Cəmİyyət

Ölkəni silkələyən generalitet həbsləri: daha kimlər tutulacaq? - SİYAHI - FOTO

Ölkəni silkələyən generalitet həbsləri: daha kimlər tutulacaq? -  SİYAHI - FOTO

Milli Təhlükəsizlik Nazirliyində (MTN) həyata keçirilən xüsusi əməliyyatla bağlı hüquq-mühafizə orqanları müfəssəl məlumat verməyə tələsmirlər. Baş Prokurorluğun 7 MTN-çinin həbsi ilə bağlı yaydığı məlumatda adlar, tutulanların vəzifələri haqda bilgi yoxdur. Bilinən odur ki, tutulanlar Cinayət Məcəlləsinin 3 maddəsi  - 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirli bilinib barələrində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. Həbs edilənlər Bakı İstintaq Təcridxanasına köçürülərək xüsusi nəzarət altında saxlanılırlar.

Tutulan MTN-çilərə verilən ittihama diqqət - seçkilərin nəticələrinə təsir etmə...

Bu maddələrin ikisi Cinayət Məcəlləsinin 33-cü - Korrupsiya cinayətləri və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, yerli özünüidarə orqanlarında, kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi əleyhinə olan cinayətlər fəslinə daxildir.

308.2 - vəzifə səlahiyyətlərindən istifadə etməklə seçkinin nəticələrinə təsir etmə, 309.1 - vəzifə səlahiyyətlərinin aşma adlanır. 302-ci maddə isə əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma ilə bağlıdır.

Həbs edilənlərə elan edilmiş 302.2 maddəsi informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə nəzərdə tutulan cəza ilə bağlıdır. Bu zaman 1000 manatdan 2 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Digər maddələrin sanksiyasında 3 ildən 8 ilə qədər cəza nəzərdə tutulur. 

"MTN işi" üzrə həbs olunan şəxslər icraçılardır

İstintaqa yaxın olan mənbə "Yeni Müsavat"a deyib ki, hazırda "MTN işi" üzrə həbs olunan şəxslər icraçılar olub. Bu baxımdan onların həbsi kələfin ucunun istintaqın əlinə keçməsidir. Bundan sonra həbslərin yeni dalğası olacaq.
Tutulanlar kimlərdir?

Qaynağımız həbsə alınan bəzi MTN-çilərin adlarını da açıqlayıb: "Əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) rəisi general-mayor Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Əməliyyat Texniki İdarənin rəisi Natəvan Mürvətova və Füzuli Əliyev, Fərhad Atayev saxlanılıblar".

MTN-də qızıl, brilyant alverçilərinin qənimi kim olub?

Qaynağımız deyib ki, Füzuli Əliyev qızıl, brilyant alverçilərinin qənimi olub və bu monopoliyaya o nəzarət edib: "Qızıl, brilyant alverçiləri MTN-ə çağırılaraq onlara ölkəyə gətirdikləri brilyantın hər karatına, qızılın 100 qramına görə 12 faizlik haqq qoyulub".

Əsas xəzinədar, Bakıdakı telefonların nazirin qardaşı kürəkəninin vasitəsilə dinlənilməsi və daha nələr...

Qaynağımız sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslərin adının mətbuatda hallanmamasına da diqqət çəkdi: "Əli Şəfiyevin adı çəkilmir, nazirin yaxın qohumudur. Kadrlar İdarəsinin rəisi Əlimusa Əliyevin adı çəkilmir. Bu adamlar birbaşa Eldar Mahmudovun yaxın çevrəsidirlər. Onun əsas xəzinədarlarından biri əmisi oğlu Vüqar Mahmudovdur. Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra Vüqar Mahmudovun bacısının həyat yoldaşı Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə rəhbər vəzifəyə gətirib. Bu gün (dünən-red.) onu işdən çıxarıblar. BTRİB postu Bakı şəhərində olduqca strateji vəzifələrdən sayılır. Onu ora qoyub Bakıdakı idarə, müəssisə, şəxsi mənzillər, villalar və telefon olan hər yeri rahatca dinləyə bilərdilər. MTN-də bir-birinə yaxın qohum olan şəxslərin işləməsi açıq-aydın korrupsiyadır, vəzifə səlahiyyətlərinin aşılmasıdır".

"MTN işi" üzrə 20-25 nəfərin tutulacağı gözlənilir...

Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl deyib ki, MTN-də həyata keçirilən əməliyyatla bağlı yayılan rəsmi məlumat yarımçıqdır. Ona görə də mətbuat nümayəndələri ən müxtəlif versiyaları mətbuat səhifələrinə çıxarırlar: "Adların açıqlanmaması istintaq sirri ilə bağlı deyil. Həmin adamların adları gec-tez məlum olacaq. Bu gün onların adı məlum olsa, bu adların çəkilməsinin istintaqa nə dərəcə təsiri olacaq? Və ya onların ailə üzvləri bilirlər ki, bu adam evə gəlmir. Deyək ki, onlar məlumat alsalar, hər hansı bir təsirləri ola bilər. Onlar da bu adamların həbs olunduğunu bilirlər. Çünki bu adamlar evə getmirsə, deməli, həbs olunublar. Bunu məxfi saxlamaqla nəyə nail olmaq istəyirlər, bilinmir. Sanki yarımçıq atılmış güllədir. Rəsmi deyilməlidir ki, dəqiq bilinsin ki, tutulanlar kimlərdir. Orada işləyənlər, vaxtilə işləmiş şəxslər təxminən bilirlər ki, tutulanlar kimlərdir, tutulacaq şəxslər də orada çoxdur. 20-25 nəfərin tutulacağı gözlənilir. Nazirliyin özündə gəzən fikirlər belə deməyə əsas verir. MTN-də baş verən bu əməllərin mövcudluğu haqda rəsmi, qeyri-rəsmi, dolayısı yolla belə fikir formalaşıb ki, bu qurum professional funksiyasını yerinə yetirmir, daha çox cəmiyyətdə biznesmenlərin, iş adamlarının qəniminə çevrilib. Əgər 11 ildən sonra bu əməliyyat baş tutursa, bu da qənimətdir".

Dinləmə nazirin və onun müavininin icazəsi ilə...

İ.İsmayıl dinləmə ilə bağlı qanunun tələb etdiyi şərtləri də açıqlayıb: "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun tələbinə görə, dinlənilmə nazirin və onun müavininin yazılı, əsaslandırılmış göstərişinə əsasən, məhkəmənin qərarı ilə təsdiqlənəndən sonra həyata keçirilməlidir. Yeni təyin olunacaq nazir bu məsələlərə xüsusi diqqət etməlidir. Ötən 11 il ərzində MTN-də baş verənləri aradan qaldırmaq üçün həmin illərin yarısı qədər vaxt lazımdır. Orada kadr islahatı aparılmalıdır. Belə bir islahat aparmadan MTN-in üzərinə düşən vəzifələrin yerinə yetirilməsi mümkün görünmür. Rüşvət alınıb işə götürülən əməkdaşlarla həmin vəzifələrin yerinə yetirilməsi mümkünsüzdür. Onların əməliyyat qabiliyyəti böyük sual altındadır. Yeni təyin ediləcək nazirin qarşısına qoyulacaq məqsədlər olduqca aydın və kəskin olmalıdır. Həmin adam xalqın etimadını qazanmalıdır. Xalq görməlidir ki, bayaqdan burnunu hara gəldi soxan adamı oradan götürdülər, yerinə gələn isə özünü professional əməliyyatçı kimi aparır, haqq alan kimi yox!"

Əgər şəxs terrorla məşğuldursa, onu MTN-ə niyə çağırırsan?

İ.İsmayıl sahibkarların MTN-in Antiterror Mərkəzinə (ATM) çağırılmasının heç bir əsasının olmadığını da deyib: "Sahibkar ATM-ə aparılmışdısa, oradan çıxıb birbaşa məhkəməyə müraciət etməli idi. Amma təəssüf ki, məhkəmələr müstəqil deyil.

Ada fikir verin - Antiterror Mərkəzi. Deməli, terrorçularla məşğul olmalıdır. Əgər şəxs terrorla məşğuldursa, onu MTN-ə niyə çağırırsan? Onu gizli şəkildə dinləyib izləməlisən. Sən sahibkarı çağırırsansa, deməli, sənin məqsədin pul almaqdır. Bu gün mətbuatda yer alan məlumatlar da təsdiqləyir ki, ATM terrorizmə qarşı mübarizə aparmaqdansa, dünyanı bürüyən şərlə mübarizə aparmaqdansa, sahibkarları soymaqla məşğul olub".

İ.İsmayıl "MTN işi" üzrə tutulan şəxslərin dairəsinin genişlənəcəyinə şübhə etmədiyini söyləyib: "Xalq və cəmiyyət üçün belə görünür ki, həmin adamları həbsə almaq üçün kifayət qədər əsaslar var. Amma istintaqçılar saxlanılan şəxsləri bir-bir dindirməli, material toplamalıdırlar. Saxlanılan şəxslərin 1 saatın içində dindirilməsi mümkün deyil. Proses aylarla çəkəcək və nəticəsi də olacaq".

İ.İsmayıl "MTN-in bəzi yüksək çinli vəzifəlilərinin dini qruplaşmalara rüşvət müqabilində himayədarlıq etməsi" iddiasına da münasibət bildirib. Deyib ki, bu illər ərzində radikal dindarlara qarşı müəyyən mənada əməliyyat şəraitinə nəzarət olunub: "Amma ola bilər ki, islamçılardan radikallığa daxil olmayanları olub, onları şantaj ediblər, necə ki, sahibkarı ediblər".

Qeyd edək ki, bəzi ekspertlər MTN ətrafında baş verən son prosesləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirirlər. Onların məntiqinə görə, həbs olunanların sayı, indiyədək tutduqları vəzifə bunu deməyə əsas verir. Həmçinin nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, müavinlərinin də eyni aqibətlə üzləşməsi MTN-in hansısa təhlükəli, qorxunc bir ssenari hazırlığı içində olduğu qənaətini yaradır.(milli.az)

Sfera.az

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930