Jurnalistlərin Milli Mətbuat Günü ilə bağlı mövqeyi: \"Əsl jurnalist var-dövlət, sərvət müqabilində qələmini satmamalıdır\"

Jurnalistlərin Milli Mətbuat Günü ilə bağlı mövqeyi: \
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 142 il ötür. Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. "Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin "Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
 


Milli Mətbuat Günü ilə bağlı öz təəsuratlarını Sfera.az-la bölüşən Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, jurnalistika ağır işdir:
"Stresslidir. Məsuliyyətlidir. Kənardan baxanlar bəlkə də bu cür görmürlər, amma işin içində olanlar onun əziyyətini gözəl bilirlər. Bütün jurnalistləri təbrik edirəm, bu peşəni də, onun əziyyətini də sevməyi arzulayıram!"
 
 
AFN.az-ın baş redaktoru Səbuhi Qafarov Azərbaycan mətbuatını uzun illər yaxından izlədiyini, artıq xeyli müddətdir ki, birbaşa içərisində olduğunu dedi:
"Hazırda müxtəlif KİV-lərdə çalışan çoxlu dostlarım, qardaş dediyim insanlar var. Hər biri mənim üçün dəyərlidir. Lakin böyük ürək ağrısı ilə deyim ki, mediamızdakı bugünkü durum qətiyyən ürəkaçan deyil. Təəssüf olunmalı bir çox məqamlar var. Bunlardan ən böyüyü və mən deyərdim ən ağrılısı jurnalistlərin müxtəlif qütblərdə qərarlaşması, aralarında birliyin, həmrəyliyin olmamasıdır. Bügünkü mediada "məndən ötdü qardaşıma dəydi" prinsipi hökm sürür. Yaxşı xatırlayıram, illər öncə qəzetlərdə tez-tez oxuyurduq ki, filan jurnalistin həbsinə, təzyiqə məruz qalmasına etiraz olaraq filan jurnalistlər etiraz aksiyası keçirdilər. Düzdür, mübarizə, etiraz formaları dəyişib, indi başqa mexanizmlər var, amma jurnalistlər bir-birinə olan təzyiqlərə birgə sinə gərə bilmirlər. Ümid edirəm və inanıram ki, jurnalistlər arasında həmrəylik formalaşandan sonra qalan bütün problemlər həllini tapacaq. Mediamızı bu gün münasibətilə təbrik edirəm!"
 
 

Qaynar.info-nun redaktoru Zahir Əzəmət həmkarlarını təbrik edib:
"Həmkarlarımı təbrik edirəm. Mətbuatımızı öz gücünə ayaqda dura biləcək qədər möhtəşəm görmək istərdim. Daha sağlam, daha peşəkar!"
 

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə söyləyib ki, Azərbaycan mətbuatı zəngin ənənələr üzərində bərqərar olub:
"Azərbaycanın vicdanlı qələm sahibləri düz 142 ildi ki, bu ənənələri qoruyub-saxlayır, gələcək nəsillərə ötürür. Zaman dəyişdikcə mətbuatın missiyası da dəyişir. Həsən bəy Zərdabi "Əkinçi" qəzetini xalqı maarifləndirmək, insanları xüsusilə təbiətə aid vacib yeniliklərlə tanış etmək üçün yaartmışdı. Amma bu gün mətbuatın başlıca vəzifəsi oxucunu operativ informasiya ilə təmin etməkdir. Təəssüf ki, müasir mətbuatımız özünün maarifçilik missiyasından bir qədər uzaq düşüb. Mən həmişə senzuranın əleyhinə olmuşam. Amma bəzi həmkarlarımız senzuranın ləğvindən istifadə edib, bu sektorda xaos yaratmağa çalışırlar. Ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, sıralarımızdakı qeyri-peşəkarların sayı sürətlə artır. Elə qələm sahibləri var ki, sözü qənbər daşı ilə qarışıq salıb, rəqibin başına çırpır. Mətbuat ədavət aparmaq, kimlərləsə haqq-hesab çürütmək meydanı deyil. Əsl jurnalist, var-dövlət, sərvət müqabilində olsa belə, qələmini satmamalıdır. Çünki jurnalistin qələmi onun şərəfidir. Bu gün qələmini, yəni şərəfini var-dövlətdən, hər cür sərvətdən üstün tutan jurnalistlərin bayramıdır. Onların hamısını təbrik edirəm!"
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Paşinyan: "İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...