Kimi aldatmağa çalışırsınız?

Kimi aldatmağa çalışırsınız?
"Məhsul” stadionunda yanvarın 19-da keçirilmiş mitinqlə bağlı fərqli fikirlər var. Hakimiyyət bu mitinqi uğursuz, müxalifətsə qələbə hesab edir. Siyasi düşərgənin qütblərindən biri mitinqə 2800, qarşı tərəf isə 20 min nəfərin toplaşdığını deyir.
Hakimiyyət bu mitinqin ölkə müxalifətindəki bərbad durumun daha bir göstəricisi olduğunu vurğulayır, müxalifətsə tam əksinə, mitinqin ölkədəki inqilabi situasiyanın "qaranquşu” olduğunu iddia edir.
AXCP sədri Əli Kərimli eyforiyaya qapılıb, günlərdir "möhtəşəm qələbə”dən, "iqtidarın qorxaraq geri çəkilməsi”ndən danışır. Müsavat başqanının sabiq müavini Tofiq Yaqublu polis əməkdaşlarına müraciət edərək "qalib gəlmiş xalqın” tərəfinə keçməyə çağırır, həmin partiyanın "başqan”ı, daha doğrusu, təsərrüfat işlər müdiri Arif Hacılı "müxalifət hakimiyyətə qalib gəldi” deyir.
Venesueladakı olaylardan da az qala ekstaza düşən bu adamlar "Venesueladan Azərbaycana yollar görünür” kimi marazmatik poeziya "inci”lərini gündəmə gətirirlər.

Bir sözlə, ölkədəki qatı, islaholunmaz müxalifətçilər və onların xarici ölkələrdəki ideologiya təlimatçıları yanvarın 19-da "Məhsul” stadionunda keçirilmiş mitiqi "möhtəşəm, fenomenal qələbə” kimi kütləyə sırıyırlar.
Yanvarın 26-da keçirilməyi nəzərdə tutulmuş mitinqə Bakı Şəhər İcra Hakimiyyətinin icazə verməməsini isə hakimiyyətin təşvişdən yaranmış qərarı kimi səciyyələndirirlər.

Tural Sadıqlı, Vidadi İsgəndərli, Orduxan Bağırov, Məhəmmədəli Mirzəli və ilaxırlar kimilər qeyzləniblər, ABŞ-da yaşayan Sevinc Osmanqıızı isə bu gecə efirə çıxaraq "Qorxudan 26 yanvar mitinqinə icazə vermədilər” adlı videomünacat yapıb.
Özünü "Demokratik Qüvvələrin Milli Şurası” adlandıran strukturun, yəni uğursuz tarixçi alim və ikiqat uğursuz siyasətçi Cəmil Həsənlinin nominal rəhbərlik etdiyi "Milli Şura”nın yanvarın 26-da "Məhsul” stadionunda keçirməyi nəzərdə tutduğu mitinqə icazənin verilməməsi, əslində, hakimiyyətin qorxusu və ya müxalifətin qələbəsi yox, Azərbaycan müxalifətinə ən böyük hədiyyə oldu.
Çox təəssüf ki, mitinqə icazə verilmədi.
İndisə gələk çoxdan radikallaşmış müxalifətin lider və liderciklərinin, habelə xarici ölkələrdəki "müstəqil bloqer”lərin arqumentlərinə.
1. "Venesuela hadisələri Azərbaycanda təkrarlana bilər”. Əsla, mümkün deyil. Azərbaycan təki neftlə çox zəngin olan Venesuelada Azərbaycandan fərqli olaraq ali qanunverici hakimiyyət, yəni parlament bütünlüklə müxalifətin nəzarətində idi. Venesuelada seçicilər müxalifətə səs verəndən sonra müxalifət partiyalarının liderləri o səsləri qorudular. Prezident Nikolas Maduro "narahat” parlamenti buraxmağa çalışanda isə xalq buna imkan vermədi. Venesuelada müxalifət çox güclüdür, təmərküzləşib, ölkədəki siyasi proseslərə birbaşa müdaxilə edir və həmin prosesləri müəyyənləşdirir. Və ən başlıcası, hazırda yaşanan olaylara parlamentin spikeri Xuan Quaydo təkan verir.

Azərbaycanda situasiya tam fərqlidir. Radikal müxalifət parlamentdə təmsil olunmayıb. Səbəb hakimiyyətin buna imkan verməməsi yox, imkanlardan asılı olmayaraq radikal müxalifət liderlərinin mübarizə apara bilməməsi və aparmamasıdır.
"Tərəfdarlarımız həbs olunur”, "Təqiblərə məruz qalırıq” tipli sıtqamalarla mübarizə olmur.
2. "Azərbaycan banan ölkələri səviyyəsindədir”. Bu sözləri yanvarın 19-da "Məhsul” stadionundakı mitinqdə Tofiq Yaqublu söylədi. Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və ilaxırlar da bəhs etdiyimiz ifadəni lüğətlərinin vazkeçilməz ünsürü sayırlar.
Halbuki "banan respublikası, yəni "republica bananera” termini siyasi qeyri-stabillik bəlasından qurtula bilməyən, məhdud kənd təsərrüfatı istehsalından asılı olan Latın Amerikası ölkələrini səciyyələndirmək üçün istifadə olunub. "Banan respublikası”nın əsas təzahürləri milli məhsulun bölgüsündə çox böyük qeryi-bərabərlik, geridə qalmış infrastruktur, təhsil, əcnəbi kapitaldan asılı iqtisadiyyat, böyük inflyasiya, büdcə kəsiri və s.-dir.

"Üçüncü dünya ölkələri”ndən ABŞ və Avropaya tropik məhsulların ixaracatında ən böyük şirkət olan "Chiquita Brands International” (əvvəllər "United Fruit Company” idi) korporasiyası Latın və Mərkəzi Amerika ölkələrinin iqtisadiyyatı ilə siyasətinə çox ciddi təsir edib, indi də belədir. Şirkət dəfələrlə hərbi müdaxilələr, çevrilişlər, üsyanlar, qiyamlar və "inqilab”lar təşkil edib.
Azərbaycanın "banan ölkəsi” adlandırılması məhz bu səbəbdən hakimiyyətin tənqidi yox, ölkənin təhqiri və xalqın aşağılanmasıdır.

İqtidarla mübarizə Azərbaycanla mübarizəyə çevrilməməlidir. Əfsuslar olsun ki, AXCP, "Milli Şura” və qeyri-siyasi cırtdanların fəaliyyəti bunun tam əksidir.
3. Xaricdəki vəbalılarla daxildəki bəlalılar. Azərbaycanın xaricində olan və Azərbaycanın daxilinə sirayət etməyə çalışanların kimliyi bəlli. Yox, Tural, Məhəmmədəli, Orduxan, Sevinc kimi siyasət meydanının”out” hissəsində olan fərdlərlə işim yox. Bu il Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin sürətlə intensivləşəcəyi dönəmdir. Belə vaxtda 751 deputatlı Avropa Parlamentində tələsik iclasın keçirilməsi, bloqer Mehman Hüseynova görə 22 deputatın şüvən etməsi, 533 deputatın da kor-koranə səs vermələri təsadüf deyil.
O 533 nəfərin əmin olun ki, 529 nəfəri Mehman Hüseynovu tanımırdı. Sadəcə, payızda keçiriləcək seçkilər ərəfəsində "demokrat və antitotalitar” imicli adam təsiri bağışlamaq istəyirdilər. Həmin təsirə isə, tavtologiya da olsa, Avropa Birliyi ilə Azərbaycan arasındakı əlaqələri minimuma endirmək istəyən qüvvələrin birbaşa təsiri var.

