Cəmİyyət

London butikləri, bahalı plastik əməliyyat, gecə barlarında əyləncələr...

London butikləri, bahalı plastik əməliyyat, gecə barlarında əyləncələr...
 

Vətəndaşların bunu yalnız iqtidar sahiblərindən deyil, hakimiyyətə iddia edən siyasi qüvvədən də soruşmağa haqqı var. Ələlxüsus ona görə ki, həmin bu siyasi qüvvə ədalət, bərabərlik və qardaşlıq kimi dəyərli şüarlardan ikiüzlü şəkildə istifadə edir.

Əli Kərimli və onun Cəbhəsi bolşevistcəsinə əmin edirlər ki, nəyin bahasına olursa olsun, hazırkı burjua formasiyasını bitirəcəklər və özlərinin yeni – sosial rifah dünyalarını quracaqlar. Şübhəsiz ki, partiya sədri olmuş Azərbaycanın keçmiş dövlət katibinin çərənləməsinə əl yelləyib fikir verməmək də olar. Sıravi müxalifətçiyə çevrilmiş partiya sədrinin çərənləməsinə. Adi blogerə çevrilmiş sıravi müxalifətçinin çərənləməsinə. Axı inqilabçı kütlə bir dəfə yanlış qərarla başçı seçməklə yalnız axmaqlıqlar etməkdə davam edir...

Lakin hər dəfə Azərbaycanın ictimai rəyini əsas müxalifət başçısının təmtəraqlı həyat tərzi haqqında kübar xronikadan doğan yeni informasiya şoku silkələyir. Gah Əli Kərimlinin Bakının ən cazibədar guşələrində şəhərkənarı evlər kimi növbəti daşınmaz əmlakı, gah da övladlarının Azərbaycanın və Böyük Britaniyanın aparıcı tədris müəssisələrində təhsil alması kimi xəbərlər üzə çıxır. Jurnalistlər Ə.Kərimlinin həyat yoldaşının tez-tez Londona səfərlərindən yazırlar – belə ki, o, bahalı butiklərin daimi müştərisidir. Bu günlərdə isə Samara Kərimlinin Dumanlı Albionda bahalı plastik əməliyyat keçirməsi barədə xəbər işıq üzü gördü. Hər yanda da xarici maşınlar, cangüdənlər, bahalı pal-paltar və gözqamaşdıran brilyantlar, dəbdə olan pablarda eyş-işrət və tüfeyli gecə həyatı...

Ə.Kərimli ailəsinin heç də kasıb olmayan həyatı obyektiv reallıqdır. Bahalı London həyatının şok effektli yeni təfərrüatları Cəbhənin sıravi fəallarında artıq təəccübdən çox qıcıq və hiddət doğurur. Pula satılmayan Kərimli obrazı ölkənin siyasi sistemini tam mənası ilə səhraya çevirmiş fırtınalı inqilab dövrünün cəbhəçi senatorunun dağılmış heykəlinin qırıntılarına çevrilib. Nuh əyyamından qalma Meydanın hər küncündə xəbər gəzdirənlər pıçıldaşır və hamısı bir ağızdan sual verir: "Pula satılmayan müxalifətçi Əli Kərimlinin bu qədər pulu hardandır?” Nəyin alverini edir? Nə istehsal edir? Hansı əsərləri ilə elmi dairələrdə səs-küylü uğura imza ataraq misli görünməmiş qonorarlar qazanıb? Bəlkə bitkoin alveri edir? Doğrudanmı, birja alış-verişlərində bir göz qırpımında var-dövlət sahibinə çevrilib?

Bəlkə hüquq-mühafizə orqanları və vergi müfəttişlərinin başçını pullarının mənşəyi barədə sorğu-suala tutmasının əsl vaxtıdır? Vətəndaş Kərimli vergi ödəyirmi? Yeni nazirin düşünmək üçün mövzusu var! Axı qohumbazlıq və çirkli pullarla mübarizənin çiçəkləndiyi dövrdə yaşayırıq! Bəs axı məhz Ə.Kərimlinin özü hər dəfə yüksək tribunadan hamıdan gəlirlərinin mənbəyi barədə soruşur, deyilmi? Bəlkə elə özü nümunəvi vətəndaş mövqeyi sərgiləsin və hamını özünün mütləq şəffaflığı ilə heyran etsin?!

Təəssüf, biz bu cür çeynənmiş sualları dəfələrlə vermişik. Hər dəfə də biz bir daha cavabsız suallara qayıtmalı oluruq, çünki Əli Kərimlinin öz kapitalının mənşəyini izah etmək cəhdləri inanılmaz dərəcədə səfeh, sadəlövh və əbəsdir – guya ki, dövlətdən arvadına qalmış mənzili baha qiymətə satmağı bacarıb. Hərdən də Avropa Məhkəməsinin verdiyi qəpik-quruş kompensasiyanı xatırladır. Doğrudanmı, 25 illik təmtəraqlı mülkədar həyatına həmin o pullar bəs edib?

