İlham Əliyev Britaniyanın dövlət naziri ilə görüşdü

İlham Əliyev Britaniyanın dövlət naziri ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ilə görüşüb.

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Tereza Meyin bugünkü mərasimlə əlaqədar göndərdiyi təbrik məktubuna görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı Tereza Meyin ölkələrimizin münasibətləri haqqında dediyi xoş sözlərdən məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Böyük Britaniyanın mərasimdə yüksək səviyyədə təmsil edilməsinin Birləşmiş Krallıq hökumətinin bu tədbirə verdiyi böyük önəmin göstəricisi olduğunu bildirib. Sazişin imzalanmasının tarixi hadisə olduğunu deyən dövlətimizin başçısı onu yeni əsrin müqaviləsi adlandırıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, əlaqələrimizin neft-qaz sektorunu və digər sahələri əhatə etdiyini vurğulayıb.

Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərimizin digər sahələrdə də inkişaf etdiyini deyib. "Azərbaycan və Böyük Britaniya etibarlı tərəfdaş olduqlarını nümayiş etdirir”, - deyən Alan Dunkan ölkələrimiz arasında əməkdaşlığın qeyri-neft sektorunda da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Böyük Britaniyanın dövlət naziri "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanmasını tarixi hadisə adlandıraraq qeyd edib ki, bu, ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edəcək.

Söhbət zamanı ölkələrimiz arasında viza rejiminin qarşılıqlı surətdə sadələşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Sfera.az


OXŞAR XƏBƏRLƏR