“Kəndlərin 70 faizi susuzluqdan əziyyət çəkir” – KOMİTƏ SƏDRİ

“Kəndlərin 70 faizi susuzluqdan əziyyət çəkir” – KOMİTƏ SƏDRİ
 "Mən də burada deputat həmkarlarımın su problem ilə bağlı dilə gətirdiklərini bölüşürəm. Belə ki, deputatı olduğum Şabran-Siyəzən rayonlarında nəinki suvarma suyu, hətta içməli su problemi var. Demək olar ki, 70% kənd bu problemdən əziyyət çəkir. Aidiyyatı qurumların bu məsələyə diqqət yönəltmələrini xahiş edirəm”.

Sfera.az xəbər verir ki, bunları parlamentin bugünkü iclasında çıxışı zamanı deputat, Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. Komitə sədri çıxışında daha sonra deyib: "Başqa bir məsələ - uşaq evləri ilə əlaqədar mövcud problemlərdən danışmaq istəyirəm. Mən onlarla tez-tez unsiyyətdə oluram və orada olan problemlərlə tanışlığım əsas verir ki, bəzi məsələləri sizinlə bölüşüm. Sovetlər vaxtında uşaq evlərindəki uşaqlar məktəb yaşına çatanda müvafiq internat məktəblərinə köçürülürdülər və orda yaşayaraq təhsillərini davam etdirirdilər. İndi isə 18-20 yaşı olana qədər uşaq evlərində qalır, yaxınlıqdakı məktəblərə gedirlər. Məsələ burasındadır ki, ştat cədvəlləri hələ də köhnə qaydada tərtib edildiyi kimidir - təqribən 25 uşağa bir tərbiyəçi müəllim düşür ki, o da bu uşaqların məktəbə aparıb-gətirilməsinə cavabdehdir. Həm də nəzərə alsaq ki, 1 uşağın 4 dərsi, o birinin 5, digərinin 6 dərsi olarur, belədə vəziyyətin ağırlığını izah etməyə ehtiyac qalmır. Sizcə bir tərbiyəçi bunları necə çatdıra bilər?

Digər bir problem... Nazirlər Kabinetinin uşaq evləri ilə bağlı əsasnaməsində, eyni zamanda uşaq evlərinin nizamnaməsində qeyd edilir ki, hər iki valideynini itirmiş və yaxud imtina edilmiş uşaqlar, yerli icra hakimiyyəti orqanlarının müvafiq şöbəsinin qərarı ilə uşaq evlərinə yerləşdirilə bilərlər. Amma burda da mənzərə başqa cürdür. 30%-dan çox uşağın hər iki valideyni var, amma aidiyyati üzrə yerli icra hakimiyyəti orqanları sosial vəziyyəti ağır olduğuna görə həmin ailələrin uşaqlarını göndəriş əsasında uşaq evlərində yerləşdirməyə çalışır. Mənim fikrimcə, əksinə, onlar həmin ailələrin sosial reabilitasiyası ilə məşğul olmalıdırlar. Amma onlar məsuliyyətsizlik edirlər. Onlar başa düşmürlər ki, uşaqların psixologiyasına nə qədər zərbə vururlar. Bu, həm də başqa problem yaradır. Tutaq ki, uşaq evində böyüyən uşaqlar pullu ali təhsil zamanı arayış əsasında ödənişdən azad olunurlar. Ali təhsil müəssisəsi uşaq evindən arayış istəyəndə valideynin olduğunu qeyd edir. Bax problem onda başlayır. Valideyn deyir ki, övladım uşaq evində böyüyüb, deməli pulsuz təhsil almalıdır. Belə problemlər çoxdur, hesab edirəm ki, qanunveriçilikdə bu kimi məsələlərə yenidən baxmağa ehtiyac var”.

OXŞAR XƏBƏRLƏR