Kəmaləddin Heydərovun “villa məsələsi” yalan çıxdı – Mehman Hüseynov özünü necə “yandırdı”?

Kəmaləddin Heydərovun “villa məsələsi” yalan çıxdı – Mehman Hüseynov özünü necə “yandırdı”?

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov barədə Mehman Hüseynov ad və soyadlı gənc tərəfindən hazırlanmış videomaterial sosial şəbəkələrdə müzakirə olunmaqdadır.

Blogger kimi qələmə verilən bu gənc "jurnalist araşdırması” adı altında ortaya bir video atıb və bəziləri də bu "ciddi tapıntı”nın ətrafında əməlli-başlı şou qurub. Niyə belə düşünürük? Tələsməyin, aşağıda sizə hər şey aydın olacaq.

 




Araşdırma sahəsi jurnalistikanın əsas qollarından biridir və burada ümumiləşdirilmiş söz yığınından, havadan götürülmüş məlumatlardan deyil, konkret faktlardan, bir neçə mənbədən təsdiqlənmiş rəqəmlərdən və təbii ki, ciddi istinad nöqtələrindən istifadə olunmalıdır. Bəs Mehman Hüseynov ad və və soyadlı gənc nə edib? Araşdırma materialı adına yaxın gəlməyən olduqca primitiv formalı fotoslayd hazırlayıb və bir qədər ciddi görünsün deyə əlinə mikrafon alaraq mənbəsi və istinad nöqtəsi bəlli olmayan iddialar səsləndirib. Səhifəsindəki izləyicilər də "Ay aman, dəhşət, Mehman yenə bomba parlatdı” şəklində paylaşımlar edərək həmin fotoslayd ətrafında müzakirələr açıblar. Əslində isə ortada HEÇ NƏ YOXDUR. Ağıllı adamlar, araşdırmanın əhatə etməli olduğu komponentlərdən məlumatlı olanlar sözsüz ki, Mehman Hüseynovun bu fırıldağına uymadılar. "Təkərə düşən” ancaq "obıvatel” oldu və əslində Mehmanın hədəflədiyi başqa bir kontingent də yoxdur...



İndi keçək Mehman Hüseynov ad və soyadlı gəncin təqdim etdiyi "araşdırmadakı” fotolara. Kimsə əlini qaldırıb deyə bilərmi ki, o fotolar məşəqqətli və qətiyyətli fəaliyyətin nəticəsində əldə olunub? Yox əlbəttə, həmin fotoların hamısı internet resurslarından toplanıb. Yəni, adəçəkilən gənc oturub kompüterin qarşısında və Google axtarış sisteminin imkanlarından istifadə edərək özünə lazım olan fotoları tapıb. Daha sonra fotoların üzərində ümumi sözlər qeyd edərək guya araşdırma apardığına dair təsəvvür yaratmağa çalışıb. Fotoların üzərindəki yazılarda hər hansı bir fakt gözə dəymir. Ümumiləşdirilmiş söz yığını, vəssalam. Maraqlı ola biləcək ancaq fotoslaydı müşayət edən musiqi parçasıdır. Mehman qorxulu filmlərdə olduğu kimi insanlarda həyacan yaratmağa və əslində uğursuz rejissorlar kimi öz qüsurlarını pərdələməyə çalışıb. 



Araşdırma kimi təqdim olunan videomaterialda ciddi oxucunun diqqətini çəkə biləcək balaca bir fraqment də yoxdur. Ancaq müəllifin heç bir mənbəyə söykənməyən ittihamları eşidilir. Hətta bu gənc bir qədər də irəli gedərək qanunvericiliyin tələblərinə məhəl qoymadan ağır ittihamlar dilə gətirir və fəqrinə də varmır ki, danışdıqları jurnalisitikanın prinsipləri ilə daban-dabana ziddir. Çünki sözlərinin heç birinin istinad nöqtəsi yoxdur və ittiham obyektinin mövqeyi əks olunmayıb. Bu gənc eynən «reket jurnalistlər» kimi ancaq ittiham edib və bu ittihamlarının hansı əsaslara söykəndiyini göstərməyib. 

Videomaterialda təqdim olunan kommersiya qurumlarının hər biri ayrı-ayrı şəxslərin təsisçiliyi altındadır və bunu dəqiqləşdirmək, rəhbər şəxslərin kimliyinə aydınlıq gətirmək bir neçə dəqiqəlik işdir ki, müəllif özünə əziyyət verib, bütün bunları araşdırmaq istəməyib. Bu adam heç düşünmək belə istməyib ki, sabah hansısa oxucu və ya izləyici adamdan soruşar: Sən nəyə əsasən iddia edirsən ki, filan fabrik Kəmaləddin Heydərovundur? Bunu sübut edəcək bir sənədin, mənbən və istinad materialın varmı? Şəkilləri bir-birinin ardınca düzüb, gözünə görünəni və ağlına gələni danışmaqla kimi aldatmağa və kimin xoşuna gəlməyə çalışırsan? Bəli, soruşarlar və güman edirik ki, bu kimi suallara cavab almaq istəyənlərin sayı kifayət qədər çoxdur. 



Gələk Kəmaləddin Heydərovun evi kimi təqdim olunan mülkə. Burada müəllif qaş qayırmaq istədiyi yerdə vurub göz də çıxarıb. Diqqət edək: Hansısa bir evin fotoları təqdim olunur və müəllif yenə də hər hansı bir mənbəyə söykənmədən, hər hansı bir əsas göstərmədən iddia edir ki, bu ev Kəmaləddin Heydərovundur. Harada yazılıb bu? Evin giriş qapılarındamı, torpaq sahəsini əhatə edən hasarlardamı? Əgər araşdırma deyilən budursa və müəllif öz iddialarının ardınca kiçik bir əsas göstərmirsə, onda istənilən şəxs internetdəki axtarış sistemlərindən istifadə edərək minlərlə villa fotosu tapar və onların hər birini müxtəlif adamların adına yazar. Məsələn, Mehman Hüseynov başqa bir villanın fotosunu təqdim edərək iddia etsəydi ki, bu, Kəmaləddin Heydərovundur, bu halda da "obıvatel” Mehmanın "əməyini” yüksək qiymətləndirəcəkdi. Ki, baxın, görün gedib kimin villasını tapıb. Sənəd yox, sübut yox, istinad yox. Belə "araşdırmalarla” oxucuya hətta Argentindakı villaları da Kəmaləddin Heydərovun evi kimi sırımaq olar... (Aşağıdakı fotoya diqqət edin. İnternet resurslarından götürmüşük və belə fotolar internetdə minlərlədir - R.Ə)









Ola bilər ki, bəziləri Mehman Hüseynov ad və soyadlı gəncin kompüterindəki villa layihəsinə diqqət yönəldərək bunu "ciddi araşdırma nümunəsi” kimi qəbul etsin. Xeyir, müəllif burada da izləyicilərini barmağına dolayıb. Məsələ burasındadır ki, bu gün dünyada çoxsaylı tikinti şirkətləri var və onların arasında villaların inşası üzrə ixtisaslaşmış kompaniyalar da az deyil. Bu qurumların hər birinin rəsmi saytı var və orada bu günə qədər inşa edilmiş bütün yaşayış və qeyri yaşayış obyektlərinin fotosu ilə yanaşı, tikilinin layihəsi, işçi sxemi, müəllifin dili ilə desək, planı da yerləşdirilir. Yəni "blogger” gəncin təqdim etdiyi sxem heç də məxfi sənədlər sırasına aid deyil. (İnternet axtarış sitemlərindən istifadə edərək dünyadakı villalara aid çoxsayda tikinti sxemini görə bilərsiniz. Bir neçəsini biz sizə təqdim edirik – R.Ə)








Nəhayət gələk "qızıl” çılçıraqlara. Əslində gəlməyə də bilərdik. O sadə səbədən ki, blogger gəncin təqdim etdiyi fotolardakı villanın fövqəladə hallar nazirinə aid olduğunu sübut edən balaca bir fraqment yoxdur və deməli, həmin villadakı aksesuarların materialına aydınlıq gətirmək yersiz görünər. Lakin bütün hallarda hesab edirik ki, Mehman Hüseynov ad və soyadlı gəncin əslində fırıldağa əl atdığına şübhə yeri qalmamalıdır. Ən azı ona görə ki, oxucular və izləyicilər əsl araşdırma ilə primitiv kompüter işini fərqləndirə bilsinlər. 



Müəllif villanın qonaq otağının fotosunu nümayiş etdirərək iddia edir ki, buradakı çılçıraqlar və televizor qızıldandır. Yenə də hər hansı istinad yeri yoxdur. Bu məlumat, yəni çılçıraqların metal işləmələrinin qızıldan olduğuna dair iddianı əsaslandıracaq bir mənbə və ya sənəd təqdim olunmur. Müəllif sanki havadan danışırmış kimi, necə deyərlər, üyüdüb tökür. Bəlkə çılçıraqların və televizorun çərçivəsinin üzərində qızılın əyyarını görüb ki, biz bunu sezə bilmirik? Haradan və necə müəyyən olunub ki, həmin çılçıraqlar və televizorun çərçivəsi qızıldandır? Blogger gənc bir qədər də irəli gedərək çılçıraqlardan birinin üzərindəki daşların brilliant olduğunu iddia etməkdən çəkinmir. Maraqlı nağıldır, deyilmi? Bu tip "araşdırma” ilə iddia etmək olardı ki, villanın divarlarının arasına qızıl külçələri yerləşdirilib, oboy yerinə ilan dərisi çəkilib, villa xüsusi düymə ilə idarə olunur, lazım gələndə yerin altına girir, hətta sahibi istəsə göydə də uçur. Sənəd yox, sübut yox, mənbə yox. Nə istəyirsən uydur və nə istəyirsən danış. Hətta iddia etmək olardı ki, sözügedən villa ehtiyac yarananda bazarlığa da gedir...



Biz yenə də internetin axtarış sistemlərindən istifadə edərək sözügedən videomaterialda təqdim olunan "qızıl” çırçıraqların və "qızıl” televizorun çoxsayda fotosunu tapdıq. Məsələ burasındadır ki, bir çox villa və ya evlərdə dizayna uyğun olaraq aksesuarların dəmir işləmələri qızılı rəngə boyanır. Ümumi ansambla uyğun olsun deyə pəncərələr, şəkillər və televizorlar üçün xüsusi çərçivələr hazırlanır və onlar da qızılı rəngdə olur. Aşağıda təqdim etdiyimiz fotolara diqqət edin, müxtəlif xarici saytlardan götürmüşük. Kənardan belə görünür ki, bu villa başdan ayağa qızıla bürünüb. Əslində isə gördüyünüz otaqda qiymətli metaldan qətiyyən istifadə olunmayıb. Yalnız rəng seçimində qızılı boyaya üstünlük verilib. 









 




Gördüyünüz kimi, sosial şəbəklərdə müzakirə olunan məlum videomaterial heç bir halda araşdırma materialı kimi qəbul oluna bilməz. Orada səsləndirilən iddialar isə tamamilə əsassızdır. Müəllif sadəcə şou yaratmaq istəyib və buna qismən də olsa nail olmağı bacarıb. //missiya.az

 

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR