Hüquq müdafiəçiləri Mehman Hüseynovla görüşüb - FOTO

Hüquq müdafiəçiləri Mehman Hüseynovla görüşüb - FOTO

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri, hüquq müdafiəçiləri Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı və Sahib Məmmədov Bakı İstintaq Təcridxanasında həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüblər.

S.Bənənyarlı "Report”a açıqlamasında bildirib ki, başçəkmə çərçivəsində M. Hüseynovla bir saatdan çox söhbət ediblər.

O deyib ki, söhbət zamanı bloqqerin saxlanma şəraiti və hansısa şikayətlərin olub-olmaması araşdırılıb: "Onun hazırkı durumu kifayət qədər normaldır. Mehman Hüseynov sulu qida qəbul etməyə başlayıb. Saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Yeganə şikayəti ona ikinci cinayət işinin açılması ilə bağlıdır. Bunu da özünün hüquqlarının pozulması kimi qiymətləndirir və etiraz edir. Bu etirazı və bütün dediklərini yazıb lazımi addımlar atacağıq”.

S.Bənənyarlı əlavə edib ki, M.Hüseynovun səhhəti normaldır və bütün günü həkim nəzarətindədir: "Atası bu gün də, hətta bundan əvvəl də oğlu ilə görüşüb, eləcə də hər görüşdə yemək də aparıb. Onun səhhətinin pis olması ilə bağlı heç bir şey görmədik. Məndə olan məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvləri də Mehmanla görüşüb”.

Hüquq müdafiəçisi qeyd edib ki, görüşlə bağlı həm Prezident İlham Əliyevə, həm də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin adından Baş Prokurorluğa müraciət ünvanlanacaq. 




OXŞAR XƏBƏRLƏR