Komitə sədri: \"Ziyad Səmədzadənin fikirləri təhrif olunub\"

Komitə sədri: \
"Azərbaycanda kənd təsərrüfatının vergiyə cəlb edilməsi ilə bağlı dövlətin heç bir planı yoxdur. Əksinə, dövlət fermerlərə və kənd təsərrüfatına dəstəyi daha da artırır". 

Bu sözləri Sfera.az-a müsahibəsində Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimov bildirib. 
 

Komitə sədri dünyanın bütün ölkələrində kənd təsərrüfatının vergidən azad olunduğunu söyləyib:
 

"Dünyanın heç bir ölkəsində kənd təsərrüfatından vergi alınmır. Avropada və Amerikada da kənd təsərrüfatı vergidən azaddır. Dövlət tərəfindən kənd təsərrüfatına kömək edilir. Yəni, dövlət dəstəyi olmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Azərbaycanda da kənd təsərrüfatının daha çox gücləndirilməsi üçün dövlətin dəstəyi mütləqdir". 
 

E.İbrahimov qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatına dövlət tərəfindən böyük diqqət və dəstək var:
 
 
"Cənab prezidentin təşəbbüsü ilə Azərbaycanda fermerlərə güzəştli kreditlər, subsidiyalar verilir. Bütün bunların hamısı Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması və kəndlilərə dəstək üçün həyata keçirilir".
 

Deputat həmkarı Ziyad Səmədzadənin bu məsələ ilə bağlı fikirlərinə də toxunan E.İbrahimov əlavə edib ki, Ziyad Səmədzadənin fikirləri təhrif olunub:
 
 
"Mən mətbuatdan Ziyad Səmədzadənin fikirləri ilə tanış oldum. O, konkret olaraq demir ki, Azərbaycanda kənd təsərrüfatı vergiyə cəlb olunsun. Ziyad Səmədzadə deyir ki, gələcəkdə vergi ödəyicilərini artırmaq lazımdır. Bu o demək deyil ki, kənd təsərrüfatı vergiyə cəlb olunmalıdır. Görünür ki, Ziyad Səmədzadənin fikirləri təhrif olunub".






OXŞAR XƏBƏRLƏR