Church”, "Christian Spiritualistler Movement”, "Rosicrucian Fellowship” və "Lectorium Rosicrucianum” kimi cərəyanların ruhun köçməsinə inanırlar.

"Bədənsiz ruhlar bizim içimizdə də yaşaya bilirlər”

Fransalı spiritualist Allen Kardeçin "'Ruhların kitabı”nda reinkarnasiya prosesi izah edilir. "Bütün ruhlar bərabər yaradılıb. Lakin təkamül dərəcələri eyni deyil, buna görə də onlar arasında fərqli ruhi ierarxiya var. Ruhlar yalnız bu dünyada yox, kainatın digər dünyalarında da bədənlənirlər. Ruhlar aləmindəki bədənsiz varlıqlar bu dünyadakı bədənlilərlə istər maddi, istərsə də mənəvi yaxınlıq içindədirlər. Onlar bizim bədənimizdə və içimizdə də yaşaya bilirlər”, - deyə Kardeç kitabında yazır.

İlginc məlumatlar

Dünyada 1.25 milyard insan öldükdən sonra başqa bədəndə dünyaya geri qayıtdığına inanır. Reinkarnasiya üzrə araşdırmaçılara görə, bu günədək dünyaya cəmi 95 milyard insan gəlib yaşayıb ölüb. Yəni araşdırmaçılar cəmi 95 milyard ruhun olduğunu deyirlər. 6 milyard ruhun ən azı 10-15 dəfə başqa bədəndə həyata qayıtdığı ehtimal olunur.

Yenidən doğuldu və əvvəlki həyatından danışdı

Bu sahənin ən tanınmışlarından biri professor İan Stivensondur. Həyatının 40 ilini reinkarnasiya hadisələrinə həsr etmiş Stivenson 2000-dən çox uşaq üzərində təcrübə aparıb. O, kitabında insanın doğum ləkəsiylə ölümü arasındakı əlaqəni də isbat etdiyini yazırdı. Stivenson kitabında Beyrutda baş vermiş ilginc bir hadisədən də bəhs edir: "Beyrutda yaşayan bir uşaq 25 yaşında ikən avtomobil təmirçisi olduğunu və həmin yaşda qəzada öldüyünü dedi. Uşaq ölən sürücünün adını, qəzanın olduğu yeri, onun bacıları, ana və atasının, qohumlarının, hətta ova getdiyi dostlarının adlarını çəkdi. Hadisə təsdiqləndi. Uşaq avtomobil təmirçisinin ölümündən bir neçə il sonra doğulmuşdu. Uşağın ailəsinin həmin şəxslə heç bir əlaqəsi yox idi”.

"Kennedinin ruhu məndədir”

1965-ci il təvəllüdlü Kennedi Alkan öldürülən ABŞ prezidenti Kennedinin ruhunu daşıdığını iddia edirdi. Alkan prezidentin son anlarının bilinməyən tərəfləri haqqında danışırdı və bədənində güllə yarasının olduğunu deyirdi. Bu, ABŞ hökumətinin diqqətini çəkdi, yüksək vəzifəli rəsmilər onunla görüşdülər. Avropada yaşayan bu şəxsi ABŞ-a aparmaq istədilər, lakin ailəsi bunun təhlükəli olduğu üçün icazə vermədi.

Reinkarnasiyaya inanan məşhurlar

Salvador Dali: Məşhur rəssam ölən böyük qardaşının ruhunu daşıdığını deyirdi. Henri Ford: Əvvəlki həyatında müharibədə həlak olan bir əsgər olduğunu düşünürdü.

Nitşe: Alman filosofun reinkarnasiya inancına sahib olduğu deyilirdi, lakin bu barədə dəlil yoxdur.

Cek London: Məşhur yazar dəfələrlə dünyaya gəldiyinə inanırdı. Hətta əvvəlki həyatlarındakı təcrübələri əsasında əsərlər yazdığını iddia edirdi.

Bencamin Franklin: "Mən ölümü bir az da yuxuya bənzədirəm. Sabah daha sakit oyanacam”, deyirdi.

Həyatın başqa kainatlarda davamı

Amerikalı elm adamı Dineş de Souza "Ölümdən sonra həyat: Dəlillər” adlı kitabında öldükdən sonra şüurun öz varlığını qoruduğunu iddia edir. Kitabı "Newsweek” jurnalı üçün şərh edən Cerri Adler yazır: "Oğlum Maksın ölümündən 3 ay sonra qapını açdım və pilləkəndə bir kəpənək gördüm. Hadisə heç vaxt yadımdan çıxmır, çünki o gün mənim doğum günüm idi”.

Kəpənəyin ruh üçün ifadə edilən məşhur məcaz olduğunu deyən Adler qeyd edir ki, yaxınlarını itirən bir çox adam kəpənək görür və bunu o dünyadan gələn mesaj kimi qəbul edir. Adler bildirir ki, ölümdən sonra həyat digər kainatlarda davam edir: "Souza da bunu iddia edir. Kvant nəzəriyyəsində də bir sıra kainatlardan bəhs olunur. Bir maddə fərqli formalarda həmin kainatlarda öz varlıqlarını davam etdirirlər.

"Fərqli bədəndə qayıdacaqsınız”

Dr.Robert Lanza "Biosentrizm: Həyat və Şüur – Kainatın təbiətini dərketmə açarları” adlı kitabında insan ruhunun başqa kainatlarda yaşadığını yazır. Lanza buna şübhə etmir: "İnsanla birlikdə onun şüuru da ölür. Amma bu şüurun sona çatması deyil. Şüur insan öldükdən sonra zaman və məkanımızın sərhədləri xaricində olur. Bu kainatda ölən bir şüur başqa bir kainatda öz həyatını davam etdirir. Bu ölü bir insanın cənnət və cəhənnəmə getməsi deyil, bir şüurun nə vaxtsa yaşadığı dünyaya yenidən geri qayıtmasıdır”.

Elmi fantastika yazıçısı H.G.Vells, Dr.Andrey Lind, Dr.Ameroff, fizik Laura Azelnut-Huqton və elm adamı Dr.Hag Everett də Lanza ilə eyni fikirdədirlər.

"Deyək ki, ürək fəaliyyətini dayandırır, qan dövranı dayanır, mikrotubullar kvant hallarını itirir. Mükrotubullardakı kvant məlumatları yox ola bilməz. O yalnız kainatlara paylanır”, - deyə qeyd edir Dr.Ameroff.

Kvant nəzəriyyəsinin bu iddiasına görə, bədəniniz öldükdən sonra şüurunuzun enerjisi bir nöqtədən fərqli bir bədənə geri qayıdır, reallığın başqa bir mərhələsində və böyük ehtimalla başqa bir kainatda fiziki bədənin xaricində var olur.


OXŞAR XƏBƏRLƏR