Hotellərə yeni ulduzlar təqdim olunacaq

Hotellərə yeni ulduzlar təqdim olunacaq
Gələn il sentyabr-dekabr ayları ərzində hotellər üçün yeni ulduz təsnifatlaşdırma sistemi tətbiq olunacaq. Dekabr ayında isə hotellərə ulduzlar təqdim olunacaq.

Bunu yeni yaradılan Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam bu qurumun Birinci Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hotellərin milli təsnifat sistemində şəffaflıq və davamlılığının təmin edilməsi üçün kənar təftiş komissiyaları cəlb ediləcək: "Hər kəs soruşur ki, təsnifatlaşdırma hansı formada şəffaf keçiriləcək. Bunun üzərində işləyirik. Növbəti Assambleyada bunu açıqlayacağıq. Sistemin neytrallığını və obyektivliyini təmin etmək üçün bütün yoxlamalar Azərbaycan Hotel Assosiasiyasında təlim keçmiş və təsdiqlənmiş iki təcrübəli hotelçi tərəfindən aparılacaq".

Artıq 36 hotelin AHA-ya üzv olduğunu xatırladan G.Sağlam əlavə edib ki, 2019-cu il üçün Assosiasiyaya üzvlük haqları alınmayacaq. 2020-ci ildən başlayaraq isə müxtəlif kateqoriyalara uyğun olaraq üzvlük haqları müəyyən olunacaq.

G.Sağlam qeyd edib ki, gələn il may ayında hotel təsnifatı sistemi üzrə komissiya təşkil olunacaq. İyun-avqust aylarında hotellər üçün ulduz təsnifatı ilə bağlı təlimlər təşkil olunacaq: "Yəni biz dərhal yeni hotel təsnifat sistemini tətbiq etməyəcəyik. İlk olaraq, hotellər üçün təlimlər keçiriləcək. Bu gün Azərbaycanda 500-600 hotelimiz var. Onların hamısına bu barədə məlumat verəcəyik. Buna görə də biz Bakı və regionlardakı bütün hotelçiləri toplayacağıq"./trend
 

OXŞAR XƏBƏRLƏR