\"İnternetin boşanma sayının artımına ciddi təsirləri var\" - Ekspert rəyi

\
"Boşanma məsələsi artıq lokal problemdən çıxaraq qlobal problemə çevrilib”.
 
Sfera.az-a açıqlamasında bu sözləri son 10 il ərzində boşanma sayının kəskin artımına, onun səbəbləri, internet və sosial şəbəkələrin həmin prosesdə oynadığı "rola” münasibət bildirərkən psixoloq Elnur Rüstəmov deyib:
 
"İnkişaf etmiş ölkələr bunu keçiblər, indi də belə problemlərlə rastlaşırlar. Həmçinin, daha çox inzibati yollarla bu istiqamətdəki problemi çözməyə çalışırlar. Azərbaycanda da konkret olaraq XXI əsrin əvvəllərindən başlayaraq boşanma geniş vüsət almağa başlayıb”.
 
Həmsöhbətimiz qeyd etdi ki, boşanmaların belə artımı informasiya, texnoloji əsrində yaşamağımız, bu fonda ailə daxili konfliktlər, özgələşmə, insanların daha çox karyera qurmağa yönəlməsilə bağlıdır:
 
"Son dövrlərin statistikası göstərir ki, bu gün insanlar öncə karyera, sonra ailə qurmaq barədə düşünürlər. Bu əslində normal haldır. Ancaq karyera qurmaq da uğurlu ailə üçün əsas deyil. Ailədə uşaq sayının az olması, nəticədə valideynlə övlad arasında sinbioz bağlılığın çox olması, bunun fonunda ailədaxili konfliktə dözümsüzlük, problemi həll etmək əvəzinə boşanmağa üstünlük verilməsi də anoloji artıma gətirib çıxaran amillərdəndir. Vaxtilə ailələr problemlərə qarşı daha dayanıqlı idilər. İndi isə ailələr komforta daha çox istiqamətləniblər. Bu da ailə bağlarının zəifləməsinə, dözümsüzlüyün yaranmasına gətirib çıxarır. Dünənə qədər ailədəki problemləri ənənəvi yollarla həll həll etmək mümkün idi. Burada ağsaqqallar məktəbi, böyük-kiçiklik, adət-ənənə vardı. Amma artıq bu institutlar ailə daxili konfliktlərin həllində yetərli deyil”.
 
E. Rüstəmov onu da vurğuladı ki, son illər ərzində internet və sosial şəbəkə istifadəçilərinin artım sayı ilə boşananların sayının çoxalması arasında da əlaqə var:
 
"Bunlar düz mütənasibdir. İnternet resurslarının artımı ilə boşanma hallarının artımı arasında düz mütənasiblik var. Ailə quran cütlüklərin bir-birindən gözləntilərinin çoxluğu, narazılığın artması da əlbəttə ki, konfliktlərə yol açır. Yəni istəsək də, istəməsək də, bu gün görünən və görünməyən istiqamətlərdən ailələrə müdaxilələr çoxdur. Digər tərəfdən, informasiya bolluğunun özü bir diskomfort, narahatlıq yaradır. Ona görə də ailə qurmadan öncə tibbi yardımla paralel psixoloji dəstəyin göstərilməsi də vacibdir. Eləcə də boşanma ərəfəsində ailələrə psixoloji dəstək göstərilməlidir”.
 
Qeyd edək ki, hüquq müdafiəçisi Ələsgər Əhmədoğlu özünün facebook səhifəsində boşanmaların kəskin artması ilə bağlı yazı paylaşıb. Onun paylaşdığı yazıdan belə çıxır ki, son 10 ayda Azərbaycanda 50882 evlənmə, 12396 boşanma qeydə alınıb. Bu göstərici onu deməyə əsas verir ki, son 10 ildə boşananların sayı həqiqətən də astronomik olaraq artıb. Belə ki, 2008-ci ildə ölkədə 79964 evlilik, 7933 boşanma qeydə alınıb. Yəni boşanmanın evliliyə nisbəti 9,92% olub. 2018-ci ildə bu nisbət 24,36%-dək yüksəlib. 10 il əvvəl hər qurulan 10 ailənin 1-i boşanma ilə nəticələnirdisə, bu il hər 4 ailənin biri boşanıb.
 
ELÇİN
Sfera.az










OXŞAR XƏBƏRLƏR