İmişli yol polisindən şikayət-\"Məni döyürlər\"

İmişli yol polisindən şikayət-\

"Yanvarın 12-si, axşam saatlarında 18 yaşlı dostum Vüsal yanıma gəldi. Mənimlə təzə həyət evinə köçmüş əmisigilə bir yerdə getməyi xahiş etdi, razılaşdım. 
Vüsal əmisinin evinin dəqiq yerini tanımadığına görə əvvəlcə həmin məhəllədə 1-ci evin qapısını döyüb əmisigilin evini soruşdu. 
Dedilər, bura deyil. Vüsal ikinci evin qapısını döydü, xeyli vaxt açan olmadı. Bir neçə dəqiqə keçməmiş YPX-nin 99YP 551 nömrəli avtomobili gəldi. 
Sonradan adlarını öyrəndiyim Təyyar Poladov və Elvin düşüb gəldilər, "siz burda nə gəzirsiniz” deyib məni başımdan vurdular”. 

Bu sözləri şikayət məktubunda İmişli rayonu, Həzi Aslanov küçəsi, ev 51 ünvanda yaşayan İbrahimov Xalid Mehti oğlu yazıb. 

O, İmişli Rayon Yol Polis Şöbəsinin rəisi Aydın Ağayev, müavini İlqar Süleymanov, YPX əməkdaşları - Poladov Təyyar, Elvindən şikayətçidir. 

X.İbrahimov qeyd edib ki, əmisigilən gələn dostu Vüsal dərhal qorxub qaçmağa başlayıb: "YPX işçiləri məni döyməyə başladılar. Təyyar 8 dəfə möhkəm yumruqla başıma-başıma zərbələr vururdu. 

Onun işçisi Elvin isə məni yerə yıxıb, var gücü ilə bədənimi təpikləyirdi. Zərbələrdən başımda şiddətli ağrılar başladı. Mən özümü itirmişdim. Sonra YPX polisləri Post Patrul Xidmətinə aid 2 avtomobil çağırdılar. Və məni Polis İdarəsinə gətirdilər”. 

Rayon sakini bildirib ki, onu rəis Aydın Ağayevin otağına aparıblar: "Aydın mənə dedi ki, bilirsənmi səni bura niyə gətiriblər? 

Dedim ki, sənin işçilərin məni nahaqdan döyüblər. Bu zaman Aydın kreslosundan qalxıb yanıma gəldi və "döyüləsi adamı döyərlər deyib” var gücüilə sifətimə sillə vurdu. 

Dedi ki, "sən hələ bizim əlimizdən belə qurtarmağına şükür et. Hələ sənin başına başqa oyunlar da aça bilərik”. Sonra işçiləri olan Təyyara, Elvinə və digər çavuşlara göstəriş verdi ki, bunun işini "aformit” edin və atın içəri. Məni növbətçi hissəyə apardılar və səhərə kimi saxladılar. 

Səhər Polis İdarəsinin rəis müavini İlqar Süleymanov dedi ki, əgər bizdən şikayət etsən, səni yükləyib "srok”a göndərərəm. Səhər valideynlərim və qardaşım Elşad yanıma gəlmişdilər. 
İlqar Süleymanov ona da xəbərdar etdi ki, "sənin yazdığın şikayətləri burda götürməyiblər. Zəng etdiyin 102 xidməti kimdir ki, mənə nə etsin? Ağlınızı başınıza toplayın”.

X.İbrahimovun yazdığına görə, valideynlərinin yanında onlara nalayiq sözlər deyiblər: "Səhər məni məhkəməyə apardılar. Hakim məni polisə müqavimət adı ilə 50 manat cərimələdi. Aldğım zərbələrdən polis idarəsində və məhkəmədə özümü çox pis hiss edirdim. 

Elşad qardaşım 2 gün çalışdı ki, mənim qəddarcasına YPX polisləri tərəfindən döyülməm barədə Polis İdarəsinin rəisinə yazdığım ərizəni qəbul etsinlər. Amma qəbul etmədilər. 

O zaman 15 yanvarda rayon prokurorluğuna şikayət ərizəsini verdik. Prokurorluqda həkim çağırdılar. Ekspert məni tam soyundurub müayinə etdilər. İşgəncə yerlərinin (bədənimdəki izlərin və boynumun arxasındakı şramların) fotosunu çəkdilər. 

Göz həkimi də təsdiq etdi ki, zərbələrin təsirindən görmə qabiliyyəti zəifləyib, göz ciddi zədələnib və damar qaçıb, çəplik yaranıb. 

Başımda olan ağrıları isə Bakıda müayinə etməyi tapşırdılar. Lakin çox təəssüflər olsun ki, ekspert kağızı, rəyi, fotoşəkillər prokurorluqda qalsa da, bugünədək heç bir reaksiya yoxdur”.

Şikayətçi Daxili İşlər Naziri Ramil Usubovdan kömək gözləyir: "Polisin mənə qarşı qeyri-insani rəftarından hiddətlənən yaxın ərazilərdə yaşayan bütün qohum-qardaşlarım ailəmizə gəlib bu vəhşiliyə son qoyulması üçün etiraz etmək istədiklərini bildirdilər. Mən və valideynlərim onlardan xahiş etdik ki, qoy biz dövlətin rəhbərinə, nazir Ramil Usubova, baş prokurora əvvəlcə şikayət edək. 

Ümid edək ki, polislərin qeyri-insani hərəkətlərinə tez zamanda hüquqi qiymət veriləcək. Şikayətimiz nəticəsiz qalsa qoy o zaman bu hadisədən hiddətlənən insanlarımız rayondakı polis özbaşınalığına qarşı etiraz keçirsinlər.

Xahiş edirəm mənim bir sadə insan kimi hüquqlarımın qorunmasına, mənə qarşı qeyri-insani hərəkətlər etmiş, ailəmin yanında ailəsinə layiq söyüşlərlə təhqir etmiş və nəticədə mənə ağır bədən xəsarətləri yetirmiş polislərin qanunazidd hərəkətlərinə hüquqi qiymətin verilməsi üçün göstəriş verəsiniz. Allah mənə də, Sizə də kömək olsun”.

Onu da deyək ki, vətəndaş öz mobil nömrəsini də (050-316 87 46) yazıb və köməklik göstərilməsini xahiş edib. Yazı yayıma hazırlanarkən gecə saatları olduğu üçün rəsmi mövqe öyrənmək imkanı olmadı. (politika.az)
 



OXŞAR XƏBƏRLƏR