İclasda xokkeydən danışan Brejnevə etiraz edib, əlini stola çırpıb və... – Stalin onu niyə qoruyurdu?
12:27 / 18.10.2021
2967
1940-cı
illərin sonunda "Leninqrad işi” ilə bağlı 23 nəfər güllələnməyə, 241 nəfər vəzifəli
şəxs isə azadlıqdan məhrumetmə cəzasına
məhkum ediləndə Lavrenti Beriya və Georgi Malenkov daha bir şəxsin həbs
edilməsi üçün Stalinə rəsmi məktub ünvanlayıblar. Stalin məktubla tanış
olduqdan sonra üzərinə dərkənar qoyub: "Müharibə illərində, Leninqrad 900 gün
mühasirədə qalanda həmin şəhərə "həyat yolu” çəkən bir şəxsi həbs etmək ən
böyük cinayətdir...”
Söhbət
kimdən gedib? Stalinin həbsinə imkan vermədiyi şəxs 16 il SSRİ Nazirlər
Sovetinin sədri vəzifəsində işləmiş Aleksey Kosıgin olub.
Sfera.az SSRİ-də böyük nüfuz sahibi olmuş bu şəxsin həyat yoluna işıq salmağa çalışıb.
Onun adı
heç vaxt qalmaqallı hadisələrdə hallanmayıb - nə korrupsiyada, nə vəzifədən
sui-istifadədə, nə də zəngin həyat tərzində. İstər yerli, istərsə də xarici mətbuatda
Aleksey Kosıgin haqqında heç vaxt tənqidi yazılar dərc olunmayıb. O, SSRİ-nin
özündən əvvəlki və sonrakı hökumət başçılarından tam fərqlənib, həm iş üslubuna,
həm də həyat tərzinə görə.
1904-cü
ildə Sankt-Pterburqda sadə bir ailədə dünyaya göz açan Kosıgin orta təhsilini
başa vurduqdan sonra 7-ci orduda, hərbi-səhra tikinti hissəsində xidmət edib. Tərxis
olunduqdan sonra Petroqrad Kooperativ Texnikumunda, daha sonra Leninqrad
Tekstil İnstitutunda təhsil alıb. 1937-ci ilə qədər Tümendə, Novosibirskdə, İrkutskda
kiçik vəzifələrdə işləyən Kosıgin həmin il Leninqradda "Oktyabr” fabrikinin
direktoru təyin olunub. Bu vəzifə onun gələcək karyerasında yeni mərhələ açıb. Onun
iş bacarığı, təşkilatçılığı, məsuliyyəti rəhbərliyin də diqqətindən yayınmayıb.
1938-ci ildə Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi Andrey
Jdanovun təşəbbüsü ilə Kosıgin Leninqrad şəhər İcraiyyə Komitəsinin sədri vəzifəsinə
təyin olunub. Cəmi bir ildən sonra isə o, nazir kürsüsünə əyləşib, SSRİ Yüngül
Sənaye Komissarlığına (nazirliyinə) rəhbərlik edib.
Müharibə
illərində Kosıgin SSRİ Xalq Komissarları yanında Təxliyyə Şurasına sədrlik
edib. Eyni zamanda ordunun əşya və ərzaq komitəsinin sədr müavini olub. Müharibə
zamanı Kosıginin gərgin əməyi nəticəsində Ladoqa gölünün üzərindən mühasirədə olan
Leninqrada yanacaq çatdırılması üçün kəmər çəkilib və mühasirədə qalan
leninqradları soyuqdan qoruyan bu kəmər
"həyat yolu” adlandırılıb.
İosif
Stalin Aleksey Kosıginin fəaliyyətini yüksək qiymətləndirib. Dövlət Müdafiə
Komitəsinin iclaslarında sovet lideri onun haqqında yüksək fikirlər söyləyib.
Kreml məmurları Kosıginin ən yaxın gələcəkdə SSRİ Nazirlər Sovetinin sədri vəzifəsinə
təyin olunacağına şübhə etməyiblər.
Stalinin
vəfatından sonra Aleksey Kosıginin vəzifə karyerasında durğunluq dövrü
başlayıb. O, Baş nazir müavini vəzifəsindən uzaqlaşdırılaraq yüngül sənaye
naziri təyin edilib, 1960-cı ildə isə SSRİ Dövlət Plan Komitəsinə sədr vəzifəsinə
gətirilib.
Xruşovla
Kosıginin münasibətlərində fikir ayrılığı yaşanıb. Xruşovun ölkə iqtisadiyyatı
ilə bağlı atdığı yanlış addımlar Kosıgin tərəfindən həmişə ciddi tənqid olunub.
Təbii ki, bu da çılğın baş katibin qəzəbinə səbəb olub. Araşdırmaçıların qənaətinə
görə, Xruşov Kosıgini siyasi elitadan kənarlaşdırmaq üçün məqam gözləyib. Amma
hər şey əksinə baş verib. Xruşovun özünü hakimiyyətdən kənarlaşdırmaq üçün məqam daha tez yetişib.
