İcra başçısı özünə 190 minlik avtomobil alıb?

İcra başçısı özünə 190 minlik avtomobil alıb?

Kürdəmir rayonunun icra başçısı ilə bağlı ilginc məlumatlar daxil olub. Belə ki, başçının evi yanan müğənninin ailəsini, yaşlı atasını otağından qovması ilə bağlı saytımızda gedən yazıdan sonra özünü Kürdəmir sakini kimi təqdim edən Cavid Mirzəyev adlı şəxs bunun başçının ən yumuşaq hərəkətlərindən olduğunu yazır.

“Mən hələ Yasamalda müavin, Tərtərdə başçı olandan Ceyhun Cəfərov haqqında şok məlumatlara malikəm. Ancaq dərdim bu deyil, bugünkü gündə onun doğma rayonum olan Kürdəmirdə at oynatması, həmyerlilərimə əziyyət verməsi, ən başlıcası isə cənap prezidentin ona göstərdiyi etimadı heçə sayaraq özünü rayonun ağası kimi aparması qəbul olunası deyil. Mən də hamı kimi haqqın-ədalətin tərəfdarıyam və istəyirəm ki, özbaşınalığa yol verən məmurlar kimi Ceyhun Cəfərov da layiqli cəzasını alsın. Başçının rayonda sahibkarlara tutduğu divandan hər kəs xəbərdardır, mətbuatda da geniş yazılıb bunlar haqda. Məsələ ondadır ki, cəmi 3-4 gün əvvəl prezident İlham Əliyev sahibkarlarla ehtiyatlı davranmağı, onları yersiz halda narahat etməməyi tapşırsa da Ceyhun Cəfərov yenə bildiyini etməkdədir. O, bu vəzifəyə gələr-gəlməz iş adamlarını sıxışdırmağa, onlardan qeyri-qanuni ödənişlər tələb etməyə başladı. İmkanı olan verdi canını qurtardı, olmayan isə Əlvan Nəbiyev kimi şərlənərək həbs edilir”.Qeyd edək ki, Ə.Nəbiyev bu ilin martında polisə müqavimət ittihamı ilə həbs edilib. İcra başçısı onun həbsinə münasibət bildirərkən deyib ki, küçə ticarəti ilə aparılan mübarizə çərçivəsində sahibkar polisə müqavimət göstərib, ona görə də həbs edilib. Rayon sakinləri isə əslində Ə.Nəbiyevin günahsız olduğunu, məhz başçının rayondakı əməlləri ilə bağlı ölkə rəhbərliyinə məktublar yazdığı üçün həbs edildiyini deyirdilər. Onun həbsi ilə bağlı rayonda aksiyalar da keçirilmişdi.

C.Mirzəyev yazır ki, C.Cəfərov özünə 190 minlik avtomoil almağa vəsait tapır, amma insanların probleminin həllinə ayırmağa yox: “Bahalı maşınları, bahalı evləri, bahalı biznesi olan bir adam yəqin ki, bir ailəyə ev etmək imkanında olar. Amma C.Cəfərov ailə başçısını ailəsinin gözü önündə alçaldaraq otaqdan qovur. Halbuki ölkə rəhbərliyi rayona səfər edəndə həmin icra başçısı rayon sakinlərinə yalvarır. Prezident gedəndən sonra yenə dönür öz ampluasına. Sanki bu rayonu o yaradıb, burada hər şeyin sahibi odur. Ümid edirik ki, vaxtı gələcək ondan sahib olduğu varidatı hansı yolla əldə etdiyi soruşulacaq”.

Kürdəmir rayon İcra Hakimiyyətinin saytında qeyd edilən 5-00-09 saylı telefona dəfələrlə zəng etsək də, cavab verən olmadı. Hər bir halda qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq./AFN.AZ


OXŞAR XƏBƏRLƏR