İlham Əliyev və xanımı 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimində iştirak edib

İlham Əliyev və xanımı 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimində iştirak edib

Bakıda, Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilir.

 

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Ümumdünya Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyümjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

 

Əvvəlcə Azərbaycan Respublikasının və Ümumdünya Şahmat Federasiyasının himnləri səsləndi.

Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı videoçarx nümayiş etdirildi.

Şahmat Olimpiadası hazırda 150-dən çox ölkəni, 3 minədək idmançını və rəsmiləri əhatə edən əsas idman yarışlarından biridir. FİDE 1927-ci ildə Londonda birinci rəsmi Olimpiadanı ("Olimpiada” adı yalnız 1952-ci ildə təsdiqlənib) təşkil edib. Bundan sonra olimpiadalar İkinci Dünya müharibəsinə qədər bəzən hər il, bəzən isə qeyri-müntəzəm intervallarla keçirilib. Şahmat Olimpiadası tarixində 1939-cu ildən 1950-ci ilədək uzun fasilə olub. 1950-ci ildən isə olimpiadalar mütəmadi olaraq, hər iki ildən bir keçirilməyə başlayıb. 1927-ci ildən indiyədək 41 Ümumdünya Şahmat Olimpiadası təşkil olunub.

 

Bakının ev sahibliyi etdiyi 42-ci Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşəcək. Bu mötəbər yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.

 

Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir.

 

Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandada Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova yer alırlar. Üçüncü komandanın heyətində isə ölkəmizi Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova təmsil edirlər.

 

Kişilərin yarışında ən yüksək reytinq Rusiya millisinə məxsusdur. Bu komandanın əmsalı 2760-a bərabərdir. ABŞ (2740) ikinci, Çin (2735) üçüncüdür. Azərbaycanın birinci komandası isə 2705 xalla dördüncü yeri tutur.

Qadınların turnirində isə reytinqə görə lider Çin millisidir – 2528 xal. İkinci pilləni Rusiya (2493), üçüncü yeri isə Ukrayna (2485) tutur. Azərbaycanın birinci komandası 2320 reytinq xalına malikdir.

 

Şahmat Olimpiadasının Azərbaycanda yüksək səviyyədə təşkili ilə əlaqədar Prezident İlham Əliyevin 2013-cü il fevralın 14-də imzaladığı Sərəncama əsasən yaradılan Təşkilat Komitəsi yarışlara hazırlıq işlərini uğurla həyata keçirib. Aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində "Baku Crystal Hall” bu mötəbər yarış üçün ideal vəziyyətə gətirilib. İdmançıların və nümayəndə heyətlərinin ölkəmizə rahat gəlişi üçün dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən sadələşdirilmiş viza rejimi tətbiq olunub. İdmançıların təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlər görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib.

 

Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib. Olimpiadanın keçirildiyi günlərdə Bakı həm də FİDE-nin növbəti konqresinə ev sahibliyi edəcək. Həmin konqresdə 183 ölkə təmsil olunacaq.

 

Mötəbər yarışın idarə olunmasında Azərbaycandan 30 hakim iştirak edəcək.

İlk tura sentyabrın 2-də saat 15:00-da start veriləcək. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq.





OXŞAR XƏBƏRLƏR

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...