Komitə sədri qanunsuz və sənədsiz tikilən evlərin taleyinə aydınlıq gətirdi

Komitə sədri qanunsuz və sənədsiz tikilən evlərin taleyinə aydınlıq gətirdi

"Bakıda və Abşeron yarımadasında qanunsuz tikilən evlərin əksəriyyəti rəsmiləşdirilmədən vergilərə cəlb olunur”

Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə jurnalistlərə açıqlamasında bildirib. 
A.Rəhimzadə qanunsuz tikililərlə bağlı problemin əsas səbəbini də açıqlayıb:
"Bəzən bələdiyyələr torpağın ona, yaxud başqa bələdiyyəyə məxsus olduğunu dəqiq bilmir. Bələdiyyə bilməyib ki, torpaq ona, yaxud başqa bələdiyyəyə məxsusdur. Ona görə də qanunsuz tikililərlə bağlı problem yaranıb. Bələdiyyənin ərazisi dəqiqləşdirilib, xəritə veriləndən sonra bələdiyyə biləcək ki, bu torpaq onun ərazisidir, yoxsa yox. Xəritələr müəyyənləşəndən sonra bu problemlərin həlli daha asan olacaq. İndiyə qədər bələdiyyənin başqa bələdiyyənin ərazisində torpaq verməsi halları olub. Buna görə bələdiyyələri təqsirləndirmək də olmaz, çünki bir çox bələdiyyə indiyə qədər ərazisinin hara olduğu, haradan başlayıb harada qurtardığını bilməyib”.
Komitə sədri bələdiyyələrin xəritələrinin əksəriyyətinin hazırlanaraq Milli Məclisin Reyestr Xidmətinə verildiyini də bildirib:
"Ümumilikdə, 59 rayonda ərazilərlə bağlı mübahisələr var. Həmin mübahisələr həll ediləndən sonra bələdiyyələrin hamısı biləcək ki, ərazisi haradır, hansı əraziyə sərəncam verə bilər, harada onun sərəncamı ilə ev tikə bilərlər”.
A.Rəhimzadə həmçinin qeyd edib ki, Azərbaycanda neft torpaqlarında tikilən qanunsuz evlər var:
"Bu məsələ ilə bağlı müxtəlif məqamlar var. Hər bir konkret hal üzrə konkret həll variantı olacaq. Ümumiyyətlə, belə evlərin sənədləşdirilməsi üçün müxtəlif tələblər var və bu da fərmanda əksini tapıb. Məsələn, bu evlər tikilməzdən öncə, layihəsi yerli icra hakimiyyəti ilə razılaşdırılmalı idi. Sürüşmə zonaları, fövqəladə vəziyyətlər ola bilər. Layihə razılaşdırılıbsa, həmin evlərin sənədləşdirilməsi fərmanda əksini tapıb. Yəni, Azərbaycan Prezidentinin fərmanında əksini tapan tələblərə uyğun olaraq sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir. Qanunsuz tikililərlə bağlı sənədləşmə problemi isə bir il əvvəl Azərbaycan Prezidenti tərəfindən imzalanmış fərmana əsasən tədricən həllini tapacaq”.
A.Rəhimzadə Bakı və Abşeron yarımadasında əsasən bələdiyyələrin sərəncamı ilə qanunsuz ayrılmış torpaqlarda, qismən də özbaşına zəbt edilmiş torpaqlarda tikilən və müvafiq icra hakimiyyəti ilə tikinti layihəsi razılaşdırılmayan evlərlə bağlı da danışıb:
"Bu cür hallar qanunvericiliyin tələblərinin pozulduğunu göstərir. Hesab edirəm ki, Azərbaycan Prezidentinin bir il əvvəl imzalanmış fərmanına əasəsən bu sahədə məsələlər həllini tapmalıdır”.



OXŞAR XƏBƏRLƏR