Çingiz Abdullayev: \"Məmurlar bu özbaşınalığa kənardan baxmamalıdır\"

Çingiz Abdullayev: \
Bakıda Cəfər Cabbarlının ev-muzeyini sökürlər. Əsas olaraq onu gətirirlər ki, görkəmli azərbaycanlı dramaturqun varisləri torpaq sahəsini və evi özəlləşdirərək, inşaat şirkətinə satıblar və indi onun yerində hündürmərtəbəli bina ucaldılacaq. Muzeyi isə birinci mərtəbəyə yerləşdirəcəklər. Görünür, yazıçının yaşadığı evin sökülərək, əşyalarının onun "müasir surət”inə köçürülməsi dünya mədəniyyətində yeni trendə çevrilib.

Bu sözləri Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev Cəfər Cabbarlının ev muzeyinin sökülməsi xəbərini "Facebook” səhifəsində şərh edən zaman bildirib.  

"Dünyada həqiqətən belə bir nümunələr varsa, onun harada və nə vaxt baş tutduğunu öyrənmək çox yaxşı olardı. Dünyanın bir çox ölkələrində qədim tikililərin rekonstruksiyası zamanı sonradan əsaslı təmir həyata keçirmək üçün evin köhnə divarlarına toxunmurlar.

Xəqani küçəsindəki Yazıçılar İttifaqının binası ilə də belə etmişdilər. İndə mənə etiraz edə bilərlər, deyə bilərlər ki, prezidentə şikayət et. Axı niyə ölkənin bütün problemlərini dövlət başçısına ünvanlamaq lazımdır? Dövlətdən maaş alan və vəzifədə oturan onlarla məmur var, onlar bu özbaşınalığa kənardan baxmamalıdırlar”, - deyə yazıçı bildirib.

Ç.Abdullayev asan qazancın olduğu yerdə hər şeyi pulun həll etdiyini yaxşı anladığını dilə gətirib.

"Başa düşürəm, varislərin pula ehtiyacı olub və görkəmli əcdadlarının xatirəsini satıblar. Başa düşürəm ki, bunun üçün icazə alınıb. Hər şeyi anlayıram. Pul hər şeydən vacibdir. Bununla belə, bu xoşagəlməz bir haldır. Cəfər Cabbarlı bizim dramaturgiyanın və kino ssenaristliyinin təməl daşını qoyub. Cəfər Cabbarlı bizim ədəbiyyatın gəlib-getmiş ən dahi nümayəndələrindəndir. Ancaq heç gör, bu, kimisə maraqlandırır?

Burda nə var ki? Muzeyin eksponatlarını yeni binaya köçürəcəklər. Axı Cəfər Cabbarlı orada yaşamayıb. Həmin binada ayrılacaq yer onun artıq unikal mozaikalı və təkrarolunmaz auralı ev-muzeyi olmayacaq. Ancaq bu, kimi maraqlandırır?!

Biz nə üçün hər zaman eyni səhvləri təkrarlayırıq? Nə üçün Müşviqin heykəlini nümayişkəranə şəkildə söküb, sonradan yenidən əvvəlki yerinə qoyuruq? Nə üçün Sovetskidəki məscidi söküb, sonra da onu bərpa edirik, nə üçün Şusevin böyük sənət əsərini söküb, sonradan onu başqa bir məkanda yenidən ucaldırıq?

Qorxaq şəkildə dinməz qalıb özünü görməzliyə vurmaq sadəcə yolverilməzdir. Bu bizim yaşadığımız şəhərdir...”, - deyə yazıçı fikrini tamamlayıb.

OXŞAR XƏBƏRLƏR