Liviya böhranı: Vəziyyət ağırlaşır, xaricilər ölkəni tərk edir
14:02 / 08.04.2019
3342
Misratadan Tripoliyə gələn qüvvələr paytaxtı qiyamçılardan müdafiə etməyə hazırlaşır.
Liviyada vəziyyət ağırlaşdıqca beynəlxalq güclər bu ölkədəki qüvvələrinin evakuasiyasına başlayıb.
ABŞ Afrika Komandanlığı öz nümayəndə heyətini ölkədən çıxardığını bildirib, Hindistan isə sülhməramlı əsgər qüvvəsini Tunisə köçürdüyünü açıqlayıb.
Italiyanın Eni neft-qaz şirkəti İtaliya vətəndaşı olan bütün əməkdaşlarını ölkədən evakuasiya etmək qərarına gəlib.
BMT də əməkdaşlarının bir qismini ölkədən çıxarmağa hazırlaşır.
Liviyalı general Xəlifə Həftərin rəhbərlik etdiyi qüvvələr şərqdə yerləşən mövqelərdən paytaxt Tripoli istiqamətində hücuma keçiblər. Onların məqsədi paytaxtı nəzarət altına almaqdır.
BMT tərəindən dəstəklənən Liviya Baş naziri isə general Həftəri qiyam cəhdində ittiham edərək üsyançılara qarşı güc tətbiq olunacağını bəyan edib.
General Həftərin rəhbərliyi altında hücum dörd gün əvvəl başlayıb və hazırda onun qüvvələri paytaxtın ətrafındakı ərazilərdə döyüşlər aparır.
İŞİD geri gələ bilərmi?
Paytaxt Tripolidə sakinlər ərzaq və yanacaq ehtiyatı toplayır. Döyüş zonasına yaxın ərazilərdə yaşayanların çoxu qarətçilikdən ehtiyat etdiklərindən evlərini tərk etmək istəmirlər.
Bazar günü döyüşlər Tripolinin beynəlxalq hava limanı yaxınlğında davam edib.
General Həftərin başçılıq etdiyi Liviya Milli Ordusu şəhərə cənub və qərb istiqmətindən hücum edir.
Liviya hökümətinin Baş naziri Faiz əs-Sərac şənbə günü etdiyi televiziya çıxışnda paytaxtın müdafiə olunacağını vəd edib.
General Həftər isə bildirib ki, "terrorçuluq məğlub edilənədək" onun rəhbərlik etdiyi qoşunlar hücumu davam etdirəcək.
General Həftər qoşunlarına paytaxt Tripoliyə hücuma keçməyə əmr verib.
Üsyançı generalın qiyamı ona dəlalət edir ki, onun hərəkətləri beynəlxalq qınaq doğursa da, general hesab edir ki, o, Liviyanın gələcək siyasi səhnəsində öz yerini yalnız hərbi yolla təmin edə bilər.
Diplomatları narahat edən odur ki, Həftərin atdığı adımlar onun yalnız məğlub ediləcəyi halda geri çekiləcəyindən xəbər verir.
Liviyada daxili siyasi vəziyyətin çözümünə və seçkilərin keçirilməsinə dair bir ildən çox davam edən danışıqların müqabilində generalın indiki əməliyyata başlayacağı gözlənilməz olub.
Qərb dövlətlərinin əlində hazırda zorakılığın səngiməsini təmin edə biləcək kartların sayı çox deyil və onlar yenidən hər şeyi sıfırdan başlamaq məcburiyyəti qarşısında qala bilər.