Cəmİyyət

Kommunal xidmətlər xarici şirkətlərə icarəyə verilsə 1.5 milyard qazanacağıq? – EKSPERTDƏN AÇIQLAMA

Kommunal xidmətlər xarici şirkətlərə icarəyə verilsə 1.5 milyard qazanacağıq? – EKSPERTDƏN AÇIQLAMA
 

"Kommunal xidmətlərin xarici sərmayədarlara icarəyə və idarəetməyə verilməsi vacibdir. Çünki kommunal xərclər dövlət büdcəsi üzərində böyük yükə malikdir. Bu sahə olduqca qeyri-effektiv şəkildə idarə olunur və nəticədə əhalinin narazılığına səbəb olur”.


Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisin deputatı Fazil Mustafanın kommunal xidmət göstərən bəzi şirkətlərin əlverişli şərtlərlə, ən azı 50 illik müqavilə əsasında xarici şirkətlərin idarəetməsinə verilməsinin zəruri olduğu barədə fikirlərinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:


"Dövlət büdcəsindən dotasiyalar və böyük həcmdə maddi yardımlar almasına baxmayaraq kommunal xidmətlə məşğul olan təşkilatların mütləq əksəriyyəti hələ də ziyanla işləyir. Ona görə də idarəetmənin effektivliyini artırmaq, həm də dövlət büdcəsinə əlavə yük olan dotasiyaların aradan qaldırılması üçün həmin sahəni xarici şirkətlərə icarəyə və yaxud onlarla yerli şirkətlərin birgə müəssisələri fonunda idarəetməyə vermək olar”.

 

N. Cəfərli bildirdi ki, sözügedən sahə xarici şirkətlərə icarəyə verilsə də onların tariflərin artırılmasına getmələrinə imkan vermək olmaz:"Yəni xidmətlər xarici şirkətlərin ixtiyarına verildikdən sonra tariflərin artmasının qarşısı alınmalıdır. Elə olmasın ki, xarici şirkətlər kommunal sahələri icarəyə götürən kimi qiymət tariflərini bahalaşdırsınlar. Müqavilə bağlanarkən həmin şərtlər nəzərə alınmalı və tarif siyasəti dövlətin müəyyən vergi və digər güzəştləri müqabilində dəyişməz olaraq qalmalıdır”.

 

Həmsöhbətimiz hesab edir ki, kommunal xidmətlərin xarici investorların icarəsinə verilməsindən dövlət büdcəsi qazanacaq: "İlk növbədə bu gəlir icarə xərcləri formasında gələcək. Bundan əlavə, həmin şirkətlər qazanclarından vergi ödəyəcəklər. Başqa bir tərəfdən, dövlət büdcəsindən həmin sahəyə ayrılan dotasiyalar tamamilə kəsiləcək ki, bu da xeyli dərəcədə büdcəyə qənaət etməyə imkan yaradacaq. Hazırda isə dövlət tərəfindən kommunal xidmət göstərən şirkətlərə dotasiya şəklində ildə 1,5 milyard manata yaxın vəsait ayrılır”.

 

Elçin

Sfera.az

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031