“İctimai və dövlət maraqların qorunması üçün əsas amillərdən biri də...” – Deputatdan açıqlama

“İctimai və dövlət maraqların qorunması üçün əsas amillərdən biri də...” – Deputatdan açıqlama
İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir.
 
Qeyd edək ki, ictimai maraqlar hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır.

Maraqlıdır, ölkəmizdə bu istiqamətdə vəziyyət necədir?

Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Vüqar İskəndərov dövlətin suverenliyi üçün milli maraqların üst-üstə düşməli olduğunu bildirib:

"Ölkəmizdə dövlət və cəmiyyət maraqlarının vəhdətini mükəmməl səviyyədə özündə ehtiva edən Ümummilli liderimiz olan Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasıdır. Bu konsepsiya dövlət-cəmiyyət maraqlarının və fərdi maraqların vəhdəti kimi bütün azərbaycanlıları birləşdirməkdə zəruri rol oynayır. Bunun  əsasında, inkişaf etməkdə olan müasir, hüquqi dövlət quruculuğu siyasətində əsas məsələ kimi "xalqın dövlət üçün olmağı” prinsipi özünü qabarıq göstərir. Dövlətin suverenliyi, möhkəmlənməsində başlıca amil həmin dövlətin milli maraqlarının üst-üstə düşməsidir. Qeyd olunmalıdır ki, ictimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biri olmalıdır. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət daşıyır. Bu baxımdan ictimai və dövlət maraqlarının müdafiəsi həmişə aktual olaraq qalacaq. Ölkəmizdə ictimai və milli maraqların təmin olunması əsas məsələlərdən biridir”.
 
Deputat prezident İlham Əliyev tərəfindən milli maraqların müdafiəsi istiqamətində çoxşaxəli siyasət yürüdüldüyünü də qeyd edib:

"Ölkə prezidenti İlham Əliyev çıxışlarında bütün fərdlərin onun identifikasiyasının məğzində milli maraqlarımızın üstün tutulmasını qeyd edir. Hər bir azərbaycanlı milli maraqlarımızı əlində əsas kimi tutmalı və onun qorunması üçün əlindən gələni etməlidir. Prezident tərəfindən milli maraqlarımızın qorunmasına xidmət edən çoxşaxəli siyasət həyata keçirilir. İctimai və dövlət maraqların qorunması üçün əsas amillərdən biri də demokratik inkişaf istiqamətində olan işlərin görülməsidir. Bu gün reallıqlar onu deməyə əsas verir ki, ölkəmizdə siyasi, hüquqi, iqtisadi və sosial  islahatlar davam edir. Bütün islahatlar ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət edir. Xüsusilə ictimai sahələrdə qanunun aliliyinin hökm etməsi insanların həyat şəraitinin yüksək səviyyəyə qaldırılması, onların müdafiəsi, dövlət və vətəndaşların məsuliyyətlərinin qarşılıqlı güclənməsi hüquqi dövlət quruculuğunun əsas aspektlərindən biridir. Burada bərabərlik, söz, fikir azadlığı özünü ehtiva edir”.
 
Millət vəkili ictimai və dövlət maraqlarının təmin olunmasında KİV-lərin rolunun böyük olduğunu da sözlərinə əlavə edib:

"KİV-lər də öz fəaliyyətlərində dövlət maraqlarını qorumalıdır. KİV-lərin əsas məqsədlərindən biri də dövlət maraqları ilə ictimai maraqların vəhdət təşkil etməsidir. Çünki hər birimizin həyat fəaliyyətində bu mühüm amildir”.
 
Əzizə Zeynal



Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
 
Mövzu: İctimai və dövlət maraqlarının müdafiəsi
 

OXŞAR XƏBƏRLƏR