İmtahanlar ödənişli olacaq - Məleykə Abbaszadə açıqladı

İmtahanlar ödənişli olacaq - Məleykə Abbaszadə açıqladı

Azərbaycanda bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət ediləcək. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirdi ki, müraciətdə komissiya tərəfindən aparılan araşdırmaların nəticəsi və bu məsələ ilə bağlı təkliflər təqdim olunacaq. Şura sədrinin sözlərinə görə, imtahanların pullu olması iştirakçıların sayına təsir göstərməyəcək. Sosial ədalət nəzərə alınmaqla ayrı-ayrı qiymətlər olacaq. İmtahanın növlərindən asılı olaraq imtahanların ödənişi də fərqlənəcək. Yeri gəlmişkən, TQDK yalnız bu ilin sonundək dövlət tərəfindən maliyyələşdiriləcək. Gələn il yanvarın 1-dən etibarən qurum öz hesabına fəaliyyət göstərəcək. Dövlət tərəfindən 1 milyon manat ayırılacaq ki, bununla da Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq.

Şura sədri bildirdi ki, yalnız IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq. 1 nəfərin isə imtahan verməsi 25 manata başa gəlir.

İmtahanlardan söz düşmüşkən bu il ali məktəblərə qəbul olmaq üçün 41 min 965 yer təqdim olunub. Dövlət sifarişli yerlərin sayı isə artaraq  12 min 221 olub. 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələri üzrə 6940 yer ayrılıb.

2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçid balları da açıqlanıb. I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

ATV Xəbər.


OXŞAR XƏBƏRLƏR