Kosıgin bu məqamda onun əsl qiymətini Mərkəzi Komitənin plenumunda aşağıdakı
kimi verib:
"Siz
hakimiyyətdə təsadüfi bir şəxssiniz, ölkə iqtisadiyyatına vurduğunuz zərbələr rəqmlərə
sığışmır. Həmçinin siz bir kommunist kimi də yararsızsınız, çünki siz leninçi
deyilsiniz...”
Brejnev
hakimiyyətə gəldikdən sonra vəzifə bölgüsündə Kosıgin SSRİ Nazirlər Sovetinin sədri
vəzifəsinə təyinat alıb. Bu təyinat Brejnevin ürəyincə olmasa da, baş katibin
başqa çıxış yolu qalmayıb. Brejnev yaxşı anlayıb ki, Xruşovun dağıtdığı
iqtisadiyyatı yalnız Aleksey Kosıgin dirçəldə bilər.
Kosıgin
SSRİ-də böyük nüfuz sahibi olub. Xalq, sıravi vətəndaşlar ona böyük ehtiram və
sevgi bəsləyib. Sadəliyi, səmimiyyəti, eyni zamanda xarici görnüşü ilə
milyonların sevimlisinə çevrilən Kosıgin SSRİ və onun vətəndaşları üçün böyük
işlər görüb. Ölkədə fəhlə və qulluqçuların 5 günlük iş rejiminə keçirilməsi,
aztəminatlı ailələrdə uşaqlara müavinətlərin verilməsi, mağazalarda ərzaq
çeşidlərinin çoxalması, sovet vətəndaşlarının istirahəti üçün yeni
sanatoriyaların, istirahət evlərinin istifadəyə verilməsi, mənzil təminatının
yaxşılaşması, zavod və fabriklərin açılması və bu kimi bir çox məsələlərin həlli
məhz Kosıginin gərgin əməyinin nəticəsi olub.
Aleksey
Kosıgin sözçülüyü qəbul etməyən, müşavirələrdə saatlarla protokol naminə
çıxışlardan uzaq olan məmurlardan sayılıb. O, bütün çıxışlarında fikrini qısa və
konkret bildirib. Həmçinin baş nazir Brejnevin ov əyləncələrində, bağ ziyafətlərində
də nadir hallarda iştirak edib. Boş vaxtlarını ailəsinə həsr edən Kosıgin digər
məmurlar kimi dövlət büdcəsinin hesabına qurulan kef məclislərindən uzaq olub.
Kosıginin
günü-gündən artan nüfuzu Brejnevi ciddi narahat edib. Baş katib konkret məsələlərdə
də Kosıginə qarşı dolayısı yolla narazılığını ifadə etməkdən çəkinməyib. Məsələn,
sovet hərbi kontingentinin Əfqanıstana yeridilməsinə Kosıgin etiraz edib və
müvafiq sənədə imza atmayıb. Brejnev bundan möhkəm hiddətlənib və Kosıginin bu
addımını az qala, partiya əleyhinə aksiya kimi qiymətləndirib.
Bəziləri
baş naziri sərt adam kimi xarakterizə ediblər. Bu da səbəsiz deyil. Kosıgin
Siayasi Büronun üzvü olaraq dəfələrlə
büro üzvlərinə konkret mövzu üzərində müzakirələrin aparılmasını, haşiyə
çıxmamalarını irad tutub. Hətta bu məsələ ilə bağlı Kosıgin büro iclaslarının
birindən əsəbi halda yarımçıq çıxıb. Belə ki, Siyasi Büronun iclaslarının
birində mühüm dövlət məsələsi həll olunarkən xokkey azarkeşləri olan Brejnev,
Podqornı və Qreçko hansısa oyun haqda qızğın fikir mübadiləsi aparıblar. Bir
neçə dəqiqə bunlara qulaq asan Kosıgin əsəblərinə hakim kəsilməyərək əlini
stolun üstünə çırpıb və iclası tərk edib.
Kosıgin
yaxşı anlayıb ki, Brejnev Ukrayna klanı ilə bigə nə vaxtsa onu baş nazir
kürsüsündən uzaqlaşdıracaq. Amma vəzifə düşkünü olmayan Kosıgini vəzifəsini
itirmək qorxutmayıb.
1980-ci
ildə Aleksey Kosıginin səhhətində problemlər yarananda o, qısa müddətli müalicəyə
yollanıb. Bundan istifadə edən Brejnev baş naziri ziyarət edən zaman ona vəzifədən
getməyi, daha çox müalicəsinə, sağlamlığına vaxt ayırmağı "tövsiyə” edib.
Kosıgin baş katibin nə demək istədiyini yaxşı anlayıb. 1980-ci ilin oktyabr
ayında o, səhhəti ilə bağlı "könüllü” ərizə yazaraq bütün vəzifələrindən azad
olunub. İki aydan sonra isə 76 yaşlı sabiq baş nazir vəfat edib.
Sfera.az