Kredit faizləri səlahiyyətinin MBNP-ya verilməsi vəziyyəti dəyişəcəkmi? - Ekspert “yox” deyir

Kredit faizləri səlahiyyətinin MBNP-ya verilməsi vəziyyəti dəyişəcəkmi? - Ekspert “yox” deyir
 

"Bu addım indiki mərhələdə kredit faizlərinə ciddi təsir göstərəcək faktor sayıla bilməz”


Sfera.az-a açıqlamasında bu sözləri banklar haqqında qanuna dəyişikliyin edilməsi təklifi fonunda kredit faizlərinin yuxarı həddinin müəyyən edilməsi səlahiyyətinin Maliyyə Bazarlarına Nəzarət Palatasına(MBNP) verilməsinə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.


Ekspertin fikrincə, yalnız gələcək perspektivdə həmin addım kredit faizlərinin aşağı düşməsinə öz təsirini göstərə bilər:

 

"Burada sadəcə olaraq həmin səlahiyyətlər Mərkəzi Bankdan alınaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına transfer ediləcək. Mərkəzi Bank öz səlahiyyətindən istifadəe dərək əvvəlki dövrdə stehlak kreditləri üçün maksimum faiz dərəcəsini müəyyənləşdirmişdi. Nəticədə maksimum məbləğ 29, komission haqları üçün isə 1 faiz idi. Həmin səlahiyyətlərin Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi praktik olaraq bank sektoruna məhz palatanın məsul olması ilə bağlıdır. Burada söhbət əlbəttə ki, maksimum məbləğin müəyyənləşdirilməsindən gedir. İnkişaf etmiş ölkələrdə də belə müdaxilələrin şahidi oluruq. Bu proses qiymət tavanının müəyyənləşdirilməsi kimi xarakterizə olunur. ABŞ-ın özündə belə uzun müddət fərqli məhsulların qiymətləri üçün tavan müəyyənləşdirilirdi. Ona görə həmin praktikanın inkişaf etmiş ölkələrdə də olduğunu görürük. Bu baxımdan hazırkı mərhələdə Azərbaycanda da ən azından sözügedən addımın atılması doğru yanaşmadır. Düzdür, hələlik atılan addımın indiki mərhələdə kredit faizlərinin aşağı düşməsinə ciddi təsir edəcəyini düşünmürəm. Yəni indiki mərhələdə kredit faizlərinə ciddi təsir göstərəcək faktor deyil. Amma palatanın bank sektorunun inkişafına məsul olan qurum olduğunu nəzərə alsaq, o baxımdan atılan addım gələcəkdə kredit faizlərinin aşağı düşməsinə öz təsirini göstərə bilər. Ancaq bankların kredit faizlərini aşağı salmaları üçün yalnız inzibati deyil, həm də təşviqedici, stimullaşdırıcı metodlardan istifadəyə ehtiyac vardır. Gələcəkdə Palata çalışmalıdır ki, stimullaşdırıcı metodlardan istifadə etməklə kredit faizlərinin aşağı salınmasına nail olsun. Faizlərin yüksək olmasının nəticəsidir ki, alınan kreditlərin geri qaytarılmasında da çətinliklər var. O baxımdan düşünürəm ki, atılan addım nəticə etibarı ilə gələcəkdə Palataya kredit faizlərini tənzimləmək və onu mərhələli şəkildə aşağı salmağa imkan yarada bilər”.

 

 

Qeyd edək ki, verilən məlumatlara görə, banklar haqqında qanuna yeni dəyişklik təklif edilir. Dəyişikliyə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasına kreditlər üzrə faiz dərəcələrinin, komisyon haqlarının və bank xidmətləri üçün ödənişlərin yuxarı həddinin müəyyənləşdirilməsi səlahiyyəti veriləcək.

Elçin


OXŞAR XƏBƏRLƏR