Kimi papaq atacaq, kimi şəkərbura bişirəcək, kimi də gözüyaşlı... - MƏŞHURLARIN NOVRUZ PLANI

Kimi papaq atacaq, kimi şəkərbura bişirəcək, kimi də gözüyaşlı... -  MƏŞHURLARIN NOVRUZ PLANI
Novruz bayramına sayılı günlər qalıb. Maraqlıdır, bu bayramı kim harada və necə qeyd edəcək?

Sfera.az məşhurların Novruz bayramı planlarını təqdim edir:
 
Xalq Artisti Flora Kərimova:


"Balalarımı - oğlumla qızımı gözləyirəm. Söz veriblər, Novruz bayramında gələcəklər. Bayramı onlarla birgə Bakıda qeyd edəcəyik. Başqa yerə getməyə halım da yoxdur”. 

Millət vəkili Fazil Mustafa:

 
"Bayramı Bakıda, evdə, ailəmlə birgə keçirəcəyəm".

Xalq Artisti Nazpəri Dostəliyeva:
 
"Hər il olduğu kimi bu bayramı evimdə, övladlarım, gəlinlərim, balacalarımla birgə qeyd edəcəyəm. İlk olaraq ata-anamın yatdığı yeri, məzarlığı ziyarət edib daha sonra evdə süfrə arxasında oturacağıq. Gəlinlərimlə birgə şəkərbura, paxlava, qoğal bişirəcəm. Öz əllərimlə bişirdiyim plovla süfrəni bəzəyəcəyəm. Bu süfrənin arxasında övladlarım, gəlinlərim, balacalarım, ən əziz adamlarımla oturaraq bayramı deyə-deyə, gülə-gülə qeyd edəcəyik".
 
"Ümid” partiyasının sədri İqbal Ağazadə:

 
"Novruz bayramını evdə, ailəmlə birgə qeyd edəcəyəm. Hər hansı turizm məkanında dincəlməyi düşünmürük. Buna marağım, həm də imkanım yoxdur. Bu vaxtadək də heç bir turizm məkanına üz tutmamışam. Bu cür yerlər mənim marağımda olmayıb”.

İqtisadçı Natiq Cəfərli:

 
"Biz hər zaman ailə ənənəmizə sadiq qalaraq bayramı hər gün bir yaxınımızın ailəsində qeyd edirik. Ötən il yaxınlarımdan birinin evinə papaq da atmışdım. Bu il də papaq atmağı düşünürəm. Papaq atmağı çox sevirəm”.

Aktyor İlham Hüseynov:
 

"Bayramı yəqin ki, Gəncədə, valideynlərimlə birgə qeyd edəcəyəm. Xaricə getmək, yaxud da Bakıda hər hansı turizm məkanına üz tutmaq fikrim yoxdur. Çünki büdcəm də buna imkan vermir".
 

İqtisadçı Akif Nəsirli:
 

"Hər il Novruz bayramını Beyləqanda keçirirəm. Lakin bu il ola bilsin ki, bayramı Bakıda keçirdim. Düşünürəm ki, bölgədə ən maraqlı bayram ənənəsi məhz Azərbaycana aiddir. Bu səbəbdən də bayram ərəfəsində turistlərin ölkəmizə səfərini proqnoz etmək olar. Xüsusən də İrandan turist axını gözləniləndir. Ancaq Bakıda da bayram ab-havası elə hiss olunmur. Bunun səbəbi maddi problemlərdir. Çünki Bakıda bayramın qeyd olunması maddiyatla bağlıdır. Pul olmasa, çərəz, yumurta, meyvə-tərəvəz ala bilməzsiz. Lakin rayon yerlərində daha fərqli mənzərəni müşahidə edə bilərik. Rayon sakinlərinin öz yumurtası, əti, toyuğu, qoz-fındığı, meyvə-tərəvəzi var. Bu səbəbdən kənd yerlərində ən kasıb sakin belə Novruz bayramını qeyd edə bilir”. 
 

Hüquqşünas Əkrəm Həsənov:
 

"Bayramı Bakıda qeyd edəcəyəm. Mənim üçün ən gözəl istirahət evdə dincəlmək, kitab oxumaq, arzuladığım filmlərə baxmaqdır. İş günləri olmadığı üçün heç kəs mənə zəng etməyəcək. Şəhərdən kənarda bayram qeyd etmək kifayət qədər vəsait tələb edir. 4 qızım var, ailəm də böyük olduğu üçün bölgələrdə istirahət bizə görə çox bahadır. İl ərzində ailəmlə birgə istəyərdim ki, Türkiyəyə gedək. İndiki vəziyyətdə hələlik Türkiyəyə getməyi düşünmürük. Hava şəraiti də buna imkan vermir.
 
Azərbaycanda turizm məkanlarında qoyulan qiymətlər göstərilən xidmətlərə uyğun deyil. Xidmət aşağı, qiymət isə yüksəkdir. Sərfəlilik və xidmətin keyfiyyəti baxımından mənim üçün ən gözəl istirahət ölkəsi elə Türkiyədir. Türkiyədə bir həftəlik istirahət üçün 4 nəfərlik ailə üçün 3500 dollar kifayət edər. Azərbaycanda isə bu qiymət bir az da yüksək, təxminən 5 min dollar civarındadır”. 

3 aydır həbs həyatı yaşayan müğənni Fədayə Laçın

 
Müğənninin vəkili Türkel Süleymanlı ilə əlaqə saxladıq:
 
"Bayramı həbsdə qeyd edəcək. Barmaqlıqlar arasında bayramı necə qeyd etmək olar? Çox pis, əlbəttə. Fədayə xanım ümid edirdi ki, bu bayramı evində qeyd edəcək, haqqında həbs qəti imkan tədbiri dəyişiləcək. O bu müddəti evdə keçirtməklə hər zaman, vaxtında istintaqlara getməyə hazır idi. Lakin belə olmadı. Hazırda ən böyük arzusu anasını, ailəsini görməkdir. 

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR