Cəmİyyət

İğdırda Xocalı soyqırımının qurbanları anıldı

İğdırda Xocalı soyqırımının qurbanları anıldı
 Türkiyənin İğdır şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Sfera.az Report-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Qarsdakı Baş Konsulluğu ilə İğdır-Azərbaycan dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, İğdır-Azərbaycan Evi Dərnəyi və Türkiyə Azərbaycan Dərnəyinin İğdır şöbəsinin birgə təşkilatçılılğı ilə "Xocalıya Ədalət!” devizi altında baş tutub. 

Anım mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin ruhlarına dualar oxunaraq onların əziz xatirəsi birdəqiqəlik sükutla, ehtiramla yad edilib və Xocalı faciəsi barədə qısa film nümayiş etdirilib. 

Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev Xocalı soyqırımı və onun törətdiyi fəsadlar, yaranma səbəbi və nəticələri ilə bağlı çıxış edib. O, tarixin müxtəlif dövrlərində Ermənistan təcavüzünə məruz qalan ölkəmizin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə belə bir faciəni bir daha yaşadığını vurğulayıb, Xocalıda ermənilər tərəfindən törədilmiş qətliamın XX əsrin və Azərbaycan tarixinə qanla yazılmış səhifəsi kimi ən faciəvi soyqırımı olaraq tarixə keçdiyini qeyd edib. Eyni zamanda 1988-ci ildən başlayaraq Azərbaycanın əzəli yurdu olan Dağlıq Qarabağ torpaqlarında əsassız ərazi iddaları ilə çıxış edən mənfur ermənilərin Azərbaycan tarixinin ən qədim yaşayış məskənlərindən biri olan Xocalıda amansızcasına qətliam törətdiyini ətraflı olaraq tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Nuru Quliyev Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xüsusi rolunu qeyd edib, 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini diqqətə çatdırıb. Baş konsul Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq ədalət məhkəmə qarşısında cavab verməli olduğunu vuğulayıb. 

Türkiyəli və azərbaycanlı professorların çıxışlarında Xocalı faciəsinin ayrı-ayrı aspektlərindən söhbət açılıb, insanlıq əleyhinə cinayət olan bu bəşəri faciənin törətdiyi ağır fəsadlardan bəhs olunub. Alimlər Xocalı soyqırımının təcavüzkar Ermənistan tərəfindən məqsədli şəkildə həyata keçirildiyini, bu cinayətin ermənilərin XIX əsrin sonlarından başlayaraq Azərbaycan və Türkiyə xalqlarına qarşı törətdikləri məqsədyönlü cinayətlərin davamı və ən amansızı olduğunu əsaslandırıblar.

Daha sonra Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı türkiyəli məktəblilərdə milli-vətənpərvərlik ruhunun yüksəlməsi və onların tarixi biliklərinin artması məqsədilə keçirilən hekayə, şeir, bədii kompozisiya və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb. Qars şəhərindəki baş konsulluğumuz, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır Azərbaycan Evi Dərnəyi tərəfindən təşkil edilən müsabiqələrin qaliblərinə hədiyyələr, o cümlədən türk dilində olan "Böyük Ermənistan” xülyası: faktlar və sübutlar” və "Soyqırımından Xocalıya...” kitabları bağışlanıb.

Sonda tədbir iştirakçıları Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi ilə tanış olublar.


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930