Kim neçə manatlıq bayram süfrəsi açacaq?
13:16 / 16.03.2018
2569
Novruz bayramına sayılı günlər qalıb. Hər kəs evində olan naz-nemətlə bayram süfrəsi açacaq.
Görəsən, əhalinin gəlirləri neçə manatlıq bayram süfrəsi açmağa imkan verir?
Bu mövzu ilə əlaqədar olaraq sosial şəbəkədə kiçik bir sorğu keçirdik:
Yenicə ev alan jurnalist ailəsi olan Lalə Mehralı və Elçin Bayramlı cütlüyü bu ilki Novruz bayramının ötən ilkindən çox fərqli olacağını söyləyirlər:
"Bu bayramı ilk dəfə olaraq öz evimizdə qeyd edəcəyik, bizim üçün çox fərqli olacaq. Ona görə də süfrəmdəki quru çörək belə mənə dünyanın ən zəngin süfrəsindəki təamlardan daha dadlı görünər”.
Həmidə Rüstəmova o qədər də çox əmək haqqı qazanmır. Təxminən 200-250 manat civarında əmək haqqı alan H.Rüstəmova bir aylıq qazancının hamısını Novruz süfrəsinə xərcləyəcəyini deyir.
Nail Nəzərov da bu aylıq qazancını bayram süfrəsinə xərcləyəcəyini bildirdi.
Aygün İlqar isə Novruz süfrəsinə 40-50 manat xərcləyəcəyini dedi.
Elçin Lənbəranski isə Novruz süfrəsinə 200-250 manat xərcləyəcəyini söylədi.
Jurnalist Elman Cəfərlinin də Novruz planı oxşardır:
"Səməni alıb stolun üstünə qoyacağıq, Allah verəndən bişirib yeyəcəyik”.
Nicat Müslümov isə 500 manat xərcləyəcəyini dedi.
Dizayner Fuad Sadıqov isə belə dedi:
"İşlə əlaqədar olaraq 2012-ci ildən nə çərşənbə, nə bayram, nə də ki, ad günü keçirir, evə çatanda nələrin yeyildiyini təsəvvür eləyirəm".
Jurnalist Mənsur Rəğbətoğlu isə "Allah verəndən süfrəyə düzəcəyik”,- deyə bildirdi.
Mübariz Abdullayev isə məhsulların bahalılığını xatırlatdı:
"Şabalıdın kilosu 11 manatdır, hələ ki, düşünürük...”.
Rəhilə Misirxanova isə bayramda çox pulı xərcələməyəcəklərini söylədi:
"Bayram süfrəsi üçün maksimum 60-70 manat xərcləyəcəyik. Hərəsindən 200 qram olsa, bəsdi. Əti bacım göndərib. Meyvə də bayramdan qabaq alıb yığmışam. Qozu ötən il almışam. Bir neçə ay öncə də kənddən yağ almışam deyə bayram xərcimiz az çıxacaq”.
Məhin Məhərrəmli isə artıq bayram üçün alış-veriş etdiklərini bildirdi:
"300 manatlıq bayram alış-verişi etmişik”.
Nigar Məhərrəm
Sfera.az