“Lavrova Bakıda cavab verilməlidir” - Rusiya XİN rəhbərinin gözlənilən səfərinə münasibət

“Lavrova Bakıda cavab verilməlidir” - Rusiya XİN rəhbərinin gözlənilən səfərinə münasibət


"Lavrovun Bakıya gələn həftə reallaşacaq səfəri onun məhz İrəvanda keçirdiyi son görüşün nəticələri ilə bağlıdır”.


Sfera.az-a açıqlamasında bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrovun gələn həftə Bakıya reallaşacaq rəsmi səfərini dəyərləndirərkən politoloq Natiq Miri deyib:

 

"Lavrov bildiyiniz kimi bir müddət əvvəl Ermənistana səfər etmişdi. Hansı ki, bu səfər çərçivəsində Dağlıq Qarabağ probleminin müzakirə obyekti olduğu bəyan edildi. Düşünürəm ki, Lavrovun Bakıya gələn həftə reallaşacaq səfəri də məhz İrəvanda olan həmin görüşün nəticələri ilə bağlıdır. Məhz həmin görüşün nəticəsi olaraq Lavrov bu dəfə Azərbaycana gəlir və səfər gedişində Qarabağ problemini Azərbaycan rəhbərliyilə müzakirə edəcək”.

 

Həmsöhbətimiz bildirdi ki, İrəvanda səsləndirdiyi "Qarabağ xalqı” ifadəsinə görə, Bakıya gələcək Lavrova rəsmi səviyyədə gərəkən cavab da verilməlidir: "Hər bir halda, Lavrovun İrəvanda olarkən ermənilərə xitabən işlətdiyi "Qarabağ xalqı” ifadəsinin yanlış olduğu mütləq mənada Rusiya XİN rəhbərinin diqqətinə çatdırılmalıdır. ABŞ prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəccəb Tayyib Ərdoğana yanlış bir məktub ünvanlamışdı. Ərdoğan isə bu günlərdə ABŞ-a rəsmi səfər edərək həmin yanlış məktubu yenidən Trampın özünə qaytardı. Belədə, belə bir məktubun nə qədər diplomatik və etik olmadığını dolayısı ilə Trampın nəzərinə çatdırıldı. Fikrimcə, Azərbaycan da İrəvanda etdiyi təxribat xarakterli ifadəyə görə Lavrova münasibətdə anoloji addımı atmalıdır. Bu baş verməsə, gələcək perspektivdə həmin şəxslər Azərbaycanın marağına uyğun gəlməyən daha radikal ifadələr də işlədə bilərlər”.

 

N. Mirinin fikrincə, Lavrovun səfəri onu göstərir ki, Rusiya yenidən Qarabağ məsələsində aktivləşir, ancaq hələlik bu aktivləşmə özünü ancaq humanitar proqram çərçivəsində göstərir: "Bütün hallarda Rusiya Qarabağ problemini həll etmək fikrində deyil. Sadəcə, NATO-Rusiya qarşıdurmasının artıq Cənubi Qafqazda da aktivləşməsi fonunda yenidən manipulyasiya etməklə prosesi öz nəzarətinə keçirmək istəyir. Ona görə Moskva çalışır ki, Azərbaycan Rusiyanın orbitindən çıxmasın”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR