“Koronavirusla gizlənpaç oynayıram...” - Yaşlı aktyorlar karantin rejiminə necə əməl edir?

“Koronavirusla gizlənpaç oynayıram...” - Yaşlı aktyorlar karantin rejiminə necə əməl edir?

Koronavirusdan qorunmaq məqsədi ilə yaşı 65-dən yuxarı olan vətəndaşların küçəyə çıxması rəsmən qadağan edilib. Bu yaşlıların arasında ruhən gənc olan, yaşayıb yaratmaq eşqi ilə yaşayan, aktiv həyat tərzi keçirən sənət adamları, aktyorlar da az deyil.


Maraqlıdır, yaşlı sənət adamlarımız qadağaya necə riayyət edir?

 

Sfera.azməsələylə bağlı sənətkarların mövqeyini öyrənib, onların evdə vaxtlarını necə keçirmələri ilə maraqlanıb.

 

 

"Oğlum zənbilləri qapının ağzına qoyub gedir...”

Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri, respublikanın xalq artisti Rafiq Əzimov həmişə ev adamı olduğunu vurğulayaraq bu üzdən xüsusi çətinlik çəkmədiyini deyir:

"Həmişə ev adamı olmuşam. O üzdən evdə qalmaq mənə problem yaratmır. Əgər tamaşam varsa, teatrda olmalıyamsa, işimi planlaşdırıram, vaxtlı vaxtında məşqdə iştirak edirəm. Bayır-bacaya çıxmağa ehtiyac olmadıqda isə evdə ailəmlə çox gözəl vaxt keçirirəm, əsl rahatlığımı evimdə, ailəmin, həyat yoldaşımın yanında tapıram.

Onu da deyim ki, evdə xanımımla mənim boş vaxtımız olmur. Hər ikimiz özümüz üçün iş tapırıq. Mən rollarım haqda düşünürəm, məşq edirəm, xanımım isə ev işləri ilə məşğul olur”.

Sənətkar yaxın günlərdə bağ evinə köçmək istədiyini bildirib: "Mərdəkanda bağımız var, ora getməyə hazırlaşırıq. Təmiz havada olmaq istəyirik. Gəlinimiz məzuniyyətə çıxmalıdır, onu gözləyirik, bir müddət ailəliklə bağda qalmağı planlaşdırırıq. Əvvəl nəvəmiz evə gəlirdi, bizim üçün bazarlıq edib gətirirdi. Amma oğlum bizə görə narahat olduğundan daha evə gəlmir, zənbilləri qapının ağzına qoyub gedir. Özü də maskasız, əlcəksiz bayır-bacaya çıxmır. Gətirdiyi salafan zənbilləri altı saat eyvanda, təmiz havada saxlayırıq ki,virus məhv olub getsin. Bu Rusiya telekanallarından birində virusoloq tərəfindən tövsiyyə olunub. Biz də baxıb əməl edirik.

Dediyim odur ki, xanımımla birgə bütün deyilənlərə dəqiqliklə əməl edirik, evdən çıxmırıq, təmizliyə riayət edirik. Axı biz xalqın sənətkarlarıyıq, xalqımıza örnək olmalıyıq. Məlum qərar çıxandan sonra bir neçə telekanala dəvət almışam, amma getməmişəm. Çünki maşınım yoxdur, ictimai nəqliyyatdan istifadə etməliyəm, bu isə doğru olmaz.

Çalışıram özümü, yaxınarımı xəstəlikdən qoruyum. Allah Tofiq Kazımova rəhmət etsin, onun bir sözü vardı, deyirdi ki, artist gərək xəstələnməsin.

İnşallah tezliklə bu günlərimiz bir xatirəyə çevrilsin və elliklə pandemiya üzərindəki qələbəmizi bayram edək.”

 

 

"Koronavirusla gizlənpaç oynayıram...”

Tanınmış yumor ustası Arif Quliyev də kifayət qədər nikbin danışdı, sonda zarafatından da qalmadı:

"Yaşı 65-i ötən insanların evdən çıxmasına icazə verilməməsini müsbət qarşılayıram. Çünki bu bizim sağlamlığımız üçün edilir. Evdə qalsam da, aktivliyimi itirmirəm. Yumoristik monoloqlar, şeirlər, hekayələr, mahnılar hazırlamışam. İstənilən vaxt gəlib çəkə bilərlər.

Günümü maraqlı, səmərəli keçirməyə çalışıram, özümü darıxmağa qoymuram. Pəncərə qarşısında oturub yazıb yaradıram, necə deyərlər, öz aləmimdəyəm, hər şey çox gözəl və əladır.

Günboyu istirahətə də, işə də vaxt ayırıram. Nahardan sonra yarım saat uzanıb dincəlirəm, sonra durub bədii əsərlər, lirik və yumoristik şeirlər oxuyuram.

Bu gün hər birimiz evdə qalmaqla özümüzü, yaxınlarımızı, ailəmizi, nəvələrimizi qoruyuruq.Bir də ki, evdə qalan baba niyə darıxsın axı?! Hər gün işləyirik, səhər gedib axşam gəlirik, nəvələrimizi göz dolusu görə bilmirik. İndi isə onlarla daha çox vaxt keçirmək üçün gözəl fürsət yaranıb, mən də bu fürsətdən yetərincə yararlanıram.

Mən bir növ koronavirusla gizlənpaç oynayıram. Mən gizlənmişəm evdə, o da axtarır məni çöldə. Mən isə çölə çıxmıram, quyruq ələ vermirəm. Allah sizi də var eləsin”

 

 

"Darıxıram, amma...”

Məşhur "Hicran” tamaşasının Balaəmisi, sevilən sənətkar, yumor ustası, respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Novruz Qartal da evdə vaxtını səmərəli keçirməyə çalışır, amma darıxdığını da gizlətmir:

"Martın 20-i 73 yaşım tamam oldu. Həmin gündən bu günə qədər evdən çölə çıxmamışam. Düzünü deyim ki, darıxıram. Çünki evdə oturmağa alışmamışam. Hər gün dənizkənarı parka gedərdim, təmiz hava alardım. Amma neynəyə bilərəm? Dözməliyəm. Çünki bu qadağa biz yaşlıların sağlamlığı üçündür.

Evdə qalandan bəri günün böyük hissəsini televizora baxmaqla keçirirəm.Teatr haqda düşünürəm. Ötən ay teatrımızda Səid Rüstəmovun "Beş manatlıq gəlin” əsərinə baxış olmalı idi. Amma məlum səbəbdən təxirə salındı. İnanın ki, teatrımız üçün burnumun ucu göynəyir, həmin tamaşa ilə səhnəyə çıxacağım günü səbirsizliklə gözləyirəm.

Ümumiyyətlə, teatrda işlərim çoxdur. Məşhur "Hicran” pyesinin yeni səhnə həlli planlaşdırılır, həmin tamaşada da rolum var. Bir zamanlar oynadığım Balaəmi obrazının atasını canlandıracam. Amma bütün işlər yarımçıq qalıb, bu haqda düşünürəm, kitab oxuyuram,qohumlar, tanışlar zəng vurub hal-əhval tutur.

Tərslikdən həyat yoldaşım da gedib Gəncədə qalıb. O Gəncədən Bakıya gələ bilmir, mən də Bakıdan Gəncəyə. Bu bir az problem yaradır. Evdə tək oturmuşam. Dünən qızım, nəvələrim gəlmişdi, onlarla günüm xoş keçdi. Arada baş çəkirlər mənə.

Gözləyirik ki, bu şoğərib virus nə vaxt yaxamızı buraxacaq. Allah xalqımızı, millətimizi qorusun.”

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR