Lapşin apellyasiya şikayəti vermədi
20:37 / 14.08.2017
859
Avqustun 14-də üç il müddətinə azadlıqdan məhrum edilmiş bloger Aleksandr Lapşinin apellyasiya şikayəti verməsi üçün ayrılmış müddət başa çatıb.
Buna görə hökm qüvvəyə minir. Amma bloger vətəndaşı olduğu İsrailə ekstradisiya olunması xahişi ilə müraciət edib.
Sfera.az "Amerikanın səsi"nə istinadən məlumatına görə, vəkil Eduard Çernin bildirib ki, hökm qüvvəyə mindikdən sonra İsrailin Ədliyyə Nazirliyi Azərbaycan tərəfinə müraciət etməlidir. İsrail Lapşinlə bağlı müraciət etməyə hazır olduğunu bildirib, amma orada müəyyən prosedur var.
"Düşünürəm ki, yaxın 7-10 gün ərzində Aleksandr Lapşinin İsrailə ekstradisiyası üçün hansı addımların atılacağı aydın olacaq”, vəkil qeyd edib.
O, ekstradisiya haqqında müraciətə baxılmasının nə qədər vaxt aparacağını deməyə çətinlik çəkib.
"Müxtəlif hallar olub. Bəzən bu məsələlər bir gün ərzində həll olunub, bəzən isə yarım ay və daha çox vaxt lazım gəlib”, o əlavə edib.
Vəkil qeyd edib ki, Azərbaycanın ekstradisiya haqqında qanunu və müvafiq Avropa Konvensiyası məsələnin müsbət həlli üçün hüquqi əsas yaradır.
Lapşin iyulun 20-də sərhədi qanunsuz keçmək və Azərbaycanın dövlətçiliyinə qarşı çağırışlar etmək ittihamı ilə həbs edilib. Onun Dağlıq Qarabağ separatçılarını dəstəkləyən bəyanatları və başqasının adına olan pasportla Azərbaycana gəlişi nəzərdə tutulurdu.
Amma məhkəmədə Lapşin özünü təqsirli bilməyib, Azərbaycanın ərazi bütövlüyünə qarşı olmadığını və Qarabağa səfərlərinin turist xarakterli olduğunu bildirib.
Lapşin 2016-cı il dekabrın 16-da Azərbaycanın sorğusu əsasında Minskdə saxlanılıb və Bakıya təhvil verilib.