\"Korrupsiyaya qarşı mübarizə haqqında\" qanuna dəyişiklik edildi

\

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 334-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. 

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 334-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

X X X 

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 125; 2005, № 4, maddə 285, № 10, maddə 876; 2007, № 10, maddə 934, № 12, maddə 1219; 2013, № 6, maddə 595) aşağıdakı məzmunda 11-1-ci və 11-2-ci maddələr əlavə edilsin:

"Maddə 11-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə

11-1.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər.

11-1.2. Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının (bundan sonra - idarə, müəssisə və təşkilatların) rəhbəri həmin idarə, müəssisə və ya təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə (bundan sonra - səlahiyyətli struktur bölmə) müəyyən edir.

11-1.3. İdarə, müəssisə və təşkilatlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilərlər.

11-1.4. Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən sonra qeydə almalı və məlumatın qeydə alınmasını məlumatı verən şəxsə bildirməlidir.

11-1.5. Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirməlidir. Araşdırma "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılması xüsusiyyətlərinə uyğun aparılır.

11-1.6. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.

11-1.7. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə ilə əlaqədar olduqda, məlumatı verən şəxs həmin məlumatı müvafiq idarə, müəssisə və ya təşkilatın rəhbərinə təqdim etmək hüququna malikdir. İdarə, müəssisə və ya təşkilatın rəhbəri belə məlumatların qəbul edilməsini, qeydə alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

11-1.8. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat idarə, müəssisə və ya təşkilatın rəhbəri ilə bağlı olduqda, məlumat verən şəxs həmin məlumatı idarə, müəssisə və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara təqdim etmək hüququna malikdir. Həmin orqanlar bu məlumatın qəbul edilməsini, qeydə alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

Maddə 11-2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi

11-2.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

11-2.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

11-2.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir.

11-2.4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində məsuliyyət tədbirlərini tətbiq edən idarə, müəssisə və ya təşkilat onların qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Həmin işçi attestasiyadan keçirildikdə, səlahiyyətli struktur bölmənin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.

11-2.5. İdarə, müəssisə və ya təşkilatlar, səlahiyyətli struktur bölmə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar tərəfindən bu Qanunun 11-1-ci və 11-2-ci maddələrinin tələbləri pozulduqda, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.

11-2.6. Bu Qanunun 11-2-ci maddəsində nəzərdə tutulmuş müdafiə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı bilə-bilə yalan məlumatvermə, həmçinin özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və güzəştlər əldə etmək məqsədi ilə məlumatvermə hallarında tətbiq olunmur.".


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...