Ölkəni dağıtmaq istəyənlərə tribuna olmayacaq

Ölkəni dağıtmaq istəyənlərə tribuna olmayacaq
Kimsə düşünməsin ki, əgər prezident İlham Əliyev kimisə əfv edirsə, bu, hansısa təzyiqlə bağlıdır. Ümumiyyətlə, dövlət başçısının hakimiyyəti illərində baş verənləri izləyənlər bilir ki, İlham Əliyev kifayət qədər prinsipial insandır. Onun milli maraqlarımıza zərbə vurmağa çalışan ölkələrlə münasibətləri qıracaq qədər prinsipial mövqeyi olub. O ölkələrin adlarını çəkmirəm. Çünki olan oldu, keçən keçdi. Amma bircə onu bildilər ki, Azərbaycan prezidenti ölkəsinin, xalqının milli maraqlarını pozanları bağışlamır.

Elə bu konteksdə son vaxtlar "siyasi məhbus” adlandırılan şəxslərin əfv edilməsinin əksinə yozulması diletantlıqla bağlıdır. Müxalifət tərəfdarları sosial şəbəkələrdə bu mövzuda geniş müzakirə açırlar ki, əfv sərəncamları təzyiqdən və 19 yanvar mitinqindən irəli gəlir. Əlbəttə ki, gülünc fikirlərdir. Əvvəla əfv sərəncamları birinci dəfə deyil ki, verilir. 19 yanvar mitinqinə görə kimlərinsə azadlığa buraxılması təzyiqdən irəli gəlmir. Bu, cəmiyyətdə birlik və mehribanlığın bərqərar olmasına hesablanır. Dövlət başçısı təlqin etməyə çalışır ki, insanın əqidəsi və fikirləri fərqli olar, bir-birinə ziddiyyət təşkil edər. Lakin bu, düşmənçiliyə çevrilməməlidir. Ümumi dövlətçilik sevgisinə istiqamətlənməlidir. Əlbəttə ki, Əli İnsanov kimi yaşlı insanın həbsxanadan çıxarkən azad edilməsinə görə Qərbə təşəkkürü də məlum etdirdi ki, insanın yalnız yaşı artıb. Məntiqli sual ondan ibarətdir ki, əgər Qərb səni buraxısa, bunu bu 13 il ərzində niyə etmədi? Bəlkə o illər ərzində prezidentə təzyiq yox idi? Prezidentə təzyiq həmişə olub. İşğal edilmiş torpaqların güzəşti ilə bağlı Ermənistanla kompromisə getməkdən tutmuş həbs edilmiş şəxslərə qədər. Həmişə olursa, niyə 13 ildə o təzyiqlər reallaşmadı? Yoxsa elə hər şey bu ilin əvvəlindən başlandı? Xeyr, hədə-qorxu həmişə olub.

Məsələn, Leyla Yunus elə düşünürdü ki, Avropa onun arxasında durub, kimsənin onu həbs etdirməyə cürəti çatmaz. Polisin papağının yerə atılmasından tutmuş televizuiya əməkdaşlarını təhqir etməyə qədər yaranan müştəbehlik elementi bir anda yatdı. Çünki həbs edildi. Və içəridə anladı ki, beynəlxalq qurumlar yalnız qızışdırıb ortaya salır, elə düşünür ki, təzyiq vasitəsi keçəcək. Əgər təzyiq olacaqdısa, niyə həbs edilirdi? Adıçəkilən xanım yalnız həbsxanada başa düşdü ki, bu ölkənin rəhbəri prinsipiallığı ilə seçilir. Aydın məsələ idi ki, Leyla Yunusu NABOKKO və digər layihələrin bizim hesabımıza reallaşdırılması planı müxalifətin təhsilsiz gənclərinin təxəyyül menyüsü üçün deyil. İnsan hüququ müdafiəçinin 400 000 manatlıq ofisinin hesabatı ödənilməli idi. Heç nə havayı verilmir. Nə verilirsə, çalınan mahnıya da oynanılmalıdır. Leyla Yunus oynadı, cəzasını aldı ki, bizim ölkəyə diqtə etmək bağışlanmazdır.

Xatırlayırsınızsa neçə il əvvəl telekanallarımızın biri müvəqqəti olaraq bağlandı. Prezidentdən xahiş edildi, təzyiq üçün müxtəlif xarici qurumlardan məktublar ünvanlandı, bəyanatlar verildi. Lakin prezident o təzyiqlərə baxmadı. Kanal lazım olan qədər bağlı saxlanıldı.

 Siz kimə deyirsiniz ki, İlham Əliyev təzyiqdən çəkinir? Aeroportda Ramil Səfərovun qandalını açdırıb mayor rütbəsi verdirən insanı? Özü də xarici qurumların təzyiqini göz altına almadan bunu edən şəxsi? Bunu o insana deyirsiniz ki, şimal qonşumuzun təzyiq edəcəyini bilə-bilə qışın oğlan çağında Gürcüstana qaz verdirdi? Ya şimal qonşunun dalana dirədiyi Belarusa heç nəyə baxmadan 200 milyon dollar verən prezidenti?

Əgər bir prezident dövlət səviyyəsində təzyiqin qarşısında duruş gətirirsə, bütün bunlardan çəkinmirsə, adi Əli İnsanov faktoruna görə hansısa ölkəyə bağlı təşkilatdan çəkinə bilərmi? Mümkün deyil belə düşünmək. Məntiqi əsası yoxdur.

Belə görünür ki, İlham Əliyev məsələlərə dərindən yanaşır. Bir misal çəkək. Məsələn, cəmiyyətdə belə bir fikir hökm sürür ki, prezdient filan naziri niyə vəzifəsindən çıxarmır? Onu çıxarıb yerinə başqasını qoysun, məsələ həllini tapsın. Dərindən baxanda kadr islahatı iki dəqiqənin içində həll edilən məsələdir. Bircə sərəncamla kimsə vəzifədən çıxarılır, ya təyin edilir. Ancaq prezident məsələyə qlobal yanaşır. Çünki bilir ki, vəzifə dəyişkənliyi korrupsiya və rüşvətin qarşısını almayacaq. Məhz buna görə də ASAN Xidməti yaratdı ki, belə neqativ halların dairəsi kiçilsin. Nəticədə adıçəkilən məsələyə yer qalmasın. Bu, kiçik bir haşiyə idi.

Kiminsə həbsxanadan buraxılması qorxu ilə bağlı deyil. Əli İnsanovun həbsxanadan çıxarılması təzyiqlə bağlanmamalıdır. Əksinə, prezidentin qorxmadığını göstərir. Çəkinən insan kimisə həbsxanada saxlayar, daha buraxmaz. Eləcə də digər həbs edilənlərin buraxılması da çəkingənliklə izah edilməməlidir. Qərbə təşəkkür edən İnsanovun nəyindən qorxulacaq? Güclü nitq qabiliyyəti yox, arxasında duracaq milyonlar yox. Elə həbsxanadan çıxan kimi adi adamlar onun geyindiyi paltarların bahalığını misal çəkib gülüşdülər, başqaları isə onun nazir olduğu vaxtlarda hansısa xəstəsinin dərman çatışmazlığı ucbatından dünyasını dəyişməsini yadına saldı. Üstəlik, İnsanov dedi ki, hakimiyyətin təzyiqinə tab gətirdi. Hansı təzyiqdən söhbət gedir ki, həbsxana əməkdaşlarının söylədiyinə görə İnsanova kənardan oğru dilində deyilərsə, "qrev” gəlirmiş. Təzyiq var idisə həmin "qrev”in qarşısı alınardı. Beləliklə, məlum olur ki, ona təzyiq göstərilməyib. Bəyanatları isə 5-6 nəfərdən başqa kimisə yanında saxlamayacaq. Çünki adamlar vərəm xəstələrinə çarpayının 100 manata verildiyi dövrü yaxşı xatırlayırlar. Xalqımız keçmişi yaxşı olmayanın arxasınca getmir.

Şimallı-cənublu qonşu ölkələrlə müxtəlif vaxtlarda diplomatik əlaqələrin qırılması nöqtəsinə qədər gedən prinsipial insanın indi kiməsə görə çəkinməsi gülüncdən gülüncdür. İlham Əliyev sadəcə cəmiyyətdə mehribanlığın olmasına çalışır. Elə bir cəmiyyətin ki, orada haqlı tənqidə yer var.  Ölkəni dağıtmağa yönələn planları gerçəkləşdirməyə çalışanların təhqirlərinə isə tribuna yoxdur.    

OXŞAR XƏBƏRLƏR