İlham Əliyev: \"Qlobal Bakı Forumunun mövzuları bütün bəşəriyyət üçün vacibdir\" - YENİLƏNİB - FOTO

İlham Əliyev: \

Martın 10-da Azərbaycanın paytaxtında "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı olub.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları Forumun rəsmi açılışında iştirak ediblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilir. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.

Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açaraq dedi:

-Burada bu möhtəşəm tədbirin açılışında iştirak etmək mənim üçün böyük şərəfdir. Bizim IV Qlobal Bakı Forumu üçün müstəsna proqramımız var. XX əsrin sonunda üstünlük təşkil edən ənənəvi iqtisadi baxışlar XXI əsrin əvvəlindən başlayaraq bir sıra təhdidlərə məruz qalıb. Qərbin siyasi və iqtisadi baxışlarının təkəbbürü sərhəd tanımırdı, bu da Sovet İttifaqının süqutundan sonra və Çinin yüksəlişinə artıq göz yummaq mümkün olmazdan əvvəl bəzilərini tarixin sonu gəlməsi barədə, digərlərini isə yeni birqütblü dünya barədə danışmağa sövq edirdi. Buna baxmayaraq, yeni əsrin onilliyi ərzində bu mənzərə əsaslı şəkildə dəyişdi. 2008-ci ildə Qərbin maliyyə bazarlarının çökməsi, bunun ardınca bir sıra üzv ölkələrin, əsasən də Yunanıstanın borcu ilə bağlı avrozonadakı böhran göstərdi ki, qlobal bazarların fəaliyyətində dərin nöqsanlar var. İnsanlar unutdular ki, bazar yaxşı xidmətçi, lakin pis sahibdir və o, qayğıkeş dövlətin müşayiəti altında olmalıdır.

Eyni zamanda, ekoloji vəziyyətin pisləşməsi ilə bağlı mürəkkəb çağırış bütün dünya ölkələri tərəfindən daha yaxşı başa düşülməyə başladı və 2015-ci ilin sonlarında dünya liderləri BMT-də yeni davamlı inkişaf məqsədlərini qəbul etdilər. İlin sonunda Parisdə iqlim dəyişikliyi ilə bağlı ümidverici razılaşma imzaladılar. Elm və texnologiya sahəsində İKT inqilabı tam gücü ilə davam edərək yeni imkan və yeni çağırışlara yol açdı, eyni zamanda, qlobal səviyyədə yeni bioloji elmlər də sürətli və iri addımlar atmağa başladı.

Siyasi cəhətdən əsasən 1990-cı illəri əhatə edən birqütblü perspektiv yeni, birgə çoxqütblü perspektivlə əvəzlənərək daha çox ölkə arasında məşvərətçi qüvvələri genişləndirmək və G7 və ya G8 formulunu artırmaqla G20-nin yaranmasının əsasını qoydu. Sonra qlobal terrorizmin vüsət alması bütün hökumətlər üçün yeni çağırış yaratdı. İlkin olaraq Nyu-Yorkda 11 sentyabr dəhşətləri ilə başlayan terrorizm beynəlxalq miqyasda öz simasını tapmağa başladı.

Terrorizmin daha konkret təzahürü "Ərəb baharı" inqilablarının iflası ilə başladı. Biz Yaxın Şərq və Şimali Afrikada iflasa uğramış dövlətlərin meydana gəlməsinin, vətəndaş müharibələrinin şahidi olduq. Suriya, İraq, Yəmən, Somali, Sudan, Liviya, Sinay və Afrika Səhrası kimi uzaq yerlərdə sözlə ifadə edilə bilməyən dəhşətlər törədildi. "Əl-Qaidə" və "İŞİD" terrorçuları islam uğrunda qəddar təşviqata başladıqlarına görə, həm əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdə, həm də Qərbin özündə və İslamın ikinci din olduğu Qərbi Avropa ölkələrində Qərb və müsəlman icmaları arasında artmaqda olan uçurum yaranır. Buna görə də məsələlər təkcə siyasi, iqtisadi, hərbi deyil, həm də mədəni, sosial, dini, kimliyimiz və əvvəlki əsrlərdən bizə miras qalmış bir çox paradiqmaların yenidən nəzərdən keçirilməsinə səhnə olan ümumi bəşəriyyətimiz üçün ciddi çətinlik törədir.

Beləliklə, buna görə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumu bizim çoxqütblü dünyaya doğru irəliləyib-irəliləməməyimiz və nə dərəcədə yaxşı irəliləməyimizlə bağlı məsələlərin araşdırılmasına həsr olunub. Çoxqütblü dünya əməkdaşlığın genişləndirilməsi üçün çoxlu imkanlar təklif edə, həlli çətin olan bütün problemlərə yeni baxış gətirə bilər. Biz İtaliya və başqa yerlərdə keçirilmiş görüşlər ilə IV Qlobal Bakı Forumuna hazırlaşarkən yadlaşmanın aradan qaldırılması, plüralizmin təbliği və icmalar arasında körpülərin qurulmasında dinlərarası dialoqun roluna nəzər saldıq. Bu gün biz dünya nizamına nəzər salacağıq. Bu gün bizdən xüsusi diqqət tələb edən bəzi əsas elementləri müəyyənləşdirməyə çalışacağıq. Bir çoxları razılaşar ki, Suriyadakı fəlakət müxtəlif miqyasda çağırışlara səbəb olur və qlobal səviyyədə reaksiya tələb edir. Bu səbəbdən də Suriyaya xüsusi sessiya həsr olunacaq. Sonda, biz onu da bilirik ki, dünya iqtisadiyyatı, açıq və bərabərhüquqlu cəmiyyətlərin hökumətləri, habelə gender əsaslı və insanlar üzərində qurulmuş qanunlar bizim diqqətimizi cəlb edəcək. Plüralizm və müxtəliflik, həmçinin insan haqlarına dərin hörmət bizim cəmiyyətlərimizin strukturuna əlavə olunmalıdır. Qadın hüquqları həm qadınların, həm də insan hüquqlarıdır.

Gələcəyin qadınlarını gücləndirərkən biz dünənin insanını yenidən hazırlamalıyıq. Hər şeydən əvvəl biz gənclərə qulaq asmaq üçün proqramımızda yer ayırmışıq. Çünki bizim qurulmasına yardım etməyə çalışdığımız dünya onlarındır. Sonda lazımi diqqət və dərin düşüncə tələb edən bir neçə əlavə problem var. Birincisi odur ki, Avropa və ABŞ-dakı kimi yaxşı təşkil olunmuş demokratiyalarda ictimaiyyət ölkələrindəki siyasi proseslərdən və gördükləri kimi fəaliyyət göstərən demokratiya maşınından ciddi şəkildə uzaqlaşır. Bir çox ölkələrdə ekstremist populist siyasətçilər qurulmuş sistemə qarşı çıxır.

İkincisi, İKT inqilabı gəncləri əlçatan edir, bu vəziyyət əvvəlkindən tamamilə fərqlənir. Ekstremizm və zorakılıq məqsədləri üçün gənclərin cəlb olunmasını təmin edən yeni vasitələrə göz yummaq olmaz.

Üçüncüsü, demokratik təhlükəsizliklə bağlı artmaqda olan problem mövcuddur. Biz terrorizmlə üzləşdikcə vətəndaşlarımızı qorumalıyıq, bu, bütün vətəndaşların başlıca insan hüququdur. Lakin, eyni zamanda, biz əmin olmaq istəyirik ki, bu, demokratiyanın təmin etdiyi insan haqları və azadlıqları bahasına başa gəlmir. Bu, həqiqətən də bizim iki gün ərzində nəzərdən keçirməli olduğumuz çox zəngin proqramdır.

İndi isə zati-aliləri, xanımlar və cənablar, böyük məmnuniyyət və şərəflə ev sahibimizə, Prezidentimiz İlham Əliyevə söz vermək istəyirəm.

X X X

Dövlətimizin başçısı rəsmi açılışda nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Əvvəlcə hamınıza Azərbaycana "Xoş gəlmisiniz" deyirəm, sizi yenidən görməyimə çox şadam. Eyni zamanda, şadam ki, Bakı Qlobal Forumu yaxşı ənənəyə çevrilir.

İlk öncə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Şurasına və həmsədrlər xanım Vayra Vike-Freyberqaya və cənab İsmail Serageldinə təşəkkürümü bildirmək istərdim ki, onların böyük töhfəsi sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa bir zamanda dünya miqyaslı beynəlxalq təsisata çevrilib.

Bu gün biz beynəlxalq gündəlikdə duran geniş məsələləri müzakirə edəcəyik. Əlbəttə, müzakirələrin mövzuları hamımız, bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir. Lakin əminəm ki, Forumda iştirak edən qonaqlar öz dəyərli fikir və ideyaları ilə dünyada sülh, təhlükəsizlik və proqnozlaşdırıla bilmə naminə bu işə töhfələrini verəcəklər. Hər bir beynəlxalq forum, onun səviyyəsi əsas etibarilə tədbir iştirakçılarının səviyyəsindən asılıdır. Burada, qonaqlarımız arasında 50-dən artıq hazırkı və sabiq dövlət və hökumət başçıları, görkəmli siyasətçilər, ictimai xadimlər və mütəxəssislər vardır. Bu isə bizim bu gün və sabah aparacağımız müzakirələrin səviyyəsini nümayiş etdirir.

Sonuncu dəfə ötən ilin yazında görüşümüzdən bu günədək dünyada vəziyyət dəyişmişdir. Hamımız bunun şahidiyik və təəssüf ki, dəyişikliklər müsbət məcrada olmamışdır. Dünya daha da sakit və təhlükəsiz olması əvəzinə, daha da təhlükəli olmuşdur. Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişmişdir. Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı, yeni münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır. Bu səbəbdən hesab edirəm ki, dövlət və hökumət başçıları, siyasətçilər olaraq biz gərginliyin azaldılması üçün rolumuzu oynamalıyıq. Çalışmalıyıq ki, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət üçün zəmin yaransın. Əks təqdirdə, gələcəkdə vəziyyət pisləşməkdə davam edəcək.

Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət, qaçqın böhranı - bunlar son illərin reallıqlarıdır. Odur ki, IV Qlobal Bakı Forumunun əsas məqsədlərindən biri bu məsələlərin müzakirəsidir və xüsusilə də iştirakçıların səviyyəsi, onların beynəlxalq məsələlərə töhfələri, təcrübə və biliklərini nəzərə alsaq, bunların hamısı yaranmış vəziyyətdən çıxış yolunun tapılmasına yardım edə bilər.

Düşünürəm ki, hamımız vahid məqsəd - əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik və sülhün təşviqi ətrafında birləşmişik. Çünki biz bir-birimizlə bağlıyıq. Bəzən adama elə gələ bilər ki, televiziya vasitəsilə izlədiyimiz qorxulu hadisələr yad bir planetdə baş verir. Lakin reallıqda bu, qonşuluqda baş verir və qaçqın böhranı nümayiş etdirdi ki, biz bir-birimizlə əlaqəliyik. Hər bir əməl, addım və ya digər dövlətlərin daxili işlərinə müdaxilə mütləq həmin müdaxiləni edənlər üçün çətinliklər yaradacaqdır.

Hesab edirəm ki, bugünkü reallıqların ibrət dərsi məhz budur. Biz bir-birimizə ehtiram nümayiş etdirməli, seçimə, ərazi bütövlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq. Bunların hamısı təmasda olmaq üçün zəruridir. Çünki əsas məqsədimiz gərginliyin və mövcud təhlükələrin azaldılmasıdır.

Bu il Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Bu illərdə, xüsusilə müstəqilliyin ilk illərində biz vətəndaş müharibəsi, humanitar böhran, işğal, təcavüz, iqtisadi çətinliklər və deyərdim, iqtisadi iflasdan əziyyət çəkmişik. Azərbaycan terror hücumlarının hədəfinə çevrilmişdir. 1990-cı illərin əvvəlində erməni terror təşkilatları dəfələrlə mülki vətəndaşlara qarşı terror aktları törətmişlər. Bu gün təəssüf ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə həll olunmamış qalır.

Müstəqillik illərində ölkəmizin böyük uğurlara nail olaraq, müasir, sabit, proqnozlaşdırıla bilən, özünü təmin edən dövlətə çevrilməsinə baxmayaraq, bu münaqişə öz həllini tapmalıdır. Onun üçün həll olunmalıdır ki, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün evlərinə qayıtsın, zorakılığa son qoyulsun və regionumuzda sülh bərqərar olunsun. Belə olmadığı halda bütün ölkələr əziyyət çəkəcəkdir. Azərbaycanın tarixi və hüquqi ərazilərini işğal edən Ermənistan bundan bəhrələnə bilməmişdir. İqtisadi çətinliklər, təcridolunma, miqrasiya və yoxsulluq həmin təcavüzün və işğalın nəticəsidir.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi bir parçasıdır. Bütün beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, bizə qarşı etnik təmizləmə aparılmışdır. Ərazimizin 20 faizinin işğalı hələ də davam etməkdədir. Beynəlxalq təşkilatlar, xüsusilə də BMT və onun Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul etmişdir. Təəssüf ki, bu qətnamələr həyata keçirilməmişdir.

Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mexanizmi məsələsi xüsusi mövzu kimi müzakirə edilməlidir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir. Bu, siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür.

Bu gün danışıqlar prosesi davam edir və burada hər hansı bir uğur yoxdur. Bunun başlıca səbəbi isə Ermənistanın sülh istəməməsidir. Onlar işğal edilmiş ərazilərin özlərinin qeyri-qanuni nəzarətində saxlanılmasını və status-kvonun dəyişməz olaraq qalmasını istəyirlər. Bu isə mümkünsüzdür - status-kvo dəyişməlidir. Danışıqlar prosesində həmsədrlik edən üç ölkə - Təhlükəsizlik Şurasının daimi üzvü olan üç dövlət dəfələrlə çıxış edərək status-kvonun qəbuledilməz və dəyişməli olduğunu bəyan etmişdir. Buna nail olmaq üçün Ermənistan işğal edilmiş əraziləri tərk etməli və işğala son qoymalıdır. XXI əsrdə hər bir nöqteyi-nəzərdən, istər siyasi, istər hüquqi, istərsə də humanitar baxımdan qonşu dövlətin ərazisinin işğalı və danışıqlar prosesinin əngəllənməsi tamamilə anormal haldır.

Hesab edirəm ki, münaqişənin həlli üçün ilk olaraq Azərbaycan daha da qüdrətli olmalıdır və proses davam edir. İkincisi isə beynəlxalq ictimaiyyət, xüsusilə də bu münaqişə ilə məşğul olmaq mandatına sahib dövlətlər siyasi iradə nümayiş etdirməli və təcavüzkarı işğala son qoymağa məcbur etməlidirlər. Necə ki, biz bunu dünyanın bir çox yerlərində görürük - təcavüzkar dayandırılır, cəzalandırılır, sanksiyalara məruz qalır və işğala son qoyulur.

İşğal edilmiş ərazilərimizdə hər şey darmadağın edilmişdir. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərmişdir və hər iki halda onların hesabatları real vəziyyəti əks etdirmişdir. Bu, bizə də məlumdur. Bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız dağıdılmışdır. Bu gün biz tez-tez televiziya kanallarında Yaxın Şərqdə tarixi abidələrin məhv edilməsi ilə bağlı reportajlar izləyirik. İyirmi il bundan öncə eyni hadisələr Azərbaycanın işğal edilmiş ərazilərində baş vermişdir. Fərq ondan ibarətdir ki, o zaman beynəlxalq ictimaiyyət və media bu mövzuya o qədər də əhəmiyyət verməmiş, bəlkə də həmin məlumatlara çıxış əldə edə bilməmişdir. Ancaq mahiyyət dəyişmir - eyni məsələ və eyni yanaşma. Bu isə regionun sülh və təhlükəsizliyi baxımından çox qorxulu məsələdir. Çünki təcavüzkar cəzalandırılmadığı halda o, yeni bir ssenari planlaşdıracaq.

1990-cı illərin əvvəlində üzləşdiyimiz bu vəziyyətə və humanitar böhrana baxmayaraq, Azərbaycan uğurla inkişaf etmişdir. Yeri gəlmişkən deyim ki, həmin vaxt adambaşına düşən qaçqın sayına görə ən yüksək göstərici bizdə idi - 1 milyondan artıq insan doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O zaman bizim əhalimizin sayı təqribən 8 milyona bərabər idi. Yəni, biz humanitar böhranın öhdəsindən gəlməyi bacaran ölkəyik.

O vaxtkı Azərbaycan bugünkü Azərbaycandan fərqli idi. Yoxsul, müstəqilliyini yeni bərpa etmiş, iqtisadiyyatı bərbad vəziyyətdə və sənayesi dağılmış olan ölkənin gələcək ilə bağlı perspektivləri yox vəziyyətində idi. Əsas məqsədimiz dövlətimizi qurmaq, güclü iqtisadiyyat yaratmaq, ölkəni xarici sərmayələr üçün açmaq və dünyanın bazar iqtisadiyyatı sisteminin tərkib hissəsinə çevrilməkdən ibarət idi.

Biz buna nail ola bildik. Bu gün ölkə sabitdir və biz islahatları davam etdiririk. Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. Bütün fundamental azadlıqlar təmin edilir - söz azadlığı, toplaşma azadlığı, dini azadlıq, media azadlığı. Bizdə azad internet mövcuddur. Son iyirmi ildir ki, senzura ləğv olunub və vətəndaşlarımızın 70 faizdən çoxu internet istifadəçisidir. Siyasi azadlıqlar iqtisadi islahatlarla dəstəklənir.

2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olmuşdur. Biz işsizlik və yoxsulluğu kəskin şəkildə azaldaraq 40 faizdən 5 faizə endirməyə müvəffəq olmuşuq. İqtisadiyyatımız daha da rəqabətqabiliyyətli olmuşdur və Davos İqtisadi Forumunun hesablamalarına əsasən rəqabət qabiliyyətinə görə Azərbaycan iqtisadiyyatı dünyada 40-cı yerdədir. Biz əsas infrastruktur layihələrini, o cümlədən insanlarımızın yaşayış standartlarını yaxşılaşdırmaq üçün sosial infrastruktur layihələrini icra etmişik və bununla da həm də sərmayələr üçün daha münbit şərait yarada bilmişik.

Adambaşına düşən birbaşa xarici sərmayəyə görə biz ən qabaqcıl mövqelərdəyik. Bu, ilk növbədə neft-qaz sahəsinə yatırılmış sərmayələr idi. Hazırda isə biz qeyri-neft sektoruna sərmayəçilər cəlb etməyə çalışırıq. Neft və qazdan asılılığımızın azaldılması islahatlarımızın tərkib hissəsi olmuşdur və bunun nəticəsində bu gün neft-qaz sahəsi bizim ümumi daxili məhsulun təqribən 30 faizini, büdcə gəlirlərimizin isə 50 faizini təşkil edir. Məqsədimiz neft və qazdan asılılığımızı tamamilə aradan qaldırmaqdır. Bu yaxınlarda dediyim kimi, Azərbaycan üçün postneft dövrü artıq başlamışdır. Ona görə yox ki, biz hasilatı azaltmışıq. Neftin qiyməti kəskin şəkildə - dörd dəfə aşağı düşmüşdür. Bu səbəbdən tamamilə yeni bir vəziyyət yaranır və dünyanın heç bir ölkəsi buna hazır deyildi. Heç kəs təsəvvür edə bilməzdi ki, bir ilin içində qiymət bu dərəcədə kəskin şəkildə aşağı düşsün. Bu səbəbdən biz bu vəziyyətin mənfi nəticələrinin aradan qaldırılması üçün fəal və səmərəli işləməli olduq. Hazırda bizim maliyyə vəziyyətimiz yenidən sabitdir, proqnozlaşdırıla biləndir və məlumat vermək istərdim ki, büdcəmizdə neftin barrelinin qiyməti 25 dollar səviyyəsində nəzərdə tutulmuşdur. Bu isə hər hansı bir iqtisadi çətinliyə qarşı bir növ zəmanət deməkdir. Bizim Neft Fondunda böyük vəsaitlərimiz var ki, bu, yaranmış vəziyyətdən minimum risklə çıxmağımıza imkan verir.

Eyni zamanda, bu vəziyyət bizi islahatlarla bağlı daha da səmərəli işləməyə məcbur edir və artıq islahatların böyük hissəsi tətbiq edilməkdədir. Bu islahatlar Beynəlxalq Valyuta Fondu tərəfindən də dəstəklənir - yəni, biz düzgün yoldayıq. Hazırda biz iqtisadiyyatımızın şaxələndirilməsi məsələsi ilə məşğul oluruq və iqtisadi inkişafın yeni sahələrini müəyyən edirik. Onlardan biri bizim illərdir ki, çalışdığımız, lakin beynəlxalq birlik üçün tamamilə yeni sahə olan nəqliyyat infrastrukturunun yaradılmasıdır. Biz Azərbaycana gələcəkdə bu regionda güclü mövqeyə malik olmağa imkan verəcək nəqliyyat infrastrukturu şəbəkəsi yaradırıq.

Bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bu səbəbdən nəqliyyat infrastrukturuna, o cümlədən dəmir yollarının, hava və dəniz limanlarının inşasına yatırılan sərmayələr sayəsində biz nəqliyyat infrastrukturlarının kəsişmə nöqtəsinə çevrilirik. Artıq Şərq-Qərb nəqliyyat dəhlizi fəaliyyətə başlamışdır və ümid edirəm ki, bu il biz Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yollarının birləşdirilməsini başa çatdıracağıq. Beləliklə, Avropa və Asiya yeni, ən qısa nəqliyyat marşrutu əldə edəcəkdir. Çindən Avropaya gedən ilk konteyner qatarı artıq Azərbaycan ərazisindən keçmişdir. Bu, müasir infrastruktura malik olan yeni İpək Yoludur və biz bu marşrutu daha da cəlbedici etmək üçün tərəfdaşlarımıza vahid tariflərin tətbiqini təklif etmişik.

Qonşularımız və tərəfdaşlarımızla birgə çalışdığımız daha bir layihə Şimal-Cənub nəqliyyat dəhlizidir ki, onun sayəsində yüklər Pakistandan Hindistana, daha sonra İrana, oradan Azərbaycan ərazisindən Rusiyaya və Şimali Avropaya nəql ediləcəkdir. Azərbaycan müasir infrastruktura sərmayə qoyur və ümid edirəm ki, tezliklə bu marşrutdan istifadə olunmağa başlanacaqdır. Yəni, bütün bu marşrutlar bizim ərazidən keçir. Təbii ki, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və gələcəkdə bizə ölkəmizin inkişafına sərf ediləcək əlavə gəlirlər gətirəcəkdir.

Əlbəttə, iqtisadiyyatımız üçün enerji sektoru öz önəmini saxlayır və bu gün enerji təhlükəsizliyi baxımından onun əhəmiyyəti artmaqdadır. Ötən ayın sonu - fevralın 29-da biz Bakıda, həmin bu zalda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci iclasını keçirmişik. Biz bu layihəni XXI əsrin layihəsi adlandırırıq. Bu, bir meqalayihədir və bu gün Avropada həyata keçirilən ən iri infrastruktur və enerji layihələrindən biridir. Onun təşəbbüskarı Azərbaycandır və Azərbaycan burada həm də təşkilatçı və sərmayəçi qismində aparıcı rol oynayır. Layihənin dəyəri 45 milyard dollara bərabərdir və bu işdə biz müxtəlif dövlət və şirkətlərdən ibarət güclü komanda yaratmışıq.

Həmin Məşvərət Şurasının yaradılmasında əsas məqsəd səylərimizin əlaqələndirilməsi və layihənin cədvəl üzrə icrasını təmin etməkdən ibarətdir. Bu layihə bir neçə mərhələdən ibarətdir. "Cənub" qaz dəhlizinin dörd elementi var. Azərbaycanın nəhəng qaz yatağından hasil olunan qaz öz aralarında birləşmiş 3500 kilometr uzunluğunda üç qaz boru kəməri vasitəsilə Bakını İtaliyanın limanları ilə birləşdirəcəkdir.

Əlbəttə, bu, nəhəng sərmayədir və bu layihənin əlaqaləndirməyə ehtiyacı vardır. Fevralın 29-da məhz bu zalda 11 dövlətin və Avropa Komissiyasının iştirakı ilə Bəyannamə imzalanmışdır ki, orada Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində mühüm və strateji rolu vurğulanmışdır. Biz həqiqətən də müxtəlif ölkələrdən ibarət komanda yaratmışıq və kəmərin marşrutu boyu yerləşən ölkələrin adlarını sadalamaq istərdim - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya "Cənub Qaz Dəhlizi" layihəsinin üzvləridir. Daha iki dövlət - Xorvatiya və Monteneqro da Bəyannaməni imzalamışlar və əminəm ki, qarşıdan gələn illərdə onlar da heyətimizə qoşulacaqlar. Bəyannaməni imzalayanlar sırasında ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək səviyyəli nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti də olmuşdur. Yəni, bu 12 imza onu nümayiş etdirir ki, "Cənub" qaz dəhlizi artıq reallıqdır. 

Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabət layihəsidir. Zənnimcə, bütün enerji layihələri məhz bu şəkildə icra edilməlidir. Bizim əsas məqsədimiz bu layihəni başa çatdırmaqdır və onu kommersiya layihəsi kimi həyata keçirməkdir. Bəzən enerji təhlükəsizliyinə aid olan məsələlər həddindən artıq siyasiləşdirilir və biz bunun əleyhinəyik. Siyasət və enerji bir-birindən ayrı olmalı, enerji siyasi alət kimi istifadə edilməməlidir. Həmçinin onun bu şəkildə istifadə edilməsi, biznes fəaliyyətinə müdaxiləsi də çətinliklər yaradır.

Bu layihə sayəsində Azərbaycan bundan sonra onilliklər ərzində öz təbii sərvətlərini ixrac edəcək və bazarları şaxələndirəcək. Avropa üçün isə bu, ehtiyac duyacağı qazın yeni mənbəyi deməkdir və bununla avropalı istehlakçıların tələbatı təmin ediləcəkdir. Baxmayaraq ki, bu gün biz dünyada iqtisadi çətinliklərin şahidi oluruq, ancaq bu, müvəqqətidir və neftin qiyməti uzun müddət belə aşağı səviyyədə qalmayacaqdır. İqtisadi artım fəallığı yüksəldəcək və Avropanın təbii qaza olan tələbatı yalnız artacaqdır. Burada hər kəs üçün yer olacaqdır. Düşünürəm ki, lüzumsuz rəqabətin olmaması üçün istehsalçılar da səylərini əlaqələndirməlidir. Həm istehsalçıların, həm də istehlakçıların öz məqsədləri var.

"Cənub Qaz Dəhlizi" layihəsində biz istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni, burada uduzan tərəf yoxdur və bu səbəbdən o, olduqca uğurla inkişaf edir. Bu qədər iştirakçıların olduğu, qısa bir zamanda və neftin qiymətinin aşağı olduğu bir vaxtda milyardlar tələb edən belə bir nəhəng layihənin həyata keçirilməsi böyük çağırışdır. Enerji təhlükəsizliyi şübhəsiz ki, siyasi gündəlikdə əsas yer tutacaq. Hesab edirəm, "Cənub" qaz dəhlizi vasitəsilə göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasəti ayıranda uğur əldə oluna bilər.

Bu il Azərbaycanda "Multikulturalizm ili"dir. Müxtəlif etnik köklərə, dinlərə malik insanlar əsrlər boyu Azərbaycanda sülh, əmin-amanlıq şəraitində yaşamışlar və biz bununla fəxr edirik. Fərəhlənirik ki, müstəqillik illərində bu müsbət meyil daha da güclənmişdir. Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasətidir. Eyni zamanda, bu, cəmiyyətdə olan əhval-ruhiyyənin təcəssümüdür. Bu isə çox vacibdir ki, həmin sahədə dövlət siyasəti və ümumi ab-hava bir-birindən fərqlənmir.

2008-ci ildə biz "Bakı prosesi"nə start verdik və ilk dəfə İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına dəvət etdik. "Bakı prosesi" artıq bir reallıqdır. Biz Azərbaycanda multikulturalizm dəyərlərini təşviq edən çoxsaylı beynəlxalq tədbirlər keçirmişik. Dünya dini liderlərinin zirvə görüşü, bir neçə dəfə Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forum təşkil etmişik. Təqribən bir aydan sonra biz BMT-nin təşkilatçılığı ilə Azərbaycanda Sivilizasiyalar Alyansının 7-ci toplantısını keçirəcəyik.

Azərbaycanın bu sahədəki təcrübəsi aparıcı beynəlxalq təşkilatlar və beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Bu, multikulturalizmin yaşadığını, onun gələcəyinin olmasını sübut edir, sadəcə siyasətçilər, ictimai rəyə təsir etmək iqtidarında olanlar, o cümlədən media nümayəndələri daha məsuliyyətli olmalıdırlar. Hesab edirəm ki, bu məsələdə medianın rolu daha müsbət olmalıdır. Təəssüf ki, bir çox hallarda biz xəbərlərdə qarşıdurma, qaçqın böhranı və bunlarla bağlı kadrlar görürük.

Bu yanaşma yalnız təcridolunmaya gətirir. Biz buna imkan verə bilmərik. Çünki qeyd etdiyim kimi, biz bir-birimizlə bağlıyıq və eyni planetdə yaşayırıq. Artıq şahid olduğumuz kimi, Avropa ilə Yaxın Şərq arasındakı məsafə o qədər də böyük deyil. Yəni, məsafə insanların sığınacaq tapmaq və öz ailələrini xilas etmək naminə oralara üz tutmağın qarşısını almır. Odur ki, multikulturalizmin müsbət nümunələri üzərində dayanmaqla, bu dəyərlərin təşviqi hamımıza yardımçı olar. Çünki gələcəkdə heç bir ölkə və millət təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. Biz bir-birimizə bağlıyıq. Dünya ölkələrinin mütləq əksəriyyətinin əhalisi çoxmillətli və çoxdinlidir. Biz bununla fəxr etməliyik.

Ötən ay biz müsəlman dünyasının ən müqəddəs məkanlarından olan İmamzadə Dini-Tarixi Kompleksinin yenidənqurma və bərpadan sonra açılışında iştirak etdik. Yeri gəlmişkən, bu kompleks Gəncədə, Nizami Gəncəvinin vətənində yerləşir. Azərbaycan xalqı bu abidəni VIII əsrdən bəri qoruyur. Ərazidə yeni məscid də inşa edilmişdir və mən Azərbaycanın müxtəlif bölgələrindən olan insanları ora dəvət etmişdim. Orada mənimlə yanaşı çıxış edənlərin arasında Azərbaycanın müxtəlif dini icmalarının rəhbərləri olmuşlar - Azərbaycan müsəlmanlarının, Azərbaycanın Rus Pravoslav kilsəsinin, yəhudi icmasının və Azərbaycanın Katolik kilsəsinin rəhbərləri. Onlar bu tədbirdə yalnız iştirak etməmiş, həm çıxış etmiş və həm də yeni inşa edilmiş məscidi ziyarət etmişlər. Bu işlər bizim ölkədə belə qurulub. Bu, bizim cəmiyyətimizə, xalqımıza və dünyaya olan mesajımızdır.

Bir neçə ay bundan öncə Azərbaycanın ən böyük məscidində sünni və şiə müsəlmanlar bir yerdə namaz qılmışlar və bunu vəhdət namazı adlandırmışlar. Bu da bir daha real vəziyyəti əks etdirir. Burada nə müsəlman icması daxilində, nə də, ümumiyyətlə, cəmiyyətimizdə fərq qoyulmur. Bu, Azərbaycan reallığıdır, bizim ən böyük sərvətlərimizdəndir və uğurlu inkişafımızın zəmanətidir. Çünki bu konsensus, bu birlik olmadan biz uğur əldə edə bilmərik. Biz daha da böyük nailiyyətlər əldə etməkdə, ölkəmizi müasirləşdirməkdə davam etmək istəyirik. Biz buna yalnız dostluq və multikulturalizm kimi birgə dəyərlərə əsaslanaraq nail ola bilərik.

Ötən il Azərbaycan ilk Avropa Oyunlarına, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etmişdir. Bakı İslam Mədəniyyəti Paytaxtı elan edilmişdir və gələn il biz İslam Həmrəylik Oyunlarını təşkil edəcəyik. Azərbaycan Avropa Şurasının və eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu, mədəniyyətlər, ənənələr, dinlər arasında körpüdür və bu, bizim məsuliyyətimizdir. Biz bu rolu ilk öncə öz ölkəmizin uğurlu gələcəyi və regionda sabit proqnozlaşdırıla bilən vəziyyətin yaradılması naminə oynayırıq.

Əminəm ki, proqramın vacib mövzuları üzrə müzakirələr regionumuzda və dünyada müsbət inkişafa böyük töhfə olacaqdır. Forumun işinə uğurlar diləyirəm. Təşəkkür edirəm.

17:48

Martın 10-da Azərbaycanın paytaxtında "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı olub.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları Forumda iştirak ediblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilir. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.

Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

Dördüncü Qlobal Bakı Forumunu açan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin hazırda dünyanı narahat edən məsələlərin çoxşaxəli olduğunu dedi, bu problemlərin aradan qaldırılması üçün müzakirələrin aparılmasının vacibliyini diqqətə çatdırdı. O, IV Qlobal Bakı Forumunun bu baxımdan xüsusi əhəmiyyətə malik olduğunu vurğuladı və bu cür mötəbər tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana minnətdarlığını bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bu Forumun dünyada baş verən mühüm və qlobal məsələlərin müzakirəsi baxımından artıq ənənəyə çevrildiyini bildirdi. Dövlətimizin başçısı ötənilki görüşdən sonra dünyada bir çox dəyişikliklərin baş verdiyini dedi, bu tədbirin məqsədlərindən birinin də planetdə gərginliyin azaldılması, əməkdaşlıq və qarşılıqlı anlaşma üçün əsasların yaradılması olduğunu diqqətə çatdırdı.

Bu il ölkəmizin müstəqilliyinin 25 illiyini qeyd edəcəyini deyən Prezident İlham Əliyev ötən dövrdə Azərbaycanın bir çox problemlərlə üzləşdiyini, terror və müharibəyə məruz qaldığını vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bildirən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı ölkəmizin ərazisi kimi tanıyır. BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal edilmiş ərazilərdən çıxması ilə bağlı qətnamələrinin hələ də həyata keçmədiyini deyən Prezident İlham Əliyev BMT qətnamələrinin icra mexanizminin yenidən işlənməsinin vacibliyinə diqqəti cəlb etdi.

"Ermənistan sülh istəmir və status-kvonun dəyişməməsinə çalışır", - deyən dövlətimizin başçısı işğal olunmuş ərazilərdə hər şeyin məhv edildiyini, tarixi abidələrin, qəbiristanlıqların dağıdıldığını bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, işğalçı cəzalandırılmalıdır, əks halda o, planlarını davam etdirəcək və təhlükə də daim mövcud olacaq.

Azərbaycanda bütün azadlıqların təmin olunduğunu, iqtisadiyyatın inkişaf etdiyini, yoxsulluğun azaldıldığını, sosial və infrastruktur layihələrinin icra olunduğunu deyən dövlətimizin başçısı ölkəmizdə sərmayələr üçün münbit şəraitin yaradıldığını, iqtisadi islahatların uğurla aparıldığını diqqətə çatdırdı. İndi əsas məqsədin iqtisadiyyatda neft və qazdan asılılığın azaldılması olduğunu deyən Prezident İlham Əliyev hazırda nəqliyyat infrastrukturunun yaradılması, enerji sektorunun daha da inkişaf etdirilməsi istiqamətində işlərin getdiyini vurğuladı, "Cənub" qaz dəhlizinin əhəmiyyətindən danışdı, bu layihənin reallaşmasında Azərbaycanın mühüm rolunun olduğunu bildirdi.

Bu il ölkəmizdə "Multikulturalizm ili" elan edildiyini deyən dövlətimizin başçısı müstəqillik illərində bu meylin daha da möhkəmləndiyini və dövlət siyasətinə çevrildiyini bildirdi. "Multikulturalizm yaşayır, onun gələcəyi var", - deyən Azərbaycan Prezidenti ötən ay Nizami Gəncəvinin vətəni olan Gəncə şəhərində İmamzadə dini-mədəniyyət kompleksinin açıldığını, həmin tədbirdə ölkəmizdəki bütün dini icmaların rəhbərlərinin çıxış etdiyini, respublikamızda heç bir ayrı-seçkiliyin olmadığını, bunun da gələcək inkişafımıza zəmin yaratdığını diqqətə çatdırdı.

Ötən il Bakıda birinci Avropa Oyunlarının keçirildiyini, gələn il isə İslam Həmrəylik Oyunlarının baş tutacağını deyən dövlətimizin başçısı bildirdi ki, bizim əsas məqsədimiz ölkəmizin uğurlu inkişafını təmin etməkdir.

Bolqarıstan Prezidenti Rosen Plevneliev müasir dünyada sülh və azadlığın sınağa çəkildiyini, mövcud münaqişələrin dünya üçün qlobal təhlükə yaratdığını dedi. Dünyanın təhlükəsizlik sisteminin artıq dəyişdiyini bildirən Bolqarıstan Prezidenti azad cəmiyyətlərin yaradılması ideyasının zərurətə çevrildiyini vurğuladı. Çıxışında Avropada mövcud olan miqrant böhranına diqqəti cəlb edən, hər bir dövlətin ərazi bütövlüyünün, sərhədlərinin bölünməzliyinin mühüm prinsip olduğunu deyən Bolqarıstan dövlətinin başçısı bildirdi ki, müqavimət qabiliyyətli dünyanın yaradılması, yeni dünya nizamının formalaşdırılması artıq zərurətdir.

Albaniya Prezidenti Buyar Nişani bu Foruma dəvət edildiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirdi. Son 25 ildə dünyada böyük dəyişikliklərin getdiyini deyən Albaniya dövlətinin başçısı indi bəşəriyyətin yeni çağırışlarla üz-üzə olduğunu, dünyanın bütün zamanlardan daha çox indi dialoqa ehtiyac duyduğunu vurğuladı. Həmin dialoqun baş tutması üçün bu Forumun əhəmiyyətini qeyd edən Buyar Nişani Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə fəaliyyətində uğurlar arzuladı.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili yenidən Bakıda olmaqdan məmnunluğunu bildirdi. Ölkəsinin də müstəqillik illərində bir çox çətinliklərlə üzləşdiyini deyən Prezident Giorgi Marqvelaşvili Gürcüstanın qlobal təhlükəsizliyə töhfə verdiyini diqqətə çatdırdı.

Son illərdə Gürcüstan və Azərbaycanın bir çox iri layihələrə imza atdığını deyən dövlət başçısı bütün bunların yeni dostların qazanılmasına xidmət etdiyini bildirdi. Gürcüstan Prezidenti Şərq ilə Qərb arasında önəmli komponentə çevrilən regionun gələcəyi üçün bu layihələrin əhəmiyyətini vurğuladı.

Sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun Forum iştirakçılarına məktubu oxundu. Məktubu Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqoxudu.

Məktubda Forumun uğurlu alınması və orada əhəmiyyətli mövzuların müzakirəsi baxımından Prezident İlham Əliyevi təbrik edən Devid Kemeron ölkəmiz ilə Birləşmiş Krallıq arasında hərtərəfli əlaqələrin qurulduğunu və inkişaf etdiyini vurğulayıb.

Kanadanın Baş naziri Castin Trudeau videomüraciətində Bakı Forumunun işinə uğurlar arzuladı. Bu Forumun millətlər arasında anlaşmanın əldə edilməsində əhəmiyyətini vurğuladı.

UNESCO-nun baş direktoru İrina Bokova da videomüraciətində Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Forumun keçirilməsindəki dəstəklərinə görə minnətdarlıq etdi. O, mədəniyyətlərarası dialoqun indi beynəlxalq aləm üçün vacib əhəmiyyət daşıdığını bildirdi, dünyanın gələcəyi baxımından bu Forumda müzakirə olunan məsələlərin əhəmiyyətini vurğuladı.

Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra-Vike Freyberqa artıq dördüncü dəfə keçirilən Forumun dünyanın qarşılaşdığı problemlərin nizama salınması üçün yeni orijinal həll yollarının tapılmasındakı rolundan danışdı. Nizami Gəncəvinin yaradıcılığında dialoq mühitinin mövcud olduğunu deyən Vayra-Vike Freyberqa bildirdi ki, hazırda dünyanı narahat edən problemlərin həllində ən vacib məqam dialoqdur. O, ideyalar mübadiləsinin həyata keçirilməsi üçün bu Forumun müstəsna əhəmiyyətə malik olduğunu bildirdi.

Sonra birgə foto çəkdirildi.

-----------

14:09

Bu gün Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda lV Qlobal Bakı Forumu öz işinə başlayıb.

Azərbaycan prezidenti İlham Əliyev forumun qonaqlarını təbrik edib və salamlayıb.

İlham Əliyev bildirib: "İlk növbədə sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Çox şadam ki, Qlobal Bakı Forumu yaxşı ənənəyə çevrilir".

Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun Şurasına, həmsədrləri xanım Vayra Vike-Freyberqaya və İsmail Serageldinə Mərkəzin qısa müddət ərzində dünya miqyaslı beynəlxalq instituta çevrilməsinə görə təşəkkür edib.

İlham Əliyev qeyd edib ki, bu gün forumda beynəlxalq gündəliyin geniş əhatəli məsələləri müzakirə olunacaq.

Dövlət başçısının sözlərinə görə, mövzuların müzakirə edilməsi bizim hamımız, bütün bəşəriyyət üçün çox vacibdir.

Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, forumda dünyada sülh, təhlükəsizlik və proqnozlaşdırmaya xidmət edən faydalı fikirlər ifadə ediləcək.

İlham Əliyev, həmçinin əlavə edib ki, hər bir beynəlxalq forumun səviyyəsi əsasən onun iştirakçı siyahısından - dövlət və hökumət başçıları, görkəmli siyasətçilər, ictimai xadimlər, ekspertlər - asılıdır.

Dövlət başçısının sözlərinə görə, bununla da bu, bu gün və sabah baş tutacaq müzakirələrin səviyyəsini göstərir.

İlham Əliyev deyib ki, ötənilki baharın analoji görüşündən bəri dünyada vəziyyət dəyişib və təəssüf ki, müsbət istiqamətdə deyil.

Prezident diqqətə çatdırıb ki, dünya həll edilməmiş münaqişələrin qalması fonunda təhlükəsiz olmayıb.

İlham Əliyev bildirib ki, ölkələr, hökumətlər, siyasətçilər gərginliyi azaltmağa çalışmaq, əməkdaşlıq, qarşılıqlı anlayış və qarşılıqlı hörmət üçün zəmin yaratmaqda öz rollarını oynamalıdırlar.

Dövlət başçısının sözlərinə görə, əks halda vəziyyət pisləşməyə davam edəcək.

Prezident İlham Əliyev narahatlıq doğuran məsələlər sırasında Yaxın Şərqdəki, Avropanın bəzi hissələrindəki vəziyyəti, son illərin reallığı olan qaçqın böhranını sadalayıb.

Dövlət başçısının sözlərinə görə, IV Qlobal Bakı Forumunun əsas vəzifələrindən biri bu məsələlərin həllidir, xüsusilə də forum iştirakçılarının səviyyəsini və onların dünya məsələlərinin həllində töhfəsini, təcrübəsini, biliyini diqqətə alsaq, forum mövcud vəziyyətdən çıxış yolu tapmağa kömək edə bilər.

Prezident İlham Əliyev deyib: "Biz hamımız bir vəzifəyə bağlıyıq - qarşılıqlı əməkdaşlığa, qarşılıqlı anlaşmaya yardım etmək. Biz hamımız bir-birimizlə bağlıyıq".

Dövlət başçısı vurğulayıb ki, bəzən elə gəlir ki, televiziya vasitəsilə izlədiyimiz dünyanın müxtəlif hissələrində baş verən təhlükəli hadisələr digər planetdə cərəyan edir, lakin bu, yanımızda baş verir.

Prezident əlavə edib ki, qaçqınlar böhranı göstərdi ki, biz hamımız bir-birimizlə bağlıyıq.

Prezident diqqətə çatdırıb ki, digər dövlətlərin işinə hər bir müdaxilə, hər bir hərəkət, hər bir addım müdaxilə edənlərə çətinliklər yarada bilər.

İlham Əliyevin sözlərinə görə, bu, hazırkı reallığın əsas dərsidir: "Biz hamımız bir-birimizə hörmət etməliyik, seçimimizə, ərazi bütövlüyünə, gələcəklə bağlı planlarımıza hörmət etməliyik, biz hamımız qarşılıqlı fəaliyyət göstərməliyik, çünki əsas məqsəd gərginliyin və mövcud təhdidlərin azaldılmasıdır".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək: "Müstəqilliyin ilk illərində vətəndaş müharibəsindən, humanitar böhrandan, işğaldan, təcavüzdən, iqtisadi çətinliklərdən, faktiki iqtisadi tənəzzüldən əziyyət çəkirdik".

İlham Əliyevin sözlərinə görə, Azərbaycan terror hücumlarının hədəfinə çevrildi: "Erməni terror təşkilatları 1990-cı illərdə mülki əhaliyə qarşı çoxsaylı terror aktları törətdilər. Təəssüf ki, Ermənistan və Azərbaycan arasında münaqişə həll edilməyib. Baxmayaraq ki, ölkəmiz müstəqilliyin ilk illərində müəyyən uğura nail olub və hazırda müasir, sabit, proqnozlaşdırılan, özünü təmin edən ölkə kimi inkişaf edir, münaqişə həll edilməlidir".

Prezident əlavə edib ki, milyon azərbaycanlı qaçqının öz vətəninə qayıda bilməsi, zorakılığı dayandırmaq və regionumuzda sülhü bərqərar etmək üçün münaqişə həll edilməlidir, çünki bunsuz bütün ölkələr əziyyət çəkəcək.

Azərbaycan prezidenti xatırladıb ki, beynəlxalq təşkilatlar, xüsusilə də BMT və onun Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul ediblər, lakin bu qətnamələr yerinə yetirilmir.

Dövlət başçısının sözlərinə görə, bu qətnamələrin yerinə yetirilməsi mexanizmi müzakirələr mövzusu olmalıdır: "Bəzi hallarda BMT-nin Təlükəsizlik Şurasının qətnamələri bir neçə saat ərzində yerinə yetirilir, bizim halda isə artıq 20 ildən çox vaxt ötür".

Prezident qeyd edib ki, bu, siyasi iradənin, xüsusilə də bu qətnamələri qəbul edən ölkələrdə siyasi iradənin olmamasını göstərir: "Hazırda danışıqlar prosesi hər hansı uğur olmadan davam edir və bunun əsas səbəbi odur ki, Ermənistan sülh istəmir. O, işğal edilmiş əraziləri qanunsuz nəzarət altında saxlamaq, status-kvonu dəyişməz olaraq saxlamaq istəyir, lakin bu belə qala bilməz. Danışıqlar prosesində təmsil olunan ölkələr, BMT-nin Təhlükəsizlik Şurasının 3 daim üzvü dəfələrlə bu barədə açıq deyiblər".

---------

12:01

Bu gün Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda lV Qlobal Bakı Forumu öz işinə başlayıb.

Sfera.az Trend-ə istinadən bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev forumun qonaqlarını təbrik edib və salamlayıb.

İlham Əliyev bildirib: "İlk növbədə sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Çox şadam ki, Qlobal Bakı Forumu yaxşı ənənəyə çevrilir".

Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun Şurasına, həmsədrləri xanım Vayra Vike-Freyberqaya və İsmail Serageldinə Mərkəzin qısa müddət ərzində dünya miqyaslı beynəlxalq instituta çevrilməsinə görə təşəkkür edib.

İlham Əliyev qeyd edib ki, bu gün forumda beynəlxalq gündəliyin geniş əhatəli məsələləri müzakirə olunacaq.

Dövlət başçısının sözlərinə görə, mövzuların müzakirə edilməsi bizim hamımız, bütün bəşəriyyət üçün çox vacibdir.

Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, forumda dünyada sülh, təhlükəsizlik və proqnozlaşdırmaya xidmət edən faydalı fikirlər ifadə ediləcək.

İlham Əliyev, həmçinin əlavə edib ki, hər bir beynəlxalq forumun səviyyəsi əsasən onun iştirakçı siyahısından - dövlət və hökumət başçıları, görkəmli siyasətçilər, ictimai xadimlər, ekspertlər - asılıdır.

Dövlət başçısının sözlərinə görə, bununla da bu, bu gün və sabah baş tutacaq müzakirələrin səviyyəsini göstərir.

----------

11:10

Bu gün Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda lV Qlobal Bakı Forumu öz işinə başlayıb.

Sfera.az Trend-ə istinadən bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev forumun qonaqlarını təbrik edib və salamlayıb.

İlham Əliyev bildirib: "İlk növbədə sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Çox şadam ki, Qlobal Bakı Forumu yaxşı ənənəyə çevrilir".

Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun Şurasına, həmsədrləri xanım Vayra Vike-Freyberqaya və İsmail Serageldinə Mərkəzin qısa müddət ərzində dünya miqyaslı beynəlxalq instituta çevrilməsinə görə təşəkkür edib.

İlham Əliyev qeyd edib ki, bu gün forumda beynəlxalq gündəliyin geniş əhatəli məsələləri müzakirə olunacaq.

Dövlət başçısının sözlərinə görə, mövzuların müzakirə edilməsi bizim hamımız, bütün bəşəriyyət üçün çox vacibdir.








OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...