İŞİD ordusu Azərbaycan torpaqlarında? – Rusiya rəsmisinin şok açıqlamasına şərh

İŞİD ordusu Azərbaycan torpaqlarında? – Rusiya rəsmisinin şok açıqlamasına şərh


"Ermənistan İŞİD-dən Azərbaycana qarşı həm diversiya, təxribat məqsədi, həm də ehtimal edilən döyüş variantlarında istifadə edə bilər”

 

 

Sfera.az-a açıqlamasında bu sözləri Ermənistanın İŞİD üçün cəlbedici məkana çevrilməsilə bağlı bəzi Rusiya rəsmilərinin fikirlərinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, İŞİD-in Ermənistanda yuva salması bölgəmizdə terrorun "çiçəklənməsinə” rəvac verməklə yanaşı, regionda təhlükəsizliyə ciddi təhdid mənbəyidir:

 

"Terrorçulara qucaq açmaq, onlara dəstək vermək istiqamətində Ermənistan və Dağlıq Qarabağdakı qondarma rejimin müəyyən təcrübəsi var. PKK-çıların həm Ermənistan, həm də qondarma rejimdə düşərgələri var. PKK ilə İŞİD tör-töküntüləri arasında ciddi əlaqələrin olduğunu sübut etməyə də ehtiyac yoxdur. İndinin özündə onlar bir-birinə hər cür dəstək verir, arxa dururlar. İŞİD bildiyiniz kimi, Suriya və İraqda tamanilə darmadağın edilib. Bu müstəvidə də gizlənməyə yerləri yoxdur. Ona görə də öz fəaliyyətləri üçün yeni məkanlar axtarır. Gah Əfqanıstana, gah da digər yerlərə qaçaraq gizlənməyə çalışırlar. Amma bu gün İŞİD üçün ən ideal yer Ermənistan və qondarma rejimin ərazisidir. Yəni işğal edilən, nəzarətdən kənar olan Azərbaycan əraziləridir. Onlar burada özlərinə həm sığınacaq əldə edəcək, həm də insanlığa zidd ideyalarını həyata keçirmək üçün növbəti terrorçu əməliyyatlara başlamaq imkanı tapacaqlar. Zənnimcə, Ermənistan ordusu İŞİD-dən Azərbaycana qarşı həm diversiya, təxribat məqsədi, həm də ehtimal edilən döyüş variantlarında istifadə edə bilər. Çünki Ermənistan danışıqlar prosesində yola gələrək konskruktiv mövqe tutmaq istəmir. Belə olan təqdirdə, Ermənistan müdafiə nazirinin hətta yeni torpaqları işğal edəcəklərilə bağlı verdiyi açıqlama onu göstərir ki, İrəvan işğal prosesindən əl çəkmək niyyətində deyil və hücum mövqeyi sərgiləməkdə davam edir. Belə bir ideyanın həyata keçirilməsi üçün də düşmən ölkə İŞİD yaraqlılarını döyüşün ön cəbhəsinə göndərə bilər”.


Politoloq bildirdi ki, prosesin belə bir müstəvidə cərəyan etməsi fonunda Moskvanın sözügedən məsələyə soyuqqanlı yanaşması da təəccüb doğurur:

"Rusiyanın özünün bu məsələni soyuqqanlıqla izləməsi təəccüb doğurur. İŞİD-in bölgəyə gəlməsi və buradan Rusiyaya sızması çox asandır. Şimali Qafqazda bilirsiniz ki, vəhhabi ideyaları geniş yayılıb. Hansı ki, həmin ideya da İŞİD-in ideologiyasına yaxındır. Bu mənada onların çox tezliklə bir-birilə dil tapa bilməsi istisna deyil. Ona görə də zənnimcə İŞİD-dən barmaqarası danışmağa dəyməz. Bu təhlükəli tör-töküntünün bölgəmizə gəlməsinin qarşısını almaq üçün lazım olan bütün tədbirlər həyata keçirilməlidir”.

 

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizə qarşı Mübarizə Baş İdarəsinin rəisi Oleq İlyinıx İŞİD terrorçularının indi də Ermənistanda yuva salmağa çalışdıqlarını bəyan edib.İlyinıx "Ekstremizm və terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın prioritetləri" mövzusunda Rusiya DİN-in V.Y.Kikot adına Moskva Universitetində keçirilən II beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı artıq Ermənistanın İŞİD üçün də cəlbedici məkana çevrilməsilə bağlı xəbərdarlıq edib. Onun söylədiyinə görə, Suriya və İraqda məğlubiyyətə uğradıldıqdan sonra İŞİD terror qruplaşması indi də maraqlarını Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə doğru hərəkət etdirir.

 

Xatırladaq ki, Ermənistan və onun işğalı altında qalan Azərbayan torpaqları hər zaman terrorçu qruplaşmalar üçün əlverişli məkan olub. PKK və onunla bağlı olan YPG terrorçularının Ermənistanda yuva salmaları, burada onların təlim bazalarının olması barədə dəfələrlə məlumatlar səslənib. Bu da onu göstərir ki, Ermənistan hər zaman terrorçulara qucaq açıb və açmaqda davam edir. İrəvan onları himayə edir.

Elçin

 

OXŞAR XƏBƏRLƏR