Sİyasət

“Ölü can”lar Bakıda dirilmək istəyəcəklər

“Ölü can”lar Bakıda dirilmək istəyəcəklər

Bu gün, Novxanıda, saat 17-də. Azərbaycanın çağdaş siyasi tarixində "anım” adlı yeni və dəyəri yüksək olmayan şou yaşanasıdır.

 

Yürüş adlanan toplantının təşkilatçıları AXCP və "Milli Şura”dır. Müsavat da qatılacağını bəyan edib, sonra müsavatçıların müstəqil və müstəqim yürüyəcəkləri əyan olunub. Bir sözlə, Müsavatın təsərrüfat müdiri Arif Hacılı ilə AXCP adlı siyasi dərnəyin xor dirijoru Əli Kərimli yenə də nəyisə nəyə görəsə nədənsə bölüşdürə bilmədilər.

 

Toy generalı və ya nominal ağsaqqal rolunu oynamağa məhkum edilmiş "Milli Şura” sədri, həm də tarixçi Cəmil Həsənli isə, təbii, ritorikasına xilaf çıxmayaraq obrazında qalıb.

 

Bir sözlə, yenə yenidən yeniliksiz məzhəkə.

 

Siyasi partiya sədrliyindən və siyasətçiliyindən bloqerliyə, hakimiyyət uğrunda mübarizənin Facebook davaçısına tənəzzül etmiş Əli Kərimli artıq neçə gündür ki, sosial şəbəkələrdə tərəfdarlarını, tərəfsizləri və ümumiyyətlə, hər kəsi mayın 28-də Novxanıya çağırırdı.

 

 

Arqumentləri də çağırışları qədər məntiqsiz, absurd həddində barraj edəndi.

 

Əli Kərimlini "aktyor”, bəzən də "rejissor” adlandıranlar həmin günlərdə yanıldıqlarını etiraf etməliydilər. Çünki AXCP sədri əyalət teatrındakı aktyor səviyyəsinə belə, çatmayacaq bacarıqsızlığını ortaya qoymuşdu.


 

Məsələn, onun çağırışlarından, sadəcə, birindən orfoqrafiya və punktuasiyanı olduğu kimi saxlamaq şərtilə iqtibas: "Rejimin "ideoloqları” xeyli Feysbuk səhifəsində sponsorlu paylaşım edirlər ki, Əli Kərimli 28 may günü Novxanıda təxribat törədəcək. Təbii ki, bizə şər atırlar. 28 mayın bizim üçün ən sevimli bayram olduğunu, həmin günü hər il sadəcə bayram etdiyimizi bilirlər. Əminliklə deyirəm ki, 28 may günü heç polis də təxribat törətməyəcək. Avroliqanın məlum futbol matçı ilə bağlı dünyanın gözünün Bakıda olduğu bir vaxtda niyə etsinlər bunu? Deməli, 28 mayda Novxanıda gözəl bir bayram tədbiri olacaq. Bu yalanı isə ona görə ortaya atıblar ki, 28 may günü Novxanıya az adam getsin. Minlərlə insanın 28 may günü Novxanıya Rəsulzadənin yeganə heykəlinin qarşısına toplaşmasına da qısqanırlar. Əziz həmvətənlər, siz də inadına cümhuriyyətə, Rəsulzadəyə hamılıqla sahib çıxın. 28 may günü saat 17:00-da Novxanıya bayram ziyarətinə qoşulun!”

 

Oxudunuzmu? Sizlərə zəhmət, bir də oxuyun. Bu cümlələrdəki qrammatik səhvlərin bolluğunu, məntiqsizliyin məzhəkə səviyyəsinə çatdırılmasını bir kənara qoyuram.

 

Fərz edək ki, Əli Kərimli sinirli olub, bunca nifrət etdiyi hakimiyyətin zəifləmək əvəzinə, günbəgün möhkəmlənməsi, müxalifət liderlərinin az qala çığırtılı şüarlarına rəğmən, unudulmuşları unutmamaq istəyindən boyun qaçıraraq siyasi ölülərin yanında olmaq istəməyən vətəndaşlara qeyzlənib və hiddətindən əsən əlləri ilə yazılan sözlərdə, o sözlərin sıralandığı cümlələrdə xeyli səhvlər edib.

 

Olsun. Olan işdir.

 

 

Olmayan və heç iş sayılmayasana ağ yalan, maniya həddinə çatdırılmış iftiralar və depressiv psixoza bənzəyən naümidlikdir.

 

Bu gün Novxanıda, Azərbaycan Cumhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin abidəsi qarşısına toplaşaraq siyasi aksiya tövründə anım günü yapmaqla məşğul olacaq Əli Kərimli özünə ürək-dirək verir.

 

Tərəfdarlarını inandırmağa çalışır ki, cürətlidir, qorxmazdır, mətindir, iradəlidir və ən nəhayət, qətiyyətlidir. Ki, əksi olardısa, Novxanıya yollanmaz, orada nitq irad etmək fikrinə düşməzdi.

 

"Qısqanırlar”, "zor tətbiq etməkdən çəkinəcəklər”, "inadına toplaşaq” – bütün bunlar ötən əsrin əvvəllərində Bakıdakı Realnı Məktəbin şagirdinin "Füyuzat” və ya "Şərqi-Rus” qəzetinə yolladığı "cəridəyə ərzi-hal” naməsindəki bihal cəsarətə bənzəyir.

 

Heyhat, Əli Kərimlini pərişan və rəncidə etməliyik.

 

Onun "rejim” adlandırdığı dövlət bir dəstə həm də siyasi fəalın və onları idarə etdiklərini düşünən özüyeriyən karikaturaların aksiyasından təşvişə düşəcək qədər zəif deyil.

 

Əsla. Tam əksinə, AXCP bloqer sədrinin Müsavatın təsərrüfat müdirinin, "Milli Şura”nın salnaməçi ağsaqqalının və qeyri siyasi panoptikum eksponatlarının bir yerə cəmləşərək nəsə etməyə çalışmaları ilk əvvəl Novxanı, sonra da Bakı sakinləri üçün maraqlı, ən əsası isə pulsuz əyləncədir.

 

Məsələtün, Dənizkənarı Milli Parkda dinozavr rudimentlərinin – hansı ki, firəngər onlara "fosil” deyərlər – nümayişi və ya İçərişəhərdə orta əsrlərdəki inkivizisiyanın işgəncə vasitələrinin sərgisi kimi.

 

Səbəblər çoxdur və onların arasında, sadəcə, birini yazım: 28 Mayın, Respublika Gününün Əli Kərimliyə, Cəmil Həsənliyə, Arif Hacılıya, habelə adlarını sadalayıb vaxtınızı almaq istəmədiyim kukla teatrı personajlarına əsla və əsla dəxli yox.

 

 

Bu gün Cumhuriyyətimizin Atalarını sayğı və hörmətlə anır, qoca Şərqdə ilk demokratik dövləti, respublikanı yaradanları qürurla yada salırıq.

 

Novxanıya yığışıb orada nitq irad etməyə hazırlaşan və tərəfdarlarını "minyon” hesab edərək onlara sürəkli yalan danışan, illüziyalardan bəhs edən başabəla və bəlabaşlı "siyasətçi”lərin, gerçəkdən, nə demokratiya, nə də respublikaçılıqla heç bir əlaqəsi ola da bilməz.

 

Tarix heç nəyi unutmur və gərçi Novxanıya yığışmaqla bağlı çağırışlar edənlər ölmüş ruhları ilə məhv olmuş perspektivlərinin Stiks çayının o biri sahilinə keçəcəyini düşünürlərsə, yanılırlar.

 

 

Haron onları qayığından atıb artıq və Aid belə, qəbul etməyib.

 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031