İŞİD üzvü olan azərbaycanlı qadın: \"Azərbaycan məni əfv etsin, aldadıldım\"
13:42 / 18.03.2019
3798
Suriyanın Deyr əz-Zor vilayətinin Həcin rayonunun Bağuz kəndində mühasirəyə alındıqdan sonra çox sayda İŞİD üzvü ailələri ilə birlikdə ABŞ dəstəkli kürd "Suriya Demokratik Qüvvələri"nə təslim olub.
Təslim olan İŞİD üzvləri arasında Azərbaycandan olan şəxslər də var. Bağuz kəndində SDQ-yə təslim olan İŞİD üzvlərindən biri də Azərbaycandan olan Aygün Soltanovadır. O, təslim olduqdan sonra ərazidəki jurnalistlərdən birinə türk dilində müsahibə verib. Aygün Soltanova İŞİD-in tərkibində yaşayarkən başına gələnləri jurnalistlə danışıb. Bakı şəhərindən olan 24 yaşlı Aygün Soltanova İŞİD terror təşkilatına Türkiyədən keçərək qatıldığını söyləyib. İŞİD-ə qatılmasına səbəb olaraq yaşının az olduğunu və aldadığını gətirən Aygün, Suriyaya gəldiyi üçün peşman olduğunu dilə gətirib.
Aygün Soltanova, "Aldadıldım, 17 yaşında evləndirildim. Sonra həyat yoldaşım məni tərk edib Hələbə gəldi və mən də onun arxasınca buraya gəldim. Öncə Hataya, sonra isə Antepə keçdim. Yanımda 3 qadın var idi. Onlar yolu bilirdilər. Buraya gəldikdə belə bir yaşayışın olacağını təxmin etmirdim. Bizə yaşam şərtləri çox yaxşı olacaq deyə söylənilirdi. 3 dəfə evləndim və hazırda 3 uşağım var. İlk ərim Hələbdə, ikinci isə Azəzdə döyüş zamanı öldü. Üçüncü həyat yoldaşımın isə yaşayıb-yaşamadığını bilmirəm. Hər üç həyat yoldaşım azərbaycanlı idi. Azərbaycanın məni əfv etməsini istəyirəm", - deyə söyləyib. Hazırda İŞİD üzvlərinin sıxışdırıldığı Bağuzda ərəblərlə digər millətlərdən olan şəxslər arasında fərq qoyulduğunu bildirən Aygün, ərəblərə hər növ imkan yaradıldığını diqqətə çatdırıb. Bir çox uşağın aclıqdan öldüyünü qeyd edən azərbaycanlı İŞİD qadını bundan əvvəl dəfələrlə İŞİD ərazisindən çıxmağa çalışdığını, lakin buna maneə yaradıldığını açıqlayıb. O, "Bizə SDQ-nin ərazidən çıxan mülki şəxslərə hücum etdiyini söylədilər. Bundan əlavə, çıxmağımız üçün külli miqdarda pul istədilər. Uşaqlarım və ərimlə birgə qaçmaq istədim, amma bizi yaxaladılar. Daha sonra bizə həbs cəzası verildi. Son günlərdə çox problem yaşadıq. Sonda çıxmağımıza icazə verildi. Uşaqlarımı da götürüb SDQ-nin olduğu yerə gəldim. Heç də deyildiyi kimi olmadı və bizlə yaxşı davranıldı", - deyə sözlərinə əlavə edib.
Qeyd edək ki, hazırda İŞİD-in əlində qalan sonra ərazi Bağuzda SDQ ilə təslim olmaqdan imtina edən İŞİD üzvləri arasında şiddətli döyüşlər davam edir.