Lerikin 7 kəndi 5 gündür işıqsız qalıb? – “Azərişıq”dan açıqlama
Sfera.az rayon sakinlərinə istinadən xəbər verir ki, Lerikin Osyodərə kəndi daxil olmaqla, 7 kənddə fevralın 2-dən elektrik enerjisi yoxdur. Bununla bağlı müvafiq qurumlara edilən müraciətlərin də nəticəsi olmayıb. Sakinlər bildirir ki, 7 kəndin işıqsız qalmasına səbəb güclü külək nəticəsində elektrik dirəklərinin sıradan çıxmasıdır. Onlar deyirlər ki, elektrik dirəklərinin aşması üçün Lerikdə güclü küləyin olmasına gərək də yoxdur. "Sakit meh əsəndə də dirəklərin bir neçəsi sıradan çıxır. İllərdir bu problemi dilə gətiririk, amma baxan yoxdur”, - deyə sakinlər bildirir.
"Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Yenisabah.az-a bildirib ki, güclü küləklər nəticəsində Lerikin xeyli kəndində elektrik enerjisi ilə bağlı problem yaransa da, artıq aradan qaldırılıb.
"Çox kənddə bu problem var idi. Amma bu gün günorta saatlarından artıq qəza aradan qaldırılıb. Bilirsiniz ki, Lerik dağlıq ərazidir. Elə kəndlər var ki, dağın başındadır. Ona görə də orada iş görmək bir qədər çətindir. Lakin buna baxmayaraq qəza tam aradan qaldırılıb. Azərbaycan Əfqanıstan deyil ki, onun hansısa rayonunun kəndlərində 5 gün işıq olmasın", - deyə Tanrıverdi Mustafayev bildirib. (yeni sabah)