\"Kinodan qazandığım pulu bəzən bir gündə xərcləyib, \"uf\" da demirəm\" - MÜSAHİBƏ/FOTOLAR

\

Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da Cəlilabad rayonunda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsinə daxil olub. Xalq artisti, professor Cənnət Səlimovadan dərs alıb. 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlayıb. "Kontrabasçı”, "Məşədi İbad”, "Aydın” kimi məşhur obrazları canlandırıb. Şövqi Hüseynov hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Musqili Teatrın aktyorudur.


 

"Tamaşa aktyorla tamaşaçının müharibəsidir"


 

- İlk olaraq aktyor sənətinin çətinliklərindən danışaq.


 

- Kənardan hansısa tamaşa və ya filmə baxaraq asanlıqla demək olar ki, aktyorluq asan sənətdir. Əslində belə deyil. Hər bir sənətdə çətinlik var, yetər ki, işinə vicdanla yanaşasan. Daha cəfakeş insanlar hər zaman çətinliklərlə üzləşirlər. Tamaşaçı aktyorun ifasında sevməli, ölməli və digər hissləri yaşamalıdır. Tamaşaçı sənin roluna baxıb desə ki, mən bu cür oynamağı bacarmaram, deməli, nəsə əldə etmisən. Aktyorluq ağır sənətdir. Bunun üçün fiziki güc, ürək, möhkəm sinir sistemi tələb olunur. İstəyirsənsə ki, tamaşaçı səni sevsin, dəyər versin, gərək ürəyini parçalayasan. Ürək parçalamaq da hər dəfə alınan bir iş deyil. Uzun illər bu sənətdə olub, lakin üz cizgilərində elə bir dəyişiklik olmayan bir aktyoru peşəkar hesab edə bilmərəm. Tanımadığım teatra daxil olduqda da üz cizgilərinə əsasən asanlıqla kimin texniki işçi, kimin yaradıcı şəxs olduğunu təyin edə bilirəm. Aktyorun keçdiyi sənət yolunun əzabları onun üz cizgisində mütləq əksini tapmalıdır. Ustadımız Cənnət xanım deyirdi ki, tamaşa aktyorla tamaşaçının müharibəsidir: ya sən qalib gəlməlisən, ya da ki, tamaşaçı. Bəzən uduzuruq, bəzən qalib gəlirik, bəzən də heç-heçə olur. Elə tamaşa var ki, çalışırıq ömrümüzün bir hissəsini o səhnədə qoyaq. Əlbəttə ki, buna çalışırıq.

 

- Bəzən bu müharibədə tamaşaçıya uduzduğunuz olub?


 

- İstənilən tamaşa müharibədir. Səhnədə olarkən mütləq mənada tamaşaçını məğlub etmək uğrunda mübarizə aparıram. Yəni, o da mənlə bərabər gülməli, ağlamalıdır. Qolundakı saatın əqrəbləri belə mənim qolumdakı saatla üstləşməlidir. Dəqiq deyə bilmərəm, hansı tamaşada məğlub olmuşam. Bəzən 10 tamaşadan 7-si alınmayıb. Əlbəttə ki, bizim məğlubiyyət olaraq qəbul etdiyimiz bu tamaşalar tamaşaçı tərəfindən qəbul olunur. Lakin mən öz aləmimdə rolumu qəbul edə bilmirəm. Bəzən də əksinə, tamaşadan xoş əhvalla ayrılırsan, düşünürsən ki, çox gözəl rol ifa etmisən, lakin ətraf fərqli bir şey deyir. Yaxud da əksinə, hər şeyi məhv etdiyini düşündükdə, eşidirsən ki, hər şey uğurlu olub. Uğursuzluqlara səbəb texniki amillər deyil. Tamaşaçı çox vaxt texniki problemləri hiss etmir. Əsas problem aktyorun daxili ilə bağlıdır. Bəzən özünü toparlayabilməmə, əhvala düşəbilməmə də burada rol oynayır. Mən çay içə-içə, sizlə danışa-danışa da rola hazırlaşıram. Lakin bu o demək deyil ki, tamaşadan öncə mən həyəcanlanıram, başımı divara çırpıram. Xeyr. Meyerhold deyirdi ki, aktyor tamaşa vaxtı aktyor olmağa borcludur. Görüm, sən məşq olmayanda aktyor ola bilirsənmi. Bu bizim indiki mənada dərk etdiyimiz həyatda aktyor olmaq demək deyil. Daxilən, psixoloji olaraq aktyor olmalıyıq. Deyirlər ki, filankəs gözəl aktyordur, lakin psixologiyası aktyor psixologiyası deyil. Bəzən aktyor psixologiyası olmadıqda və vicdanlı xidmət yaddan çıxdıqda bu iş alınmır. Tamaşaçını heç vaxt aldatmaq mümkün deyil. Tamaşaçı hər zaman bizim gizlətmək istədiklərimizi görür. Sədi Şirazi deyirdi ki, sənin cibində müşgü-ənbər varsa, onu göstərməyə ehtiyac yoxdur. Bizim səhnə işimiz həmin o müşgi-ənbərdir. Yetər ki, aktyorluq beyində, qəlbdə, əzələ yaddaşında olsun. Tamaşaçı nəyi gizlətmək istəyirəm, onu tez görürsə, o zaman qoy mən elə nəyi demək istəyirəm, onu gizlədim. Bəzən nəyisə gizlədə bilirik, bəzən isə gizlədə bilmirik.


 

- Siz yaradıcı şəxssiz. Bəzən yaradıcı şəxslə texniki heyət arasında müəyyən mübahisələr yaranır. Siz də belə mübahisələr yaşamısınızmı?


 

- 18 ildir ki "Aydın” tamaşasını oynayıram. Orada bir nar ağacı var. Texniki heyət üçün önəmli olmasa da, mənim üçün bu ağacın harada dayanması önəmlidir. Lakin səhnə maşinistləri üçün bu "məbəd”lərin 1-2 santimetr yerinin dəyişməsi o qədər də önəmli deyil. Əlbəttə, onlar kifayət qədər peşəkardırlar. Lakin ağacın, yaxud da, hər hansı əşyanın eyni tamaşada stabil yerdə olmasının mənim üçün bir möcüzəsi var. Buna inanc da demək olar. Yalnız tamaşa başladıqdan sonra aktyor səhnəyə gəlir. Tamaşa başlamazdan öncə isə aktyorlar otağında olurlar. Lakin mən bu məsələyə fərqli prizmadan yanaşıram.

 

 

- Necə?


 

- Kamera teatrının ənənələrinə görə, akyor lazım gəldikdə səhnəni silib-süpürürdü. Bu ənənələrə sadiqəm. Hər tamaşadan öncə mütləq səhnəyə baş çəkirəm. Belə tamaşaların birində bir dəfə gördüm ki, ağac yerində deyil. Texniki işçiyə dedim ki, çəkici ver mənə, onu çıxarım. Dedilər ki, yox, bu bizim işimizdir, əziyyət çəkməyin. Mismarı çıxardıqda, texniki işçi ağacı ayağı ilə itələdi. O zaman nə sarsıntı keçirtdim, necə stress yaşadım, bunu bir Allah bilir. Çünki o ağacın dibində mənim ömrüm yatırdı. Düşünürəm ki, aktyorlar bu cür mövzularda həssas olduğu üçün, xüsusən də bizim yanımızda belə bir addımın atılması yolverilməzdir. Düzdür, etiraf etməliyəm ki, kollektivimizin texniki heyəti çox peşəkardır. Bu cür xırdalıqları onlar yox, mən düşünməliyəm. Çünki yaradıcı şəxs mənəm.


 

- Həyat yoldaşınız da aktrisadır. Həm evdə, həm işdə birgə olmaq çətin deyilmi?

 

 

- Xeyr, əksinə deyərdim. Mən hesab edirəm ki, belə daha yaxşıdır və mən düzgün seçim etmişəm. Onun mənə yalnız köməyi dəyir.

 

 

- Deyirlər bütün kişilər xəyanətkardır. Razısızmı?


- Bu haqda danışmaq istəmirəm. Xəyanət və kişi, bunu niyə müzakirə edək?


 

- Onda oğlunuzdan danışaq. Deyəsən o da incəsənətə meyillidir.


 

- Ülvi hekayələr yazır, redaktələr edir. İngiliscədən tərcümələr edir. Xalaları Vüsalə və Səadətin onun üzərində çox təsiri olub. Musiqiyə də böyük marağı var. Lakin aktyor olub-olmayacağını bilmirəm. Mən də uşaq olarkən gah deyirdilər, rəqqas, gah deyrdilər, musiqiçi olacaq. Lakin mənim istəyimdən də asılı olmadan bütün bu komponentləri özündə birləşdirən bir sənətə yiyələndim. Zaman keçdikcə aktyor olmağı düşündüm.

 

- Sizcə teatr sahəsində hansı problemlər var?


 

- İstənilən teatrda tamaşaçı canlı insana baxmağa gəlir. Bu yoxdursa, səhnədə hansı effektlərin olmasından asılı olmayaraq heç kəs ona baxmayacaq. Nəyinsə necə baş verməsi haqda "Youtube”da da videolar var. Lakin bu eyni effekti vermir. Yaxşı tamaşadır, deyib çıxırıq, yaxud da əksinə. Bəzən aktyorlar o qədər canlı oynayır ki, tamaşaçı heç dekoru, geyimi görmür. Bəzən isə əksinə... Bir dəfə alınmaması o demək deyil ki, aktyor peşəkar deyil. Canlandırdığım obrazlarla çalışıram ki, insan yaradım. Aktyorluq üçün gözəl səs, gözəl saç, boy, çəki lazımdır. Lakin bunlar mütləq deyil. Düşünmürəm ki, bu gün teatrda köklü problemlər var. Yalnız texniki problemlər ola bilər ki, bu da bizdən asılı deyil.


 

- Tamaşaçılar teatra gəlmirsə, günahkar kimdir?


 

- Tamaşçı teatra gəlmirsə, bunun yeganə günahkarı aktyordur. Yerlər boş qalırsa, demək ki, aktyor günahkardır. Lakin sevindirici haldır ki, bu gün teatrlarımız 90-cı illərdəki kimi boş deyil. Yadınıza gəlirsə, bir müddət tamaşaçılar teatrdan uzaqlaşmışdı. Teatrların təmirə bağlanması tamaşaçıları bizdən uzaqlaşdırmışdı. Lakin bu gün həmin problemlər həllini tapıb.

 

"Bu filmlər mövsümi xarakter daşıyır"


 

 

- Kinoya çəkilməklə, teatr səhnəsində olmaq arasında nə kimi fərqlər var?


 

- Çoxdandır ki, kinoya çəkilmirəm. Kino ilə bağlı elə bir nisgilim yoxdur. Eldar Quliyev, Oqtay Mirqasmov, Yavər Rzayev, Ayaz Salayev, Rövşən İsax kimi peşəkar kadrlarla birgə filmdə işləmişəm, bu heç də kiçik iş deyil. Son zamanlar kinodan uzaq düşdüyüm üçün daxili prolemlərini bilmirəm. Bu dəqiqə kommersiya filmlərinin bumudur. Dayanmadan bu cür filmlər çəkilir. Lakin hesab etmirəm ki, bu filmlər milli kino tariximizə xidmət edəcək. Bu filmlər mövsümi xarakter daşıyır, lakin tarixdə qalmayacaq. Kommersiya filmlərinə çəkilən aktyorlar kifayət qədər peşəkardırlar. Bu cür filmlərin çəkilməsini nə qənaətbəxş, nə də ki, gərəksiz hesab edirəm. Düşünürəm ki, bu cür filmlərdən büdcə formalaşdırdıqdan sonra daha yaxşı sənət əsəri ortaya qoymaq olar. Pulu yığırsan ki, daha yaxşı maşın alasan. Kommersiya filmlərində də bu ənənə olsa, daha yaxşı effekt verər.