Əli Kərimlinin tərəfdarları da əleydarları kimi onun Bakıdakı diplomatik missiyalarda özəl görüşlər zamanı aldığı on minlərlə dollarlar barədə izahatını olduqca maraqla gözləyir! O cümlədən, digər gəlir mənbələri barədə izahatları. Axı hakimiyyət maliyyə-bank sektorunun şəffaflığı üzərində nəzarəti gücləndirib və xaricdən mənşəyi şübhə doğuran maliyyə əldə etmək indi kifayət qədər mürəkkəbləşib. Budur, Əli Kərimli Bakıya yeni maliyyə axını üçün Avropada yeni gizli şəbəkə formalaşdırıb. Doğrudanmı, hələ də kimlərsə Əli Kərimlinin bu böhtanına inanır ki, onun əlaltısı Gözəl Bayramlı Gürcüstandan valyutanı özünün cüzi ehtiyaclarını ödəmək üçün gətirirdi?

Gözəl Bayramlı dörd divar arasındadır, ancaq onun işi yaşayır. Ə.Kərimlinin yeni şəbəkəsində Tiflis gizli şəbəkəsinin ekstremistlərindən biri, axtarışda olan Daşqın Ağalarov və Türkiyədə nəşr olunan erməni qəzeti "Agos”un əməkdaşı Arzu Qeybullayeva, habelə hamının tanıdığı baş redaktor - barmaq boyda cındır sarı vərəqdə dərc olunan qazetciyin məlum redaktoru – Parisdə itib batmış Qənimət Zahid.

Ə.Kərimlinin bohem həyat tərzi göstərir ki, bu şəbəkə bəzi oliqarx dairələrindən də pullar ala bilir. Bəzi informasiyalara görə, Azərbaycanın özündə də "işsiz” Kərimlinin taleyinə laqeyd olmayanlar var. Kərimlinin Bakıdakı himayəçilərinin məqsədi nədir? Və nəyə görə hüquq-mühafizə orqanları bu günə qədər Cəbhəni və Kərimlini maliyyələşdirən sahibkarlarla məşğul olmayıb?

Hərçənd ədalət naminə bunu qeyd edək ki, Kərimlinin şəxsi xərcləri və partiyanın büdcəsi bir–biri ilə tamamilə uzlaşmır. Cəbhəçi oxlokratiyaya qəpik-quruş qalır, hamısı Londona və rəhbərin özünün şəxsi yaşayışına axıdılır.

Lakin bu da hamısı deyil! AXC-nin hakimiyyətinin süqutundan sonra Kərimli yaxın qohumları vasitəsilə partiyanın yoxa çıxan qızılları hesabına Dağıstanda və Şimali Qafqazın bəzi şəhərlərində, o cümlədən Stavropolda gəlirli biznes qura bilib. Kərimlini partiyanın gizli fondunu talamaqda ittiham edən "bəd ağızlar” iddia edirlər ki, partiyanın qızılları da Elçibəyin həmin dövrlərdə hakimiyyətlə sıx əməkdaşlıq edən müavininin şəxsi biznesinin yaradılmasına sərf olunub. Yeri gəlmişkən, partiyanın gizli fondunun yoxa çıxması Elçibəyin düşmənlərini də tam qane edirdi - pullar siyasi mübarizəyə yox, şəxsi biznesə yönəldilib. Qərb ölkələrinə uzunmüddətli turnedən təzəcə qayıtmış siyasi dönük hakimiyyətə bundan yaxşı daha hansı xidməti göstərə bilərdi?

Bu gün isə Kərimli böyük gəlirlərə baxmayaraq Cəbhə fəallarından "üzvlük haqqı” adı altında partiya işi naminə pul yığmaqda davam edir. Dərk etmək bu qədərmi çətindir ki, həmin pulların da böyük hissəsi siyasi mübarizənin imitasiyasına, tamamilə dəyərsizləşsə də, hakimiyyətlə diqqətəlayiq virtual diskussiyaya sərf olunur?

Hüquq-mühafizə və vergi orqanları nəhayət düşünməlidir, yolunu azmış, təkcə həyatını yox, partiyanın qızıllarını da özünün dəbdəbəli yaşayışına həsr etmiş bu "rəhbərciyi” başqa vətəndaşlar kimi məsuliyyətə dəvət etməlidir.

Yusif Əliyev

Virtualaz.org

AdRiver
loading...

XƏBƏR LENTİ