\"İntel\" Rusiya şirkətini aldı

\

ABŞ-ın məşhur "İntel" korporasiyası "kompüter gözü" texnologiyasını işləyib hazırlayan, Rusiyada yaradılmış "İtseez" şirkətini satın alır.

Sfera.az lent.az-a istinadən bildirir ki, "İntel"in "İnternet of Things Group" (əşyaların interneti) bölməsinin rəhbəri Duq Devis korporasiyanın bloqunda artıq tərəflər arasında saziş imzalandığını yazıb. Sövdələşmənin məbləği açıqlanmır. 
 
"Itseez" UAZ-ın çətin yollar avtomobili "Patriot"da qurulacaq, yol işarələrini tanıyan sistemin yaradıcısıdır. "The Wall Street Journal" yazır ki, "İntel" bazarda personal kompüter satışlarının azalmasına reaksiya verəcək və öz texnologiyalarını yeni bazarlarda, xüsusən avtomobil bazarında yeritməyə çalışacaq. "İtseez"in alınması avtomobil və video ilə əlaqəli "əşyaların interneti" seqmentində üstünlük əldə etməyə yönəlib.
 
"İtseez" 2005-ci ildə Rusiyanın Nijnı Novqorod şəhərində yaradılıb, hazırda isə San-Fransiskoda yerləşir. Şirkətdə 100 mühəndis çalışır. "İtseez"in məhsulları arasında sürücüyə kömək sistemi - "Vision ADAS" da var. Kameralar, videokontrollerlər və displeyin daxil olduğu bu sistem yolda digər avtomobilə qədər olan məsafəni təyin etməyə, maşının hərəkət zolağından çıxıb-çıxmadığını müəyyənləşdirməyə imkan verir və yol nişanlarını oxuyur.    


OXŞAR XƏBƏRLƏR