AdRiver

"İnformasiyaya istinad edilməsi peşəkarlığın əlifbasıdır"

Bu gün Azərbaycan mediasında istinad mədəniyyətinin olmaması böyük problemə çevrilib. Bir çox saytlar, o cümlədən radio və televiziyalar tərəfindən materiallar oğurlanaraq özününkü kimi təqdim edilir. Xüsusən də, son günlərdə biz bu cür arzuolunmaz halların artdığının şahidi oluruq. Məsələn, iyunun 6-sında Zaqatalada baş verən zəlzələ ilə əlaqədar olaraq özəl məlumatlar yayımlayan "APA” İnformasiya Agentliyinin materialları müxtəlif media qurumları tərəfindən mənimsənilərək özünükü kimi təqdim edildi. Bir neçə gün öncə ölkə mediasında  əsas gündəm xəbərə çevrilən "Kids Uşaq Bağçası”nda baş verən hadisələrlə bağlı ilk xəbəri yayımlayan "Azxeber.com" xəbər portalı da bu cür münasibətlə üzləşdi. Müxtəlif saytlar ilkin mənbəni gizlədərək yayılan bu xəbəri öz məhsulları kimi təqdim etdi. Xüsusən də gündəmdə hər hansı bir hadisə olduqda biz bəzi media qurumlarının bir-birinə qarşı "hörmətli” münasibətlərini görə bilirik.

Müəllif hüquqları nədir?

Müxbir hansısa media qurumunda işləməklə sadəcə olaraq əmək haqqı alırsa, bu zaman müxbirin müəllif hüququ redaksiyanın tabeliyinə keçir. Yəni, işə qəbul olarkən əmək müqaviləsində əlavə olaraq müəllif hüquqlarının qorunması ilə bağlı bənd yoxdursa, bu zaman hansısa saytın həmin materialı yayaraq yalnız media qurumuna istinad etməsi normaldır. Lakin son zamanlar beynəlxalq miqyasda aparılan müzakirələrdə bu yanaşmada müəyyən haqsızlığın olduğu söylənilir. Yəni, həmin məhsulun  istənilən halda həm də jurnalistə məxsusluğu irəli sürülür. Nəticədə müəllif hüquqları ilə yanaşı müəllif haqları ifadəsi yaranır.

"Müəllif hüquqları” və "müəllif haqları” nədir?

Azərbaycan dilindən fərqli olaraq ingilis dilində bu termin müəllif hüquqları ifadəsindən fərqləndirilir. Bu ifadələr "Copywriter” və "Authorwriter” terminləri ilə bir birindən fərqləndirilir. "Copywriter” müəllif hüquqları, "Authorwriter” isə müəllif haqlarıdır. Müəllif hüquqları qanunla qorunur. Müəllif haqlarının pozulması isə inzibati pozuntu hesab edilməsə də, etik pozuntu sayılır. Bu gün müasir jurnalistika yalnız qanunla deyil, müəyyən kodekslər, o cümlədən etik kodekslərlə tənzimlənir. «AZƏRBAYCAN JURNALİSTLƏRİNİN PEŞƏ DAVRANIŞI QAYDALARI» 4-cü prinsipində göstərilir ki, mediada plagiatlıq yolverilməzdir.
Müxbirin redaksiya ilə müqaviləsində əmək haqqı ilə yanaşı müəllif hüququnun da qorunması ilə bağlı bənd varsa, bu zaman həmin işçi müəllif hüquqlarını müdafiə edə biləcək. Bu zaman dərc olunan yazıda xüsusi bir işarə qeyd olunur və yazılır ki, yazı müəllif hüquqları ilə qorunur və müəllifə istinad edilməsi zəruridir.

Qanunvericilik nə deyir?

Xülasə: Müvafiq qanunvericiliyə əsasən xəbərlər o zaman müəlliflik hüququnun obyekti olur ki, informasiya xarakterli xəbər çərçivəsindən çıxır, yəni özündə şərhləri, təhlilləri əks etdirərək yaradıcılıq məhsuluna çevrilir və artıq belə məlumat məqalə kimi "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq müəlliflik hüququ ilə qoruna bilər.

Əgər jurnalist hər hansı bir hadisə və yaxud xəbər haqqında araşdırma aparıb və bu araşdırma nəticəsində özünün şərhləri, təhlilləri, subyektiv fikir və mülahizələri ilə zənginləşdirilmiş bir məqalə hazırlayıbsa, artıq bu məqalə yaradıcılıq məhsulu kimi "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 6-cı maddəsində göstərilən "müəlliflik hüququ olan əsərlər” sırasındadır və müəlliflik hüququ ilə qoruna bilər.

Hazırda Azərbaycan mediasında müəllif hüquqlarının qorunması ilə bağlı mənzərə necədir?


Media eksperti, hüquqşünas Ələsgər Məmmədli saytımıza açıqlamasında müəllif hüquqları ilə bağlı hazırlanmış qanunvericilik bazasının tarixindən danışıb: 
"Müəllif hüquqları 1878-ci ildə qəbul edilən Bern konvensiyası ilə qorunur. Müəllif hüquqları əqli mülkiyyət olmaqla böyük dəyərə malikdir. Beyin məhsulu əziyyət, səy tələb etdiyi üçün onun qorunması zəruridir”.

Bir neçə rakursdan Azərbaycanda müəllif hüquqları ilə bağlı vəziyyəti dəyərləndirən ekspert hazırda bu sahədə ciddi porblemlərin olduğunu bildirib. Ekspert təsisçisi olduğu "Toplum TV”nin materiallarının oğurlanmasından da danışıb: 

"Xüsusən də onlayn mediada müəllif hüquqlarının qorunması sahəsində vəziyyət gərgindir. İmzaya istinad etmədən məlumatlar digər media orqanlarında mənimsənilərək özünükü  kimi təqdim edilir. Media orqanları və agentliklər bu pozuntularla əlaqədar sistemli şəkildə məlumat versələr də, problem həllini tapmır. Özümüz də mütəmadi olaraq bu problemlə qarşılaşırıq. Bir müddət öncə təsisçisi olduğum "Toplum TV”-də gənclər tərəfindən maraqlı bir video hazırlanmışdı. Daha sonra həmin material televiziyalarının birində  yayımlandı. Lakin bu zaman telekanal tərəfindən "Toplum TV”nin loqosunun üzəri bağlanılaraq material təqdim edildi. Lisenziya ilə fəaliyyət göstərən kanallar mənbəsinə hörmət etməyi bacarmalıdır. 
Bir neçə gün öncə Zaqatalada baş verən zəlzələ ilə əlaqədar Vüsalə Mahirqızının rəhbərlik etdiyi saytların materialları digər media orqanlarında, xüsusən də telekanallarda istinadsız yayımlanmışdı. Bu cür addım əməyə hörmətsizlik hesab edilir”.

Ə.Məmmədov bildirir ki, bu gün sənət əsərlərində şəxslərin icazəsi olmadan onların materiallarının kommersiya obyektinə çevrilməsi halları daha geniş yayılan problemlərdən biridir: 

"Amerikaya məxsus təşkilatlardan birində gənclərin maariflənməsinə yönəlmiş kiçik bir film hazırlayırdıq. Filmdə bir musiqi parçasından istifadə olunması nəzərdə tutulmuşdu. Buna görə biz həmin musiqi parçasının müəllifinin qızından razılıq aldıq. Bir əsərin nəzdində yeni əsər yaratmış olduğumuz üçün ilkin mənbələrə istinad etməlİ, ona hörmətlə yanaşmalıyıq”.

Müəllif hüquqlarının qorunması nəyə görə vacibdir?

Ekspert bildirir ki, müəllif hüquqlarının qorunması yeni beyin məhsullarının ortaya çıxması üçün  də vacibdir:
 
"Müəllif hüquqları qorunduğu zaman şəxs növbəti dəfə də gözəl bir əsər ərsəyə gətirə biləcək. Çünki hüquqları qorunmayan şəxs düşünəcək ki, bir halda ki, pulu başqası yeyir, heç bunun üçün əziyyət çəkməyə də dəyməz. Təəssüflər olsun ki, bu gün biz çox nadir hallarda hansısa əsərdən razılıq əsasında istifadə edildiyini görürük”.

Qanunvericilik hansı hallarda ixtisarlardan isitfadəyə icazə verir?

Qanunların loyal olduğunu deyən ekspert bir sıra nüansları diqqətə çatdırıb:

 ""İctimai TV” icazə almadan, lakin müəllifi göstərməklə özünün olmayan materialdan 45 saniyə istifadə edə bilər. Qanunvericilik filmlərdən isə 5 dəqiqə ixtisarla istifadə etməyə icazə verir. Lakin bu gün qanunvericiliyi bilmədən qaydasız döyüş sərgiləyən media orqanları çoxdur. Məhkəmə sistemi isə adekvat deyil”.

Şəxslər niyə məhkəməyə müraciət etmir?

Ə.Məmmədov bu gün müəllif hüquqlarının pozulması ilə əlaqədar bəzi şəxslərin məhkəməyə müraciət etməməsinin səbəblərindən danışıb:
"Proses uzun müddət çəkdiyi üçün və simvolik kompensasiya verildiyinə görə bəzi şəxslər bu cür problemlərin məhkəmə müstəvisində həllində maraqlı deyil. Azərbaycandan fərqli olaraq digər ölkələrdə bəzən bu cür zərərlərə görə milyonlarla kompensasiya tələb olunur”.
Ekspert bildirir ki, qanunvericilik olsa da, onun işləmə mexanizmində müəyyən problemlər var. Ə.Məmmədovun sözlərinə görə toplum olaraq başqalarının əqli mülkiyyətinə sayqı ilə yanaşılsa, problemlər daha tez və asanlıqla həllini tapmış olar. Müəllif hüquqlarının pozulması ilə əlaqədar olaraq konkret statistikanın aparılmasının mümkünsüzlüyündən danışan Ə.Məmmədov bu gün mediada yalnız 20 faizin bu qanunlara hörmət etdiyini, digər 80 faizin isə səddləri aşdığını deyib.

Müəllif hüquqlarının əsas dəyəri nədir?

Ə.Məmmədov müəllif hüquqlarının əsas dəyərlərindən danışıb:

"Müəllif hüquqlarının əsas iki dəyəri var: kommersiya və ad dəyəri. Kommersiya dəyərinə görə müəllifin əsərindən istifadə edilərək ondan pul qazanıldığı üçün tərəflər arasında müqavilə bağlanılır və rəsmi icazə alınır. Elmi əsər hazırladıqda kiminsə əsərindən bir frqamentdən istifadə edilərsə, bu zaman da icazə alınması vacibdir. İnformasiya əldə etmək hüququ haqda olan kitabım başqası tərəfindən mənimsənilmişdir. Vaxtı ilə dəstək verərək ictimai birlik üçün hazırladığım kitab nəşr olunarkən imzam buradan silinmişdi. İctimai birlik tərəfindən belə addım atılmışdı. Hətta həmin kitabla əlaqədar olaraq iradlar bildirilirdi ki, bu başqasının əsəridir. Orijinalı təqdim edib kitabın mənə məxsus olduğunu sübut etdim. Haqlı iradlarımdan sonra problem həll olundu”.

Bu gün media ilə yanaşı digər sahələrdə də müəllif hüququ pozulur. Mediadan fərqli olaraq digər sahələrdə ötən illərlə müqayisədə bu kimi halların sayının müəyyən qədər azaldığı müşahidə edilir. Əlbəttə, heç şübhəsiz ki, arzuolunmaz halların sayının azalmasında medianın rolu, təbliğatı önəmli olub. 

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza da bu qənaətdədir.
 
 
Dəfələrlə Azərbaycan Yazıçılar Birliyinin üzvi olan şair və yazarların əsərlərinin oğurlandığını deyən qurumun mətbuat xidmətinin rəhbəri müəllif hüquqlarının pozulması hallarının azalmasında medianın rolunun mühüm olduğunu vurğulayıb. Bu yaxınlarda şair Fikrət Qocanın bir şeirinin "O Səs Türkiyə”də anonim olaraq səsləndirilməsindən danışan X.Rza bildirib ki, bu gün mediada müyyən tədbirlər, təbliğatlar gücləndirilsə, arzuolunmaz halların qarşısı alınar:
 
"Baş verən bu cür hadisələrlə əlaqədar lazımi orqanlara müraciət edirik. Yaxın zamanlarda bu sahədə olan boşluqlar doldurulacaq və qısa zamanda nailiyyətlər əldə ediləcək”.

X.Rza Azərbaycan Müəllifləri İctimai Təşkilatının fəaliyyətini daha da aktivləşdirdiyini bildirib.

"Bu Şəhərdə”nin prodüseri Müşfiq Abbasov müəllif hüquqlarının pozulması hallarının azalmasında medianın rolunu xüsusi qiymətləndirib. Bu gün mediada müəllif hüquqları problemi qalsa da, media tərəfindən aparılan təbliğat piratçılığın azalmasına səbəb olub. M.Abbasov KİV-lə birgə görülən tədbirlərin nəticəsindən danışıb:
 


"Azərbaycan tarixində ən çox bizim disklər pirat nümunə olaraq satılıb. Son illərdə KİV tərəfindən də piratçılığa qarşı mübarizədə böyük səy nümayiş edilib. Dəfələrlə müxtəlif KİV orqanlarında – telekanallarda piratçılığa qarşı video materiallar yayımlanıb. Telekanallar və Müəllif Hüquqları Agentliyi ilə piratçılığa qarşı materialların yayımlanmasına nail olduq. Həmin disklər qıraraq, yandıraraq nümayiş edirdik.Düzdür, KİV və agentliklə birgə həyata keçrtdiyimiz bu tədbirin iki gün faydasını gördük. Daha sonra eyni mənzərə yenidən təkrarlandı. Hüquqi cəza olmadığından, şəxs həbs edilmədiyindən sadəcə olaraq hansısa maddə ilə cərimə olunduğundan onlar hələ də fəaliyyətlərini davam etdirirlər. Hələ o zamanlar pirat bazarına liderlik edən "ağsaqqal”ların gündəlik qazancları 20 min manat idi. Bir günə 20 min qazanan şəxs üçün 30 min manat cərimə ödəmək heç nədir. Onlar sırtıqcasına adamın üzünə dayanaraq deyirlər ki, əcəb eləmişik. Elə olurdu ki, bir gündə sərnişin avtobusunun oturacaqlarını disklərlə doldurub Bakıdan konkret hansısa bir bölgəyə yola salırdılar. Hər avtobusda 10 minlərlə DVD olurdu. Bu gəlirin 100-də biri bizə çatsaydı, dünyanın xoşbəxti bizik dünyada deyər, ölkədə zəngin şəxslərdən birinə çevrilərdik”.

M.Abbasov artıq bir həftədir ki, 30-a yaxın konsertin qeydiyyatı ilə məşğul olduğunu söyləyib: 

"İlk konsertlərimizdə MHA ilə müqavilə bağlamışdıq. Mənim ssenaristim başqa şəxslər olsaydı, o zaman agentliklə mütləq müqavilə bağlayardım. Lakin bu halda bütün hüquqlar mənə aiddir. Elə olurdu ki, 6 aya 2 min manatlıq disk satılırdı. Bu disklərin qoloqraması olurdu və bunlara görə vergi ödəyirdik.Bu disklərin üz qabığı, qabları da keyfiyyətli idi. Bir disk üçün 3 manat xərc çəkib 4 manatdan topdan satışa verirdik. Onlar da üzərinə bir manat əlavə etməklə satırdılar. Piratlar heç bir vergi ödəmədiyi, qablaşma və üz qabığına pul xərcəmədikləri üçün diskləri 1 manata satırdılar. İsveçdə disklərə individual qoloqrama vurdumuşduq ki, pirat onu kopyalaya bilməsin. Bu disklər üçün qablaşma, üz qabığı,yol və gömrüyə görə əlavə haqq da ödəmişdik. Təxmini hesablamışdıq ki, yəqin k, 20 min ədəd disk satmaqla gəlir də əldə edərik. Nəticədə 10 min manatlıq satış etmişik. Piratlar kodları qıraraq  diskləri 1 manata satdılar. 10 min manatlıq satış edərək əlavə də 15 min ədəd disk üstümüzdə qalıb, 5 min ziyan çəkmişik. Nəticədə həmin diskləri demək olar ki, pulsuz - 1-2 manata satmışıq”.

Başına gələn maraqlı hadisəni nəql edən M.Abbasov 10 il öncə böyük bazarları olan piratla məşğul olan şəxslərin sayının azaldığını söyləyir. Burada isə KİV-in rolu danılmazdır: 

"Bir dəfə Nəsimi bazarı tərəfdə avtomobilimi saxlayanda biri salam verib mənimlə görüşdü və dedi ki, haqqını halal et. Həmin şəxs piratla məşğul idi. Deyir ki, anası halallıq almaq üçün onu mənim yanıma yollayıb. Maşınına görə halallıq istədi. Maşının da qiyməti təxminən 6-7 min olardı. Dedim niyə, mən sənə maşın almışam? Balalarının o maşının içində olduğunu deyərək məndən halallıq istədi. Mən də balalarına aid hissəsinə halallıq verdim. Dedim sən çox abırsızsan ki, utanmazcasına bunu etiraf edirsən, məndən oğurladığın pulla maşın almısan,  amma mən illər ərzində DVD hesabına maşın ala bilməmişəm”. Lakin bu gün medianın apardığı mübarizə və insanların daha çox sosial şəbəkələrə axın etməsi 10 il öncə bir biznes hesab edilən piratçılığı tarixə qovuşdurur”. 

Son günlər "Kids uşaq bağçası”nda baş verən hadisələr mediada da böyük rezonansa səbəb oldu. Material uşaq bağçasının qeydiyyat şöbəsində çalışan xanım əməkdaş tərəfindən mediaya ötürülmüşdü. Bu materialı yayan ilk mənbə isə "Azxeber.com" xəbər portalı idi. Lakin təəssüflər olsun ki, bu zaman da bəzi media qurumları xəbəri öz adlarına çıxararaq istinadsız yayımladılar. Bu isə ilk belə hadisə deyil. Müəllif hüquqlarının pozulmasından əziyyət çəkən xəbər portalının baş redaktoru Hacıbəy Heydərli də son günlər bu mövzuda verdiyi açıqlamalarla diqqət çəkir. Dəfələrlə "Facebook”profilində bəzi saytların ünvanına sərt fikirlər səsləndirən həmsöhbətimiz bildirir ki, bu gün müəllif hüquqlarının pozulması məsələsi ölkə mediasının ən böyük problemlərindən birinə çevrilib:
 


"İstinad mədəniyyətinin olmaması, xəbərin istinadsız yayımlanmsından çox əziyyət çəkirik. Maraqlısı odur ki, bəzi saytlara ictimai qınaq da təsir etmir, onlara deyilən söz heç bir nəticə vermir. Belə olan halda ən yaxşısı məhkəməyə müraciət etməkdir, ancaq təəsüf ki, demək olar ki, heç bir media qurumu tərəfindən belə bir addım atılmır. Bu həm də vicdan məsələsidir. Sən başqasının beyninin məhsulunu oğurlayırsansa, deməli sən vicdansızsan. Ümid edirəm ki, bu kimi halların qarşısı alınacaq. Özünə hörmət edən sayt ilkin mənbəyə istinad edəcək”.

Bu gün müəllif hüququ pozulan media qurumlarından biri də ölkənin aparıcı media holdinqi hesab edilən "APA”dır. Yanvarın 6-sında Zaqatalada baş verən zəlzələ ilə bağlı özəl məlumatlar yayımlayan holdinqin bir çox informasiyalarına digər media qurumları tərəfindən hörmətsiz münasibət sərgiləndi. Xüsusən də telekanallar tərəfindən yalnız APA-ya məxsus olan informasiyalar mənimsənildi və heç bir istinad verilmədi.

Həmsöhbətimiz Vüsalə Mahirqızı artıq bu cür halların kütləviləşdiyini vurğulayıb. Bu səbəbdən V.Mahirqızı problemin hüquqi müstəvidə həlinin vacib olduğunu vurğulayıb:
 


"Bu günədək heç zaman bu məsələ ilə əlaqədar olaraq həmkarlarımızı məhkəməyə verməmişik. Bunu özümüz üçün ayıb hesab etmişəm. Çünki onsuz da media orqanları başqaları tərəfindən məhkəməyə verilir. Çalışmışıq ki, danışıq yolu və ictimai qınaq yaratmaqla bu cür problemləri həll edək. Son zamanlar bu problem daha da böyüdüyündən düşünürəm ki, məsələnin hüquqi müstəvidə həlli vacibdir. Reallıq ondan ibarətdir ki, hazırkı qanunvericlikdə müəllif hüquqlarının pozulmasından bəhs edən maddələr o qədər də sərt deyil. Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. 

(Qeyd edək ki, 2018-ci ilin aprelin 20-sinədək müəllif hüquqları ilə məşğul olan əsas iki icra hakimiyyəti orqanı vardı. Onlardan biri Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, digəri isə Müəlif Hüquqları Agentliyi adlanırdı. Aprelin 20-sində prezidentin sərəncamı ilə bu iki qurum ləğv olundu və onların səlahiyyətləri Əqli Mülkiyyət Agentliyinə verildi. Artıq bu sahədəki pərakəndəlik aradan qaldırılıb. Hazırda əsas mərkəzi icra hakimiyyəti orqanı Əqli Mülkiyyət Agentliyi hesab edilir).

Düşünürəm ki, agentliyin ilk təşəbbüslərindən biri müəllif hüquqları ilə əlaqədar qanunvericiliyin sərtləşdirilməsindən ibarət olmalı, ciddi cəzalar nəzərdə tutmalıdır. Bundan əlavə Mətbuat Şurası və Milli Teleradio Şurası ortaq monitorinq qrupu yaratmalıdır. Aylıq olaraq ölkədəki ilk 50-100 media qurumunun monitorinqi təşkil edilməli və hansı media qurumlarının istinad edib etməməsi araşdırılmalıdır. Dünyanın müxtəlif ölkələrində xüsusi proqramlar var ki, 50-100 informasiya portalı, agentliyinin adını ora daxil etməklə dərc edilmə saat və saniyəsinədək mətnlərin ilkin mənbəsi haqda məlumat almaq olar. Hətta bu proqramlarda mətnin neçə faizinə istinad edildiyi də əksini tapır”. 

V.Mahirqızı bildirir ki, istinad mədəniyyətinin formalaşmasında ictimai qınaq da çox vacib amildir: 

"Necə ki, reket, fırıldaqçı "jurnalist”i işə götürmürük, eyni ilə də, başqa həmkarın materialını oğurlayan jurnalistləri adbaad tanıtmalı və işə götürməməliyik. Lakin burada bir məsələ də var. Biz yalnız jurnalistləri bu məsələdə təqsirləndirə bilmərik. Blirsiz ki, bu kimi halların baş verməsində redaktorların da rolu var. Əlimdə konkret faktlar var. Ayrı-ayrı media qurumlarında çalışan müxbirlər özləri də etiraf ediblər ki, redaktorların təzyiqləri ilə işlədikləri media orqanlarında xəbərləri istinadsız yayımlayıblar. Müxbir deyir ki, mən xəbərin içində istinad vermişdim, lakin baş redaktor gəlib dedi ki, bir saytda bu qədər APA-ya istinad gedə bilməz, pozun istinadları. Bir qurumun rəhbəri əməkdaşından özünün informasiya istehsal etməsini tələb edə bilər ki, digər qurumların materiallarına bu qədər yer ayrılmasın. Verilmiş informasiyadan mənbənin çıxarılması isə biabırçılıqdır. Bəzən texniki səhv ucbatından, jurnalist məsuliyyətsizliyindən də bu cür problemlər yaranır. Əgər hansısa materiala istinad getməyibsə, əlaqə saxlanılaraq bildirilir ki, xəbərə istinad verin. Bu xəbərdarlığa da məhəl qoyulmaması o deməkdir ki, həmin qurumun rəhbərliyinin siyasəti belədir. Bizim media qurumumuz gün ərzində təxminən minədək material yayımlayır. Bu qədər materialın monitorinqini təşkil etmək mənim imkanım xaricindədir. Hansısa qurumdan zəng etdikdə ki, bizə istinad verilməyib, saytın kiçik və böyüklüyündən, tanınıb, tanınmamasından asılı olmayaraq istinadı bərpa edirəm. İlkin mənbəyə istinad həm də jurnalistin sığortasıdır. Nə vaxtsa həmin materialla əlaqədar müraciət daxil olduqda rahatlıqla bildirirsən ki, mən ilkin mənbə deyiləm. İnformasiyaya istinad edilməsi peşəkarlığın əlifbasıdır”.

V.Mahirqızı xüsusən radio və televiziyalar tərəfindən onların əməyinə hörmətsiz yanaşıldığını bildirib: 

"İstinad mövzusunda saytlardan daha çox radio və televiziyalardan şikayətliyəm. Xüsusən də radiolarda xəbərlər istinadsız yayımlanır. Bu sırada "ASAN RADİO” və "Antenn FM” istisnadır. Nəzər yetirsəz görərsiz ki, digər radioların heç bir özəl xəbəri yoxdur. Onlar yalnız agentlik və saytların materiallarını oğurlamaqla məşğuldurlar. Telekanallar arasında isə istinad verməyə görə "REAL TV” fərqlənir. İlk onluqda olan saytlar demək olar ki, bizə istinad edirlər”.
Maraqlıdır, saytlar, radio və televiziyalar tərəfindən istinad mədəniyyətinin pozulmasının səbəbi nədir.

 V.Mahirqızı bildirib ki, həmin sayt rəhbərləri də "gördükləri” işləri kimlərəsə nümayiş etdirmək üçün materialları özünükü kimi təqdim edirlər:
"Yəqin ki, redaktorlar iş gördüklərini kimlərəsə nümayiş etdirmək istəyirlər. Lakin onu da düşünmək lazımdır ki, həmin şəxslər də xəbər oxuyur, eyni xəbərin 10 dəqiqə əvvəl APA-da yayımlandığını görə bilir”. 

V.Mahirqızının sözlərinə görə bəzi hallarda jurnalist işləmək istəmədiyi üçün başqa saytın materialını özünükü kimi təqdim edir.

Dünya təcrübəsindən danışan V.Mahirqızı maraqlı bir nüansa toxunub. Həmsöhbətimiz bildirib ki, Azərbaycandan fərqli olaraq digər ölkələrdə yalnız xəbər agentliklərinin materiallarını digər saytlarda yayımlamaq mümkündür: 

"Dünya praktikasına nəzər yetirdikdə görə bilərsiz ki, yalnız xəbər agentliklərinin materiallarını götürərək onlara istinad edilir. Bir saytın digər bir saytdan xəbər, material götürməsi qəbuledilməzdir. Bizdə isə vəziyyət tamamilə bərbaddır. Azərbaycanda bir sayt digərinin köşə yazısını da yayır. Bir saytın özəl xəbərindən digər sayt istifadə etməməlidir. Öncələr "Doğan Holdinq”ə məxsus olan "Hürriyət” və "Milliyət” qəzetində iki media qurumundan birinin materialının digərində yayımlandığını görə bilməzdiz. Bir saytın müxbirinin kiminləsə özəl müsahibə təşkil etməsində əsas marağı odur ki, hər kəs bu yazını məhz onun media qurumundan oxuyub əldə etsin. Sayt oxucu yığmaq üçün bu cür addım atır. Siz mənimlə müsahibə təşkil etmək üçün səhər tezdən zəng edirsiz, müsahibə üçün vaxt təyin edirsiz, daha sonra müsahibəni kompüterdə yığırsınız və nəhayət sayta ötürürsünüz. Bu qədər əziyyətinizin qarşılığında 2 dəqiqə sonra digər sayt "copy+paste” edərək materialı yayımlayır. Bununla da həmin sayt sizin media qurumunuza gələcək oxucu axınının qarşısını almış olur. İnformasiya agentliklərinin xəbərlərindən iki halda istifadə olunur: Çox böyük məbləğdə pul verildikdə, xəbər və görüntüləri alındıqda özəl xəbər kimi istifadə olunur. Yəni, bu zaman informasiya agentliyinə mənbə olaraq isitinad edilmir”.

Saytın özəl materialının digər media qurumu tərəfindən yayımlanmamasının bir sıra üstünlükləri var. Oxucu üçün maraqlı olan saytlar özünə abunəçi yığa biləcək ki, bu da illik büdcənin formalaşmasına təsir edəcək:

" "Anadolu”, yaxud da "Doğan” xəbər agentliyinin abunəçiləri ildə 200 min dollaradək pul ödəyir. Çünki bu agentlik oxucularına özəl xəbər verir. Biz isə məcburuq ki, bütün xəbərləri açıq qoyaq və qıtlıq yaranmasın. Əgər media bunu heç bir pul qarşılığında  götürmürsə, bu zaman istinad etməyə məcburdur. İki kriteriya müəyyənləşməlidir: sayt və qəzetlərin bir-birindən material götürməsi yığışdırılmalıdır. Çünki bu etika baxımdan düzgün addım deyil. Digər nüans ondan ibarətdir ki, materiallar yalnız informasiya agentliklərindən götürülməlidir və onlara da istinad edilməlidir. Bu məsələnin tənzimlənməsində MTRŞ və MŞ birgə çalışmalıdır”.

Müvafiq İcra Hakimiyyəti Orqanları tərəfindən hansı addımlar atılır?

Müəllif Hüquqları Agentliyinin 2017-ci ilə dair hesabatında qeyd olunur ki, göstərilən müddətdə 1400-dən artıq müraciət və sorğular operativ şəkildə cavablandırılıb. Agentliyin məlumatında bəzi dövlət qurumlarının rəsmi internet saytlarının sürətlərinin yaradılması ilə bağlı müraciətlərə də baxılıb. Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi Agentliyə müraciət edərək, Xidmət tərəfindən 2008-ci ildə yaradılan və həmin ilin oktyabr ayından fəaliyyət göstərən www.migration.gov.az rəsmi internet saytının surətinin www.azerbaijan-migration.com ünvanı ilə qanunsuz istifadədə olduğu bildirilib.
Qeyri-qanuni istifadə edildiyi üçün www.azerbaijan-migration.com veb-saytının fəaliyyətinin dayandırılıb.

"İnterfaks-Azərbaycan İnformasiya Agentliyi” MMC-nin rəhbərliyi Agentliyə ərizə ilə müraciət edərək, "İnterfaks” Xəbər Agentliyinin qeyri-qanuni olaraq http://interfaks.info veb-saytı vasitəsi ilə onlara məxsus olan "İnterfax-Azərbaycan”nın loqotipindən, onun rəngindən (yaşıl) və baş səhifəsinin ümumi görünüşünün elementlərindən istifadə edildiyini və hüquqlarının pozulduğunu bildirib.

Araşdırmanın nəticəsi olaraq Agentlik tərəfindən "İnterfaks” Xəbər Agentliyinə etdiyi hərəkətlərin qanunsuz olduğu və qeyri-qanuni əldə edilmiş loqotiplə fəaliyyət göstərən saytın bağlanılması barədə elektron poçt vasitəsilə məktub göndərilib. "İnterfaks” Xəbər Agentliyi Müəllif Hüquqları Agentliyinin məktubunu aldıqdan onra saytın fəaliyyəti dayandırılıb.


copyrights.az adlı domenin də bu səbəbdən fəaliyyəti dayandırılıb. Həmçinin veb-saytın web@copyrights.az elektron ünvanının da fəaliyyəti dayandırılıb.
Dünya İqtisadi Forumunun 2017-2018-ci illər Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabatı təhlil edilib. Bu hesabata görə Azərbaycan əvvəlki illərlə müqayisədə öz mövqeyini daha da möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlib.

"Təsisatlar” bölməsində "Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yer tutur. Bu göstərici üzrə Azərbaycan MDB ölkələri arasında 1-ci yeri tutur. "Əqli mülkiyyətin qorunması” ilə bağlı olan "İnnovasiyalar” mövqeyi üzrə də Azərbaycan 33-cü yeri tutur və MDB ölkələri arasında lider dövlətdir.

Dünya İqtisadi Forumunun 2017-2018-ci illər Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabatına görə Azərbaycan öncəki illərlə müqayisədə öz mövqeyini daha da möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlib. "Təsisatlar” bölməsində "Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yer tutur. Bu göstərici üzrə Azərbaycan MDB ölkələri arasında 1-ci yeri tutur. "Əqli mülkiyyətin qorunması” ilə bağlı olan "İnnovasiyalar” mövqeyi üzrə də Azərbaycan 33-cü yeri tutur və MDB ölkələri arasında lider dövlətdir.

Ötən ildə "Müəllif Hüquqları Agentliyi” tərəfindən KİV-də 270-dən çox informasiya, maarfləndirici və təbliğat xarakterli material dərc olunub, TV və radio kanallarında çoxsaylı veriliş və süjetlər göstərilib. 2017-ci ildə Agentliyin saxlanması üçün dövlət büdcəsində 629177 manat vəsait nəzərdə tutulub. 1996-2017-ci illərdə qeydiyyatdan keçirilmiş əsərlərin ümumi faizində multimedia əsərləri – 0,78%  təşkil edib.


Nigar Məhərrəm
Sfera.az
 
Bu yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında "Mediada müəllif hüquqları:rəqəmsal mediada müəllif hüquqlarını necə qorumalı ”mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsinə təqdim edilir.

DİGƏR XƏBƏRLƏR


---