İran dövriyyəyə girdi: Ərdoğan Əsədlə barışır? - ŞƏRH

İran dövriyyəyə girdi: Ərdoğan Əsədlə barışır? - ŞƏRH


"Ərdoğanla Bəşər Əsədin yaxın zamanda münasibətlərini qismən istiləşdirəklərini istisna etmirəm”


Sfera.az-a açıqlamasında bunu İranın xarici işlər nazirinin Ankaraya səfəri və bu səfərin əsas məqsədinin Türkiyə prezidentini suriyalı həmkarı ilə barışdırmaq niyyətindən ibarət olması barədə səslənən mülahizələrə münasibət bildirərkən politoloq Elşən Mirzəoğlu deyib.


Həmsöhbətimizin fikrincə, bölgədəki geopolitik durum Ərdoğanı Suriyaya münasibətdə zamanında həyata keçirdiyi siyasətə yenidən baxmağa sövq edib:

"Suriyada mövcud rejimə qarşı müxalif mövqedə dayananlardan biri də Suriya Azadlıq Ordusu idi ki, onun da rəsmi Ankara tərəfindən maliyyələşdirildiyi siyasi ekspertlərdə heç bir şübhə doğurmur. Lakin PKK faktoru, Türkiyənin bir hissəsində Kürdüstan dövlətinin yaradılması ilə bağlı geosiyasi layihələr və onun arxasında ABŞ-ın bölgə ilə bağlı maraqları, PKK-nın gülənçilərlə bu və ya digər əlaqələri təbii ki, Ərdoğanı Əsəd rejiminə münasibətləri hər halda əvvəlkilə müqayisədə kifayət qədər fərqli müstəviyə gətirməyə sövq edib. Digər tərəfdən Ərdoğanın Əsədə münasibətində siyasətindəki yenliyə Rusiyanın Suriyanın parçalanması əleyhinə çıxış etməsi də öz təsirini göstərib. Qərbin əlində isə Suriyanın parçalanması və bu ərazidə bir neçə ərəb dövləti və Kürdüstan dövlətinin yaradılması istiqamətində konkret planlar vardı. Qərbin PKK faktorundan imtina etməməsi, Kürdüstan məsələsində atdığı addımlar və bu müstəvidə Türkiyə üçün yaranan ciddi təhlükələr, Ankara-Moskva münasibətlərindəki yaxınlıq birinci ilə ABŞ arasındakı münasibətlərdə kifayət qədər gərginlik yaradıb”.

 

Bu gərginliyin Əsəd rejiminin xeyrinə olduğunu düşünən şərhçib bütün hallarda Suriyada İranın əvvəlki mövqeyini bərpa etmək istəyinin müşahidə olunduğu fikrindədir: "Suriyanın Lakatiya əyalətində İranın özünə hərbi-dəniz bazaları yaratmaqla bağlı konkret planları var. İran və Suriya xarici işlər nazirləri arasında görüşdə bu məsələ müzakirə olunub. Ona görə bölgədəki yeni geosiyasi reallıqlar əlbəttə ki, Əsədə münasibətdə Ərdoğan iqtidarını da regionun geopolitik durumundan çıxış edərək fərqli siyasət həyata keçirməyə sövq edir. Bu mənada da Ərdoğanla Əsədin yaxın dövrlərdə barışacağı mümkündür. Bunu istisna etmirəm”.


Qeyd edək ki, iki gün öncə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi Ankaraya səfər edib. Verilən məlumatlara görə Zərifinin səfərdə əsas məqsədi Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanı suriyalı həmkarı Bəşər Əsədlə barışdırmaqdan ibarət olub. Belə ki, Suriya olayları başlayandan bəri Ərdoğanla Əsəd arasında münasibətlər kəskinləşib. Ərdoğan onun hakimiyyətdən getməli olduğunu bəyan edib. Lakin son zamanlar hər ikisinin bölgəyə münasibətlərində bir yaxınlıq hiss olunur. Ərdoğan da Əsəd kimi Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə prezidenti yenə Əsəd kimi Vaşinqtonun İsrailin Colan təpələri üzərindəki nəzarətini dəstəkləyən siyasətini qınayır. Digər tərəfdən, PKK və onun uzantıları Türkiyə kimi Suriyanın özü üçün də təhdiddir.

ELÇİN


OXŞAR XƏBƏRLƏR