İlham Əliyev: \"Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir\"

İlham Əliyev: \
"Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir".

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışı zamanı deyib.

İlham Əliyev bildirib ki, müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır: "Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir".

Dövlət başçısı vurğulayıb ki, infrastrukturun inkişafına, həmçinin çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir: "Qeyd etdiyim kimi, 260 milyard dollar həcmində investisiya yatırılıb və bunların yarısını xarici investisiyalar təşkil edir. Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son "Doing Business" hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır.

Nəqliyyat infrastrukturundan danışarkən hava nəqliyyatına qoyulan investisiyaları əlavə etmək istəyirəm. Altı beynəlxalq hava limanı müasir nəqliyyat infrastrukturunun yaradılmasına növbəti töhfəmizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üçün tərəfdaşlarımızla bizə çoxlu vaxt tələb olundu və bu gün bu dəmir yolu Avrasiyada nəqliyyatda çox mühüm rol oynayır".

Prezident qeyd edib ki, Azərbaycanın sərmayə yatırdığı daha bir əhəmiyyətli nəqliyyat layihəsi Şimal-Cənub dəhlizidir: "Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edirlər. Buna görə də müasir infrastrukturun yaradılmasına yatırdığımız investisiyalar yalnız iqtisadi potensialımızın artırılmasına və bizim dost, tərəfdaş və qonşularımıza xidmət göstərməyimizə kömək etmir, bu, həm də ticarət, turizm, nəqliyyat sahələrində nadir imkan yaradır və xalqları, ölkələri birləşdirir. Ölkələr bir-birinə bağlanır və bu, sülh və sabitlik amalına xidmət edir. Beləliklə, Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik vacib tranzit ölkəyə çevrilib".

İlham Əliyev vurğulayıb ki, ötən il istifadəyə verilmiş Lapis-Lazuli marşrutu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşərək Azərbaycanın tranzit potensialını daha da artırıb: "Bu gün Azərbaycan sayı artmaqda olan ölkələr üçün tranzit imkanlarını təmin edir. Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən və nisbətən yaxın vaxtlarda tikilmiş gəmiqayırma zavodu istənilən növ gəmini inşa edə bilər. Ötən il biz 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq Bakı Dəniz Limanını istifadəyə verdik. Gələcəkdə onun imkanları 25 milyon ton və 1 milyon konteynerə qədər artırılacaq.

Müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik. Eyni zamanda, biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. "Bir kəmər, bir yol" təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir".

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...