Ləğv olunsun- ekspert Reklam Agentliyilə bağlı deputatın təklifini dəstəklədi

Ləğv olunsun- ekspert Reklam Agentliyilə bağlı deputatın təklifini dəstəklədi
"Dövlətin belə bir agentlik səviyyəsində reklam kimi çox sadə bir işlə məşğul olması doğru deyil”

Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisdə Dövlət Reklam Agentliyinin ləğv olunması və bu kimi səlahiyyətlərin bələdiyyələrə verilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. 
 
Həmsöhbətimiz bildirdi ki, reklam işləri daha çox rəqabətli mühit şəraitində fəaliyyət göstərməlidir: 

"Əslində Azərbaycanda bələdiyyələrin maliyyə mənbələri çox zəifdir. Ona görə də onların real iş görmələri üçün maliyyə mənbələri və səlahiyyətlərinin artırılması vacibdir. Çünki hər hansı bir bələdiyyə ərazisində fəaliyyət göstərmək üçün maliyyə mənbələrinə çıxış imkanları əldə etməlidirlər. İndilikdə bələdiyyələr büdcədən dotasiya almaqla fəaliyyət göstərirlər ki, bu dotasiyanın həcmi də çox kiçikdir. Amma tək reklamların yerləşdirilməsi səlahiyyətinin bələdiyyələrə verilməsilə bu özünüidarə orqanının problemləri düzələn deyil. Qlobal mənada götürsək, bələdiyyə orqanlarının səlahiyyətləri artırılmalıdır. Yerli icra hakimiyyətlərilə bələdiyyələrin səlahiyyət bölgüsünə yenidən baxmalıyıq. Elə bir səlahiyyət bölgüsü aparılmalıdır ki, yerli icra hakimiyyətləri bələdiyyələrin fəaliyyətinə müdaxilə edə bilməsinlər. Hətta bir qurum olaraq yerli icra hakimiyyətlərinin ləğv edilməsi daha məqsədəuyğun olardı. Dövlət Reklam Agentliyinə gəldikdə, o yaranan ilk günlərdən dəfələrlə qeyd etmişəm ki, ümumiyyətlə dövlətin belə bir agentlik səviyyəsində reklam kimi çox sadə bir işlə məşğul olması doğru deyil. Reklam daha çox rəqabətli mühit şəraitində fəaliyyət göstərməlidir. Reklam şirkətlərinin bir-birilə aparacaqları rəqabət nəticəsində bazar inkişaf etməlidir. Ancaq dövlətin reklam kimi çox bəsit işlə məşğul olması o qədər də məqsədəuyğun deyil. Bazar iqtisadiyyatının hökm sürdüyü ölkələrdə dövlətin reklamla məşğul olması fonunda hər hansı bir nümunə belə yoxdur. Ona görə də bu məsələni dərindən düşünüb həll etmək lazımdır”. 
 
Yaranmış vəziyyətdə həmsöhbətimiz də reklam yerləşdirmək səlahiyyətinin özünüidarə orqanlarına verilməsini daha məqbul sayır:
"Bələdiyyələrin səlahiyyətini artırmaq şərtilə həm də onun ərazisində reklam yerləşdirməyin haqqının ona çatdırılması, yaxud da onların pullu əsaslarla fəaliyyət göstərmələrinə şərait yaradılmalıdır. Yəni bələdiyyə institutunun möhkəmlənməsi üçün reklam yerləşdirmək səlahiyyətinin ona verilməsi vacib məsələdir”.  

Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev Dövlət Reklam Agentliyinin ləğv edilməsini təklif edib. 
 
O, bildirib ki, gənclərin daha çox olduğu yerlərdə, köşklərin önündə sağlamlığa zərərli olan siqaretin reklamı gedir. Halbuki açıq məkanda siqaretin, spirtli içkilərin reklamı qadağandır: "Reklam Agentliyi bunun qarşısını almırsa, deməli, burada korrupsiya faktı var”. 
Ümumiyyətlə, deputat reklamların yerləşdirilməsi səlahiyyətinin  bələdiyyələrə verilməsi və onun nəticəsi olaraq Reklam Agentliyinin ləğv edilməsini istəyir.
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR