İbadoğlunun kəlləmayallaq pensiya \"araşdırması\"
20:01 / 16.03.2018
4795
Özünü iqtisadçı alim kimi təqdim edən Qubad İbadoğlu yeni "araşdırması"nı təqdim edib və budəfəki "araşdırması"nı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi yönündə atılan mühüm addımlardan olan pensiyaların indeksləşdirilərək artırılması məsələsinə həsr edib.
Son çıxışlarının birində məşğul əhali ilə muzdla çalışan əhalinin fərqini hələ də dərk etmədiyi aydın olan İbadoğlu bu dəfə bəyanatını statistik göstəricilər əsasında qurmaq istəyib. Lakin yenə də mərəzindən qalmayaraq mövzuya yanaşmasında öz aşına bir az biclik duzu qatıb: iqtisadi alimlik zirvəsindən diqqətlə deyil, bilərəkdən bir az diqqətsizliklə nəzər salan İbadoğlunun qeyri-dəqiq yanaşmasına görə, cari ilin əvvəlindən pensiyaların 2017-ci ilin illik artım göstəricisinə uyğun olaraq artırılmasında gərək 5,7 faiz yox, 5,9 faiz götürüləydi.
Niyə? Ona görə ki, heç kim yox, məhz İbadoğlu nəzər salanda görüb ki, sən demə, ötən il əvvəlki illə müqayisədə orta aylıq əmək haqqı 5,7 faiz deyil, 5,9 faiz artıb. Bu zaman fərziyyəsini nəyin bahasına olursa olsun əsaslandırmaq üçün bilərəkdən, yaxud elə öz sabit diletant mövqeyindən yenə də yanlışlığa yol verib. Belə ki, 2018-ci ilin əvvəlinə ölkədə orta aylıq əmək haqqının 528,2 manat olduğunu qeyd edən "tanınmış iqtisadçı alimimiz" bu göstəricini Dövlət Statistika Komitəsinin rəsmi məlumatına, bu qurumun rəsmi saytındakı statistik məlumata baxmadan və Komitənin 2017-ci ilin əvvəlinə ölkədə orta aylıq əmək haqqı barədə rəsmi olaraq təqdim etdiyi məlumatdakı 499,8 manatla deyil, 2017-ci ilin əvvəlinə orta aylıq əmək haqqı məbləği ilə bağlı həmin dövrdə operativ olaraq ilkin, yəni tam dəqiqləşməmiş məlumat kimi göstərilmiş 498,6 manat məbləği ilə müqayisə edir. Bununla da, İbadoğlu bəy belə nəticəyə gəlib ki, sən demə, ötən il orta əmək haqlarında artım 5,9 faiz olub və pensiyaların indeksləşdirilməsi də 5,9 faizə uyğun aparılmalıydı.
Halbuki İbadoğlu bu fərziyyəsini ortalığa atarkən, Dövlət Statistika Komitəsi ilə məlumatı dəqiqləşdirə, ən azı Komitənin hər kəs üçün açıq olan və hər kəsin asan şəkildə daxil ola bildiyi rəsmi saytındakı göstəricilərə nəzər sala bilərdi. O zaman İbadoğluna aydın olardı ki, 2017-ci ilin əvvəlinə ölkədə orta aylıq əmək haqqı 499,8 manat, 2018-ci ilin əvvəlinə isə 528,2 manat təşkil edib və artım 5,68 faiz, yuvarlaq olaraq, 5,7 faiz təşkil edib və pensiyalar da dəqiq şəkildə bu göstərici əsasında indeksləşdirilərək artırılıb.
Sfera.az