Kremldə kök salmış “qoca”lardan daha biri – Suslovun uğursuz bacanağı Pelşe

Kremldə kök salmış “qoca”lardan daha biri – Suslovun uğursuz bacanağı Pelşe
 
"Əks halda partiya biletini stolun üstünüə qoyacaqsınız” – kimi kommunistləri qorxudan bu ifadə məhz onun dövründə meydana gəlib. O, Kremlin göstərişlərini, yazılmış və yazılmamış qanunlarını pozan yüksəkçinli kommunistlərə sonuncu xəbərdarlığı bu ifadə ilə bildirib. Vladimir İliç Leninin dövründən Yuri Andropovun hakimiyyəti illərinə qədər siyasi fəallığını itirməyən Arvid Pelşe nadir sovet məmurlarındandır ki, bu uzun müddət ərzində Kremldəki yerini və mövqeyini qorumağı bacarıb.

Arvid Yanoviç Pelşe 1899-cu ildə Latviyada, Kurlyand quberniyasında kəndli ailəsində anadan olub. Gənc yaşlarından bolşevik partiyasının sıralarına qoşulub, təbliğat və təşviqat işləri aparıb, oktyabr inqlabının fəal iştirakçılarından olub. 1918-ci ildə Ümumrusiya Fövqəladə Komissiyasında (ÇK) işə qəbul olunub. Məhz bu ərəfədə fəallığı ilə fərqlənən Pelşeni xüsusi və məxfi göstərişləri icra etmək üçün Lenin Latviyaya göndərib. Latviya kommunistlərinin məğlubiyyətindən sonra Arvid Pelşe Moskvaya qaçıb.

Tarix institutunda ali təhsil alan fəal kommunist ordu bölmələrində mühazirələr oxuyub. Bir müddət "NKVD”-nin nəzdində olan xüsusi məktəbdə pedaqoji fəaliyyətlə məşğul olan Pelşe yenidən doğma vətəninə, Latviyaya qayıdıb.

Latviya SSRİ-nin tərkibinə daxil ediləndə Kreml Pelşeni Latviya Kommunist partiyası Mərkəzi Komitəsinə katib təyin edib. 1941-1959-cu illərdə bu vəzifədə özünü doğruldan Pelşeyə sonra daha yüksək vəzifə, Latviyanın birinci katibi kürsüsü həvalə edilib.

Latviyada işlədiyi dövrdə Arvid Pelşe Kremlin bütün göstərişlərini müzakirəsiz və layiqincə yerinə yetirməklə SSRİ rəhbərliyi üçün sədaqətli kadr sayılıb və o, 1966-cı ildə Moskvaya, Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komitəsinin sədri vəzifəsinə dəvət olunub. Pelşe ömrünün sonuna, 29 may 1983-cü ilə qədər bu vəzifədə çalışıb.

Müasirlərinin qənaətinə görə, Pelşenin Kremldə fəaliyyəti yalnız rəhbərliyin göstərişləri ilə bağlı olub. O, Siyasi Büro üzvü kimi heç vaxt müstəqil fikir irəli sürməyib, şəxsi mövqeyi olmayıb. İddialı siyasətçi sayılmayan Pelşe rəhbərlik üçün "rahat” məmur kimi qəbul olunub.

Vəfatından sonra tutduğu vəzifədə Pelşeni əvəz edən Mixail Solomentsev onun bu illər ərzində apardığı işlərə nəzər salanda təəccübünü gizlədə bilməyib və öz xatirələrində bu haqda yazıb:

"Arvid Pelşe Partiya Nəzarəti Komitəsinin sədri kimi çox kiçik işlərlə məşğul olub. Məsələn, kommunistlərin evlənməsi və boşanması, sərxoşluğa qarşı mübarizə, məişət problemləri kimi məsələlərdən kənara çıxmayıb. Halbuki bu vəzifə sahibi Siyasi Büronun, plenumların qərarlarının yerlərdə icrasına nəzarət etməli idi. Pelşe isə bu işlərdən tam xəbərsiz olub. Vəzifəsini rəhbərliyə quru arayışlar təqdim etməklə bitmiş hesab edib...”

Partiya nəzarətini lazımi səviyyədə həyata keçirə bilməyən Pelşenin şəxsi həyatında da böyük nəzarətsizlik olub. Mövcud dövrdə bir neçə dəfə evlənib boşanmaq kommunist əxlaqına zidd sayılsa da, Pelşe üçün bu məqbul sayılıb. Birinci nikahı qısa müddətdən sonra pozulub. O, ikinci dəfə Suslovun həyat yoldaşının bacısı ilə ailə həyatı qurub. Ancaq bununla da kifayətlənməyib, nikah rəsmi olaraq pozulub. Pelşe üçüncü dəfə Kremldə Stalinin şəxsi katibi olmuş Poskrebışevin həyat yoldaşı ilə evlənib.

Arvid Pelşe zəngin həyat tərzini sevməsə də mükafatlar sarıdan zəngin kolleksiyası olub. O, iki dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adına, yeddi dəfə isə "Lenin” ordeninə layiq görülüb.

Pelşe SSRİ-nin siyasi müstəvisində çox da böyük populyarlıq qazanmasa da 84 yaşına kimi Kremlin dəhlizlərində Siyasi Büro üzvü kimi ən çox gözə dəyən və ən yaşlı məmurlardan biri olub. Ömrünün və siyasi fəaliyyətinin son illərində Pelşenin

yaddaşında nəzərəçarpacaq dərəcədə problemlər yaranıb. Hətta bu problem lətifəyə də çevrilib:

"Brejnev Siyasi Büro üzvlərini kabinetinə dəvət edir və Pelşe haqqında məsələ qaldırır:

- Yoldaşlar, biz Pelşe haqqında ciddi qərar qəbul etməliyik. Bu insan qocalıb, iş qabiliyyətini itirib, görmə qabiliyyətində və yaddaşında ciddi problemlər var.

Pelşe əlini qaldıraraq söz istəyir. Baş katib ona söz verir.

- Leonid İliç, nə təklif edirsiniz? Mən sizin bütün təkliflərinizlə razılaşaram.

- Yoldaş Pelşe, təklif edirəm ki, sizi Siyasi Büro üzvlüyündən çıxaraq.

Pelşe təəccüblü şəkildə soruşur:

- Leonid İliç, məgər mən Siyasi Büronun üzvüyəm???”

Arvid Pelşe 29 may 1983-cü ildə 84 yaşında vəfat edib. O, iş gününün sonuna yaxın özündə narahatlıq hiss edib. Onu Kreml xəstəxanasına çatdırsalar da, həyatını xilas edə bilməyiblər.

Pelşenin nəşi yandırılaraq Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub. Dəfn mərasimi televiziya vasitəsi ilə canlı yayımlanıb.

İlham Cəmiloğlu


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...