Ölkəmizdə güclü hərbi kompleks yaradılıb – İlham Əliyev
Müdafiə Sənayesi Nazirliyi mənim sərəncamımla 2005-ci ilin dekabr ayında yaradılmışdır və bu illər ərzində böyük, uğurlu yol keçmişdir. O vaxt bu nazirliyin yaradılması imkan verdi ki, biz özümüzü hərbi texnika ilə, silah-sursatlarla böyük dərəcədə təmin edə bilək. Çünki o illərdə bizim böyük imkanlarımız yox idi, xarici istehsalçılardan asılı vəziyyətdə idik. Bəzən hansısa silahları ala bilirdik, bəzi hallarda ala bilmirdik. Ona görə, Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının əsas məqsədi idxaldan asılılığı azaltmaq, yeni iş yerləri yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini müasir texnika və silahlarla təmin etmək idi. Bugünkü nailiyyətlər və reallıq onu göstərir ki, biz məqsədimizə çata bilmişik.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev iyunun 23-də Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin "Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində çıxışı zamanı bildirib.
"O vaxt bizim böyük vəsaitimiz də yox idi. Azərbaycan büdcəsinə əsas gəlirlərin əldə olunması 2006-cı ildən sonra başlamışdır, Bakı-Tiflis-Ceyhan neft kəməri istifadəyə verilmişdir. 2005-ci ildə isə bizim maliyyə vəziyyətimiz bir qədər məhdud idi. Buna baxmayaraq, bu məqsədlər, o cümlədən bu nazirliyin formalaşdırılması üçün dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılmışdır və bu gün nəticələr göz qabağındadır. Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir və Silahlı Qüvvələrimizin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal edilən hərbi məhsullarla təmin olunur. Bu illər ərzində 1200-dən çox adda hərbi təyinatlı məhsulun istehsalı qaydaya salınıb. Demək olar ki, bu gün Azərbaycan bu istiqamət üzrə də dünya miqyasında öz layiqli yerini tuta bilibdir. Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılıb və Şirvan şəhərində bir neçə hərbi müəssisə fəaliyyət göstərir. Təkcə Şirvan şəhərindəki müəssisələrdə 1200 nəfər işlə təmin edilib”, - prezident deyib.