Karantin rejimində kimlərə nə qədər pul verilməlidir – ŞƏRH

Karantin rejimində kimlərə nə qədər pul verilməlidir – ŞƏRH

Koronavirusa yoluxan insanların sayının sürətlə artması dövlətdən daha sərt qadağalar tətbiq etməyi tələb edir. Çinin təcrübəsi göstərdi ki, insanların evdən çıxmaması zəruridir və buna tam əməl etmədən epidemiyaya qarşı təsirli tədbir görmək mümkün olmayacaq. İnsanlar ən azı iki ay evdə qalmalıdır ki, koronavirus bəlası bizlərdən əl çəksin.


Prinsipcə, insanların çoxu bunun zəruri olduğu fikri ilə razılaşır. Amma əksəriyyəti ən çox düşündürən sual evdə qaldığı müddətdə gündəlik xərcləri ödəmək üçün lazım olan pulu necə və haradan əldə edəcəyidir. Məlumdur ki, ölkəmizdə olan işləyənlərin hamısı rəsmi qaydada əmək haqqı almır. İşləyənlərin böyük əksəriyyəti ya fərdi qaydada gəlir əldə edir, ya günəmuzd çalışır, ya da qeyri-rəsmi əmək haqqı ilə dolanır. İnsanlara "evdən çıxmayın” tapşırığı verildikdə onlar bir halda evə qala bilərlər ki, onların xərcləri ödənilsin.

 

Sfera.az xatırladır ki, ABŞ-da dövlət əhalinin evdən çıxmaması müqabilində onlara aylıq ödəniş vəd edib. Yeni qüvvəyə minən qərara əsasən əgər ailədə 1 nəfərin illik gəliri 75 min, 2 nəfərin illik gəliri 150 min dollardan azdırsa, həmin ailəyə aprelin 6-dan başlayaraq vergi idarəsi tərəfindən 17 yaşından yuxarı ailə üzvlərinin hər birinin hesabına 1 200 dollar, 17 yaşdan aşağı olan üzvlərinin hər birinə isə 500 dollar vəsaiti bank hesabına köçürəcək.

Azərbaycanda da oxşar təcrübədən istifadə etmək olar. Bu məqsədlə meyar kimi əhalinin minimum aylıq xərci götürülməlidir. Ölkəmizdə bir insanın yaşaması üçün lazım olan minimum xərc bəllidir. 2020-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən bir aylıq minimum xərci ödəmək üçün adambaşına orta hesabla 190 manat lazımdır. Bu məbləğ əmək qabiliyyətli insanlar üçün 201 manat, uşaqlar üçün 170 manat, pensiyaçılar üçün 157 manatdır.

 

Hər bir ailənin aylıq gəlirini və yaş qrupuna görə ailə tərkibini müəyyən etməklə onlara ayrılacaq maddi yardımı müyyənləşdirmək mümkündür. 2018-ci ilin statistikasına əsasən, Azərbaycanda ailələrin tərkibi orta hesabla 4,5 nəfərdən ibarətdir. Həmin ilə aid olan məlumata görə, ailələrin 85 faizində adambaşına düşən aylıq gəlir 190 manatdan yüksəkdir, ailələrin təxminən 81 faizinin adambaşına düşən gəliri 200-550 manat aralığında dəyişir, 3,4 faiz ailənin isə adambaşına düşən gəliri 550 manatdan artıqdır.

 

Bu statistikadan belə başa düşmək olar ki, ailələrin yalnız 15-16 faizinə karantin dövründə maddi yardım edilməlidir. Lakin nəzərə alsaq ki, tətbiq edilən qadağa səbəbindən normal gəliri olanların da bir hissəsi qazanclarından məhrum olacaq, o halda, zərər görənlərin dairəsini daha aydın müəyyənləşdirmək lazımdır. Sahibkarların vergi ödənişlərini, rəsmi əmək haqqı məbləğlərini və pensiya gəlirlərini monitorinq etməklə ailələrin gəlirini dəqiqləşdirmək olar.

Azərbaycanda ən böyük problem insanların faktiki gəliri ilə rəsmi gəliri arasında böyük fərqin olmasıdır. Bu fərq imkan vermir ki, ailələrin gəlirini dəqiq müəyyən etməklə onlara pul yardımı təyin edilsin. Buna görə də ABŞ-da olduğu kimi yox, yalnız konkret sahələr üzrə sahibkarların və muzdla çalışanların vəziyyətini təhlil etməklə dövlət onlara yardım edə bilər.

 

Son məlumata görə Azərbaycan əhalisinin sayı 10,1 milyondur və onun işləyə bilən hissəsinin sayı 5 milyon 300 min nəfərdir. Əhalinin qalan hissəsini pensiyaçılar, uşaqlar və əmək qabiliyyətini itirən əlillər təşkil edir. İşləyə bilənlərin 5 milyon 30 min nəfəri məşğul olanlardan, 270 min nəfəri işsiz əhalidən ibarətdir. Məşğul olanların təxminən 15 faizi, yəni 750 mindən bir qədər çoxu yüksək gəlirə sahib olanlardır ki, bu insanları bir-iki aylıq zərərə görə pul yardımı edilməsinə ehtiyac yoxdur. Yüksək gəliri olanların hər biri bir ailəni təmsil etdiyini nəzərə alsaq onların hesabına 3,3 milyon insana maddi dəstək zəruri deyil. Bura sayı 1,3 milyonu ötən pensiyaçıları da əlavə etsək məlum olur ki, dövlət ən pis variantda 5 milyondan bir qədər artıq insana dəstək olmalıdır.

 

Yaşayış minimumu nəzərə alınarsa bu, ayda 1 milyard manata yaxın vəsait edir. İki aylıq sərt karantin dövrünü tətbiq etməklə dövlət nəzərdə tutmadığı 2 milyard manat əlavə xərcə düşür. Zənnimizcə, strateji valyuta ehtiyatları 51 milyard dollar olan bir dövlət üçün bu xərci ödəmək çətin deyil. İki milyard manat 1,17 milyard dollardır ki, bu da strateji ehtiyatların 2,3 faizini təşkil edir.


Buradan heç də elə anlaşılmamalıdır ki, maddi yardım sadəcə vətəndaşa lazımdır. Əslində, gəlirlərin azaldığı indiki dövrdə dövlətin vətəndaşına dəstəyi həm də və bəlkə də daha çox onun özünə lazımdır. Çünki insanların xərcləri azaldıqda ölkədə iqtisadi aktivlik aşağı düşür və bu arzuedilməz dinamika iqtisadi böhrana şərait yaradır. Buna görə də dövlətlər hər zaman insanların iş sahibi olmasına, gəlir əldə etməsinə xüsusi əhəmiyyət verir. Hazırkı vəziyyət iqtisadi böhrana əsas yaradır. Belə vəziyyətdə dövlət bir tərəfdən epidemiyaya qarşı mübarizə aparmaq üçün iş yerlərini müvəqqəti bağlamalı, insan aktivliyini məhdudlaşdırmalı, digər tərəfdən isə iş yerlərini itirənlərin gəlirinə təminat verməlidir ki, iqtisadiyyatda durğunluq yaranmasın.

 

 

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR