Çingiz Xocalıdan sağ çıxmamalı idi - GİZLİNLƏR

Çingiz Xocalıdan sağ çıxmamalı idi - GİZLİNLƏR
Xocalı soyqırımının üstündən uzun müddət keçsə də, hadisə ilə bağlı həqiqətlər hələ də üzə çıxmayıb. Azərbaycan xalqının sinəsinə çalın-çarpaz çəkilmiş bu yaranın yaranmasında əsil günahkar kimdir-rus-erməni hərbi birləşmələri, naşı rəhbərlik yoxsa, xalqı öz çirkin oyunlarına görə qırğına verən satqın siyasətçilər?
 
Xocalı faciəsini mərhum telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev çəkdiyi lentlərdə əbədiləşdirdi. Təbii ki, bu lentlərin nə qədər əhəmiyyətli olduğunu söyləməyə lüzum yoxdur. Əgər Çingiz olmasa idi bu gün heç kimə heç nəyi sübut edə bilməyəcəkdik. Xocalı həqiqətlərini dünyaya çatdırmaq mümkün olmayacaqdı. Məsələ ondadır ki, həmin zaman Çingizin çəkdiyi lentlərin Bakıya gəlib çatmaması üçün kimlərsə bərk canfəşanlıq etmişdi. O da həqiqətdir ki, əgər Ağdamın Novruzlu kəndi, bu kəndin igid cavanlarının fədakarlığı olmasa idi Çingiz Mustafayev elə çəkiliş zamanı öldürüləcək, videolentlər isə ermənilərin əlinə keçərək məhv ediləcəkdi. Fəqət bu həqiqət çox az sayda insana məlumdur.
 
Hadisənin şahidlərindən biri də həmin vaxt Ağdamın Novruzlu kənd özünü müdafiə batalyonunun komandiri olmuş, doğma əmim Əlövsət Atabəyli idi. Təəsüf ki, bu gün o həyatda yoxdur. Vətən dərdi onu bu dünyadan cavan yaşda apardı. Ancaq Xocalı ilə bağlı xatirələrini hələ bir neçə il qabaq dəftərçəmə qeyd etmişdim.
 
Onun söylədiklərindən: "O günlər indiyə kimi yadımdadır…. Hələ Xocalının işğalından əvvəl Ağdamda Xocalının müdafiəsi, sonralar isə heç olmasa əhalinin itkisiz mühasirədən çıxıb azad olunması üçün xeyli plan hazırlandı. Planlardan biri də küllü-miqdarda vərəqələr yazıb (erməni və rus dilində) vertolyot vasitəsilə Əsgəranın üzərinə atmaq idi ki, ermənilər xocalılara rayonu itkisiz tərk etməyə yol versinlər. Əks təqdirdə biz də onlara zərbə vuracaqdıq. Lakin hakimiyyət bu plana qarşı çıxdı, bunun üçün şərait yaratmadı.Vərəqələr hazır olsa da əllərdə qaldı, Əsgərana atılmadı. Sonradan başa düşdük ki, bütün bunlar qəsd imiş. Bir neçə gün sonra xəyanətin bir daha şahidi olduq. Ağdam aeroportu Novruzlu kəndinin yaxınlığındadı. Xocalı soyqırımı törədildikdən sonra kəndin bütün cavanları, hətta yaşlıları da aeroporta yığışmışdılar. Hamılıqla Xocalıdan gələn meyitləri rayon məscidinə aparıb dəfn və sair işlərlə məşğul olurdular.
 
Xocalı hadisələrini bir neçə ölkədən gəlmiş xarici jurnalistlər də Ağdam aeroportunda müşahidə edib lentə alırdılar. Çingiz Mustafayev gecə-gündüz aramızda idi. Elə olurdu ki, gecəni də aeroportun gözləmə zalında oturub mürgüləyirdi. Bizim kənd camaatına öyrəşməsinə baxmayaraq onu kəndə aparıb 1-2 saat dincəlməsinə şərait yaratmağımıza imkan vermirdi. Deyirdi ki, bu hadisəni görən rahat ola bilərmi? Onun burda olması kimlərisə bərk narahat edirdi. Çingizə qarşı sui-qəsd hazırlanırdı. Bunu bütün Novruzlu camaatı təsdiqləyə bilər… Çingiz hələ Xocalıya uçmamışdan aeroportda bir neçə mülki və hərbi vertolyot vardı. Bakıdan neçə-neçə səlahiyyətli nümayəndə gəlmişdi. O cümlədən Fəhmin Hacıyev də orda idi. Günün ikinci yarısı idi….”komanda” gəldi ki, burada əsgərlər olmalıdı. Hanı onlar? Gəlsinlər, Xocalıya uçuruq, meyit gətirməyə. O vaxt aeroportda keçmiş sovet əsgərləri də var idi. Ancaq başçı olmadığından həmin gün aradan çıxıb getmişdilər.Əsgərlərin olmadığını görəndə dedilər ki,könüllü getmək istəyən varsa, gəlin gedək. Vəziyyəti belə görəndə kəndimizin RDİŞ-də qulluq edən oğlanlarını çağırdım. Mən də Çingizlə gedəsi idim. Məni elə vertolyota tərəf yola salırdılar ki, kimsə arxadan qucaqladı. Baxdım ki, bu Ərəstun Süleymanovdur. Həddən ziyadə mərd və igid oğlan idi. Mənə yalvardı ki, "qoy sənin əvəzinə mən gedim, çünki həm cavanam, həm də subay”. Mən razılaşmaq istəməyəndə kənd ağsaqqalı Səlim müəllim işə qarışdı, dedi ki, qoy Ərəstun getsin. Vertolyotlar havaya qalxıb Xocalı istiqamətində uçmağa başladı. Onlardan ikisi hərbi, biri isə mülki vertolyot idi. Sonra orda nə baş verdiyini Ərəstun danışmışdı. Çəkiliş vaxtı hərbi vertolyotlar mühafizə məqsədi ilə havada dayanır. Mülki Mİ-8 vertolyotu isə yerə enib meyitləri yığırmış. Çingiz də bütün bunları lentə alırmış. Qəfildən Mİ-8 Çingizi və Ərəstunu yerdə-meyitlərin yanında qoyub havaya qalxır və uçub gedir. Vertolyotların gəldiyini görüb bütün kənd camaatı aeroporta axışdı. Meyitləri maşına qoyub rayon mərkəzinə yolladıq. Sanki həyəcandan hər şey yaddan çıxmışdı. Birdən kimsə dedi ki, Çingiz və Ərəstun qalıb Xocalıda. Dəhşətə gəldik, tez pilotların yanına qaçdıq. Dedik ki, bu nədir, uşaqlar hanı? Pilotlar rus dilində " Əclaflar atırdı, ona görə aradan çıxdıq” dedilər. Bir göz qırpımında Novruzlu camaatı vertolyotu üzük qaşı kimi mühasirəyə aldı. Həyəcandan, hirsdən özündən çıxan Səlim müəllim pilotlara” Demək belə çıxır ki, meyitlə diriləri dəyişirik?” dedi. Vəziyyəti belə görən Fəhmin Hacıyev mənə yaxınlaşıb dedi ki, camaatı sakitləşdir. Bu saat bunları havaya qaldıracağam. Fəhmin pilotlarla çox mübahisə etdikdən sonra onları havaya qaldırmağa nail oldu. Ağlayanlar da vardı. Çox keçmədi ki, vertolyotlar geri qayıtdı. Əlində kamera olan Çingiz, daha sonra Ərəstun vertolyotdan düşdülər.
 
Onun dediyi sözlər indiyədək qulağımda səslənir. Çingiz kameranı göstərib "Az qalmışdı mən bunun güdazına, Ərəstun da mənim güdazıma getsin. Ancaq yaxşı ki, əməlli-başlı çəkdim”. Artıq hava qaralırdı, bütün xarici jurnalistlər Çingizi dövrəyə alıb "Gedək rayona, çəkdiklərini bizə də ver" deyirdilər. Bu yerdə əmim söhbətə qarışdı. Dedi, arxasını özün bilirsən, bunları xatırlamaq çox ağırdı. Göründüyü kimi maneələrə rəğmən Çingiz Xocalı ilə bağlı bütün həqiqətləri dünyaya çatdırdı. Fəqət, Əlövsət bəyin dediyi kimi onun hərəkətləri kimlərəsə xoş gəlmədi.
 
Çingiz Mustafayev bu gün həyatda yoxdur. Elə Ərəstun Süleymanov da. Ərəstun Qazançı kəndi uğrunda gedən döyüşlərdə həlak oldu. Bu gün dünya Xocalı həqiqətlərini bilirsə, bunda Ərəstunun da payı var. Xocalıda çəkiliş zamanı Çingizi öz bədənini sipər edərək qoruduğuna görə.

İlqar Atabəyli

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...