 

 

- Deyirlər ki, tamaşaçı bu cür filmlər istəyir deyə, belə filmlər çəkilir.


- Xeyr, təəssüflər olsun ki, bizdə hər şeyi tamaşçının üzərinə atırlar. Rejissor deyir ki, tamaşaçı bunu istədiyi üçün bu cür film çəkmişəm. Xeyr, sən tamaşaçıya onu da göstər, bunu da. Gör o zaman tamaşaçı nəyi seçəcək. Tamaşaçıya böhtan atmaq, şəraitdən də istifadə etmək olmaz. Bu da düzgün addım deyil.

 

 

- Azərbaycanda sənətçilərə kifayət qədər dəyər verilirmi?

 

- Məni qane edir. Heç bir narazılığım olmayıb, heç zaman da nəsə gözləməmişəm. Hər zaman çalışmışam ki, işimi vicdanla görüm.Teatr sahəsində elə bir mükafat yoxdur ki, onu almayım. Fəxri ad da almışam, beynəlxalq mükafatlar da alıram.

 

 

- Qatıldığınız beynəlxalq festivallarda düşmənlərimizlə üzləşirsiniz... Nəsə bir diskussiya olubmu, aranızda?

 

 

- Çalışırıq ki, o münasibətdən qaçaq. Mənim o millətlə edəcəyim söhbət yoxdur. Birgə qatıldığımız festivallarda dəfələrlə bizim uğurlarımızı görüblər.

 

 

- Ən sevilən obrazlarınızdan biri də "Məşədi İbad”dır. Bu rolu nə vaxtadək canlandıracaqsız?

 

- Məşədi İbadın 50 yaşı vardı, mənim də 46. 4-5 ildir ki, bu rolu oynayıram. Məşədi İbad elə obrazdır ki, Allah nə qədər ömür versə, oynaya bilərəm. Amma artıq Romeonu oynaya bilmərəm.


 

- Siz də komedik rollar canlandırırsız. Lakin sizinlə komedik rollar oynayan digər aktyorlar, məsələn, Fərda arasında çox fərq var...


- Mənimlə Fərda arasında janr fərqi var. Mən teatr aktyoruyam, o isə kino. Lakin mən onun kimi oynaya bilmərəm. Demirəm ki, o pisdir, yox, sadəcə olaraq mən bu cür oynaya bilmərəm. Mənə deyirlər ki, "get sən də tamadalıq et". Aktyorlar gedib tamadalıq da ediblər. Lakin mən bunu bacarmaram. O qədər imkansız vaxtlarmız olanda belə gedib tamadalıq etməmişəm. Mənim bu işə istedadaım çatmır. Kim ki, bacarır, halaldır. İlham Əsgərov elə gözəl toy aparırdı ki, yaxud da Azad Şükürov.

 

- Mənzil şəraitiniz necədir?


 

- Evimiz-eşiyimiz var, hər şey normaldır. Teatrdan qazandığım məvacib yüksək deyil. Lakin teatrdan aldığım məvacib mənim üçün dünyanın nə böyük sərvətidir. Teatrdan aldığım məvacimi misqal-misqal kartdan çıxarıram. Lakin kinodan əldə etdiyim pulu bəzən olur ki, bir günə də xərcləyib, uf da demirəm. Teatrdan əldə etdiyim məvacib mənim əsl zəhmətimin puludur. Olur ki, kinoda 6-7 ayın pulunu bəzən bir gündə alırıq.Tobokov deyirdi ki, mən sevdiyim işlə məşğulam, hələ mənə pul da verirlər. Mən onsuz da, bu işsiz bacarmıram. Mənə 1 milyon versələr də, daha az versələr də, mən bu rolu oynamalıyam. Elə ola bilməz ki, mən səhər durum və deyim ki, teatra getmirəm. Məzuniyyət mənim üçün ən üzücü müddətdir. 45 gün məşqsiz, teatrsız qalıram. Kamera teatrında olanda qapılara blomb vurulurdu. Mən hər dəfə gedib o blombu qırırdım. Şairə deyə bilərsən ki, məzuniyyətdəsən, yazma?


 

- Tamaşaçılarınıza da maraqlı olar: Şövqi bəyin bir günü necə keçir?


 

- Hər gün məşqlər, məşqlərdən əlavə idmanla məşğul oluram. Dövr var ki, yaş sənə işləyir, dövr var ki, sən yaşa işləyirsən. Çalışıram ki, Milli Parkda qaçım, daha sağlam həyat yaşayım. Bəzən işə də velosipedlə gəlirəm. Pyeslər, tərcümələr oxuyuram. Lakin povestə, romana zaman sərf etmirəm.

 

 

 

"Özümü gümrah hiss edirəm"


 

 

- Sağlam həyata keçməyinizə səhhətinizdəki hərhansı problem səbəb olub?


 

- Səhhətimdə yəqin ki, problemlər var. Həkimə gedib yoxlanışdan keçsəm, problemlər çıxacaq. Elə buna görə də həkimə getmirəm. Dişi müalicə etmirik, ağrısından gecə yata bilmədikdə həkimə üz tuturuq. Hələ ki, ayaq üstəyəm. Çalışıram ki, dərman qəbul etməyim. Başım ağrıdıqda belə dərman atmıram. Səbəbini araşdırıram. Bizim el təbabətimizdə qanalma var, qanalmadan sonra özümü gümrah hiss edirdim.


 

- Sevənləriniz sizi haralarda izləyə bilərlər?


 

- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Musiqili Tetarında tamaşalarımız var. Bundan əlavə isə aprel-iyun aylarında ADGT-ni, Azərbaycan teatrını təmsil edərək 4 ölkədə çıxış edəcəyəm. Aprelin 21-dən mayın 1-nədək Təbrizdə "Təbrizim” adlı teatr festivalı olacaq. Bura münsif kimi dəvət olunmuşam. Baş rejissorumuz Bəhram Osmanov 1 həftə ərzində ustad dərsləri keçirəcək. Festivala 22 ölkə qatılacaq. Mayın 11-16-sı arasında Makedoniyada 20-ci Beynəlxalq teatr Festivalına qatılacağam. Mayın 20-25-i tarixlərində isə Kazanda daha bir beynəlxalq teatr festivalına qatılacağam. İyunun 5-16-sı tarixlərində isə Ukraynada festivala qatılacağıq. Arzu edirəm ki, bizim Azərbaycanın da mono tamaşa festivalı olsun, öncəki ənənələrimiz bərpa olsun. Bir çox ölkələr də Azərbycanda keçiriləcək festivallara qatılmaq istəyirlər. Çünki canlı təbliğat vacib rekalmdır. Azərbaycana gələn hər hansı turist öz ölkəsində burda gördükləri haqda danışır. Bu səbəbdən hazırda da, Azərbaycana böyük maraq var. Bu festivallar həm də aktyorların və teatrın bayramıdır. Təklif edirəm ki, bizdə də Azərbaycan daramaturgiyası festivalı keçirilsin. Həm Azərbaycanı, həm də milli dramaturgiyanı təbliğ etmiş olarıq. Düşünürəm ki, bu cür festivallar ölkəmizə böyük uğur gətirəcək.

 

- Prezident seçkilərinə az qalıb. Seçiminizi etmisizmi?


 

- Artıq seçimimi etmişəm, prezident İlham Əliyevə səs verəcəyəm.


 

Nigar Məhərrəm


Sfera.az



OXŞAR XƏBƏRLƏR

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...