Bu, xaricdəkilərdir.
Daxildəki radikalların isə ölkənin siyasət ləngərini dəyişmək cəhdlərinin pik nöqtəsi yanvarın 19-da "Məhsul”da keçirilmiş mitinq oldu.
4. "Müxalifət birləşdi!” Bəylər, lütfən, bir qədər ciddi olun. Təbii, Əli Kərimli, Arif Hacılı və Cəmil Həsənlini nəzərdə tutmuram, çünki onlar çoxdan ciddi siyasətçiliyi tərk ediblər.
"Məhsul”dakı son mitinqdə tribunada çıxış edənləri bir daha xatırlayaq. Qımışıb eyforiyaya qapılan AXCP sədri Əli Kərimli, çox çətinliklə danışan REAL hərəkatının rəisi İlqar Məmmədov, "qoca boz qurd” İsgəndər Həmidov, siyasi mənsubiyyətini diş fırçası kimi dəyişən Gültəkin Hacıbəyli, "sudan da imtina etdim” deyərək "ölümünə aclıq aksiyası” apardığını deyən və sonra da qəflətən mətbəxə, oradan evə, oradan mitinqə yollanan Tofiq Yaqublu…
Facebook-da hərcai statuslar yazıb məsxərə və lağlağı obyektinə çevrilən İlqar Məmmədov bu minvalla qrant ala bilməyəcəyini anladığından sürəkli tənqid etdiyi, "bizim yolumuz deyil” təki səciyyələndirdiyi mitinqə qatıldı, "siyasi mövqenin səbatlı”lığından danışdı.

"Ayna”-”Zerkalo” qəzetinin sabiq şöbə müdiri Cahangir Hüseynovu iş otağında döyən və məqaləsi dərc olunmuş qəzetin səhifəsini ağzına basıb udmağa vadar edən, sonra Azərbaycan "sosdem”lərinin lideri olmuş Zərdüşt Əlizadəni söyüb döyərək maşının yük yerinə basdıran İsgəndər Həmindov insan haqlarından bəhs etdi.
Riyakarlıq və mimikriyanın sinoniminə çevrilmiş Əli Kərimli "kişinin sözü bir olar” dedi.
Radikal müxalifətin "Mata Xari”sinə dönən Gültəkin Hacıbəyli isə "siyasi sima”dan ixtilat etdi.
Bax, budur müxalifətimizin "lider” sayılanlarının siyasi gigiyenadan çox uzaq davranışları.
"Birlik”dən isə, ümumiyyətlə, danışmasınlar, lütfən. "Məhsul”dakı mitinqə qatılanlar arasında ölkədə çəki və nüfuzu olan siyasətçilər, ziyalılar yoxdu.
Hətta Lalə Şövkət, Arif Hacılı, Cəmil Həsənli, Sərdar Cəlaloğlu, Mirmahmud Fəttayev və başqaları da AXCP sədri Əli Kərimlinin bu kafe-şantanını rədd etmiş, mitinqdə yoxdular.
5. "İqtidarla mübarizədə yeni taktika tətbiq edirik”. Doğrudan?! 25 ildən bəri müxalifət düşərgəsində can verən, siyasi anaxronizmin bariz və canlı nümunələrinə çevrilənlər hansı yeni taktika tətbiq ediblər ki, xəbərimiz yox?! Olmayan ABŞ-dakı Sevinc Osmanqızının YouTube-dakı videoyayımlarına Skyepe vasitəsilə qatılmaq, Avropadakı zavallı "bloqer”lərin çıxışlarına mövzu olub "Haydı, hamı mitinqə!” şüarçılığına baydaqlıq etmək taktikadır? Xaricdə sığınacaq almaq üçün selfi çəkənlər, tribunada yaxa yırtıb yeni qrantlara sifarişlər yollayanlar və daha kimlər, kimlər qazandılar. Uduzan isə bu adamların çağırışlarına aldananlar oldu.
6. "Mitinqə 20 min adam qatıldı”. "Məhsul” stadionundakı mitinqə qatılanların sayı, vallah, önəmli deyil. Paradoks təsiri bağışlaya bilər: axı hamı o sayın arxasındadır. Rəsmi rəqəmlərə görə, 2800 nəfər olubsa, müxalifətin "mavi gözlü div”ləri və xaricdəki "müstəqil” bloqerlər nalə çəkərək "ən azı 20 min nəfər vardı” deyirlər.
Lap yaxşı, fərz edək ki, 20 yox, 40 min, hətta 50 min nəfər vardı.

Sonra?!
Müxalifətin rəhmətlik SİDSUH, "Demokratik Konqres”, "Milli Müqavimət Hərəkatı”, "Demokratik Alyans”, DUBB, "Azadlıq” bloku, "Məşvərət Məclisi” və digər müvəqqəti birliklərinin mitinqlərinə bir zamanlar 100 min nəfər də qatılmışdı. Xatırlayıram ki, "lider”lərin narıncı köynəklər geyinərək "Qələbə” kinoteatrının qarşısında tribunaya çıxdıqları mitinqə izdiham "20 Yanvar” metro stansiyasında başlayırdı.
Müxalifət liderlərinə o zamanlar vətəndaşların bir qismi az da olsa, inanırdılar. İndisə o inam Əli Kərimlinin kresloda təşəxxüslü oturuş fotosunu Facebook-da paylaşıb "Xalqın əsl lideri: oturuşunda belə, əsalət var” tipli marazm yaltaqlığa varanların "Əəəəliii bəy!” qışqırtısına çevrilib.
O "Əli bəy” ki, hakimiyyətdə olduğu dönəmdə idman müəllimi Kəlbəcərin icra başçısı qoyulmuşdu, Bakıdakı rayonların birinin icra hakimiyyəti başçısını isə cəzalandırmaq üçün indi tribunada özünə əl qatanlardan biri ayağını yudurdub suyunu içirtmişdi.

Əli Kərimli, İsgəndər Həmidov, Arif Hacılı və qeyriləri "Məhsul”a toplaşanların əksəriyyətini təşkil etmiş gəncləri, bü müxalifətin bir zamanlar hakimiyyətdə olarkən ölkəni fəlakət astanasına çatdırmış yaramazları tanımayanları aldatmağa cəhd göstərə bilərlər.
Ölkəni vətəndaş müharibəsi həddinə çatdıran, milli azlıqları təhqir edən, separatçılığa rəvac verənlər, idarəetmədə tam bivec olduqlarını göstərənlər indi Azərbaycanı yeni iğtişaşlara, qarşıdurmaya sürükləmək istəyirlər.
Amma mən ki, onları yaxşı tanıyıram, bu adamların hakimiyyətdə olarkən çıxardıqları oyunların canlı şahidi olmuşam. 1990-cı ilin yanvarın 20-də barrikadalardan qaçıb gizlənənlər, sonra Surət Hüseynovun "Sizi asacağam!” sözlərindən dabanlarına tüpürənlər indi sosial şəbəkələrdə qurduqları virtual həyatda yaşayırlar.
Və "Hakimiyyət qorxdu” iddiası. Ay binəvalar, hakimiyyət qorxmadı, sizləri əsl biabırçılıqdan və rüsvayçılıqdan qurtardı. Yanvarın 19-dakı mitinqdə Əli Kərimli "Məhsul”u öz məhsulu hesab etdi. Kərimlinin belə "yeganə, tək liderlik” iddiasına düşməsi ölkə müxalifətindəki parçalanmanı daha da dərinləşdirəcək, yeni didişmələr və intriqalar başlanacaq. Yanvarın 26-sı üçün nəzərdə tutulmuş mitinqin də xaotiklik, zəif təşkilatçılıq, sistemsizliklə müşayiət olunacağı şübhəsizdi.
Yaşamının əksərini indi sosial şəbəkələrdə keçirən, virtuallaşan "müxalifət liderləri” indi özlərini millətin cəfakeşləri, demokratiya mücahidləri kimi göstərmək istəyir, "hakimiyyət bizdən qorxdu” deyirlər.

Cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilməyən, 25 ildən bəri dəyişməyən eyni simaların gəvəzəliyi: eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri — yanvarın 26-dakı mitinqdə də bunlar təkrarlansaydı, müxalifət bu dəfə daha pis rüsvay olacaqdı. Amma nə olsun, bu adamlar maniakal inadla "biz”, "biz” deyirlər.

Kimi aldatmağa çalışırsınız?! Siz deyilsiniz ki, "mitinqə gələndə bir nəfəri də gətirin” deyərək siyasi aksiyaya kənd diskotekası ruhu verən?!
Hə, sonda gələk "Mitinqdə telefonla şəkil çəkənlər selfi yox, izdihamı çəkirdilər” yalanına. Heç nə yazmıram — fotolara diqqətlə baxın…
 
Elçin Əlioğlu







